1 may – Əmək və Həmrəylik Günü qeyd olunur

1 May 2018 16:07

Xəbər 61 dəfə oxunub

Türkiyədə 1 may – Əmək və Həmrəylik Günü qeyd olunur.Azərtac xəbər verir ki, ölkədə əmək şüarları ilə mitinq və yürüşlər təşkil olunub. Hökumət təxribatçı qüvvələrin pozuculuq cəhdlərinin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görüb. İcazəli mitinq və yürüşlər üçün yerlər müəyyən olunub. Xəbərdarlıq edilib ki, əvvəlcədən razılaşdırılmayan mitinq və yürüşlərə icazə verilməyəcək.Qeyd edək ki, uzun illərdir Türkiyədə mayın 1-də bəzi sosialist təmayüllü siyasi partiyaların təşkil etdikləri yürüş-mitinqlər ciddi təxribatlarla yadda qalır. Yanğınlar törədilir, nəqliyyat vasitələrinə, dövlət və əhaliyə qarşı zor tətbiq olunur. Son illər hökumət bu problemlərdən qurtarmaq üçün rəsmi olaraq mayın 1-nin Əmək və Həmrəylik Günü kimi qeyd olunmasına icazə verib.xeber100.com

Reklam

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib

Rusiya Prezidenti Vladimir Putin hökumətin Baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan yeni tərkibini təsdiqləyib.Azərtac xəbər verir ki, yeni kabinetdə bir sıra dəyişikliklər baş verib. Məsələn, birinci vitse-premyer - maliyyə naziri vəzifəsi yaradılıb, Təhsil və Elm Nazirliyi Maarif Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi kimi iki quruma bölünüb, Rabitə Nazirliyinin adı dəyişilərək Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi adlandırılıb.Birinci vitse-premyer vəzifəsi Anton Silunova həvalə edilib. Onun kurasiyasına maliyyə-iqtisadiyyat sahəsi daxildir. Baş nazirin digər müavinləri Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuliya Trutnyova və Konstantin Çuyçenko təyin ediliblər.Xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvortsova, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin, energetika naziri Aleksandr Novak vəzifələrində qalıblar.Bir neçə nazirliyə yeni rəhbərlər təyin edilib. Yevgeni Ziniçev fövqəladə hallar naziri, Dmitri Patruşev kənd təsərrüfatı naziri, Vladimir Yakuşev tikinti və mənzil-kommunal təsərrüfatı naziri, Dmitri Kobılkin təbii ehtiyatlar və ekologiya naziri, Yevgeni Ditrix nəqliyyat naziri, Aleksandr Kozlov Uzaq Şərqin inkişafı naziri təyin olunub. Maarif Nazirliyinə Olqa Vasilyeva, Elm və Ali Təhsil Nazirliyinə Mixail Kotyukov, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinə Konstantin Noskov rəhbərlik edəcək.xeber100.com

May 18, 2018 15:32

Avropa İttifaqının sammiti nüvə sazişini dəstəkləyib

İranla nüvə sazişini nəinki qoruyub saxlamaq, həm də raket probleminin həlli yolları və İranın regiondakı rolu ilə bağlı məsələləri daxil etməklə onu genişləndirmək lazımdır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə mayın 17-də Sofiya şəhərində keçirilən Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitinə gələn Fransa Prezidenti Emmanuel Makron bildirib. O, həmçinin mayın 16-da sammitin işgüzar şam yeməyi zamanı Aİ liderlərinin Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəldiklərini deyib.Emmanuel Makronun sözlərinə görə, Avropa Komissiyası kompaniyaların müdafiəsi üçün texniki təkliflər paketini formalaşdırıb. Bununla yanaşı, Fransa lideri beynəlxalq korporasiyaların öz maraqları çərçivəsində İranla işləmək barədə müstəqil qərar verməli olduqlarını da qeyd edib.Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.xeber100.com

May 17, 2018 13:41

Davranış normalarına dair yeni qanun qəbul edilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məsciddə davranış normalarına dair yeni qanun qəbul edilib.Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı ölkədəki məscidlərin hamısına tətbiq olunacaq yeni federal qanun imzalayıb. Sənədə əsasən bundan sonra müvafiq lisenziya olmadan məsciddə yemək paylamaq və ya yemək, mühazirə və ya moizə təşkil etmək, ianə və ya digər yardım toplamaq, habelə dini, yaxud sosial tədbirlərin təşkilinə müvəqqəti, yaxud daimi heyətdən adamlar təyin etmək olmaz.Yeni qaydalara əsasən iş axtaranlar yalnız BƏƏ vətəndaşları olmalı, keçmişdə məhkəmə məsuliyyətinə, polisə cəlb edilmiş olmamalıdır. Məsciddə işləmək istəyən şəxsin adı şərəf və ləyaqəti tapdalandığı işlərdə hallanmamalı, yaxud işə götürülərkən bütün ittihamlar üzərindən götürülmüş olmalıdır.Qanun, həmçinin tələb edir ki, məsciddə işləyənlər siyasətə cəlb edilmiş hər hansı cinayətkar qrupun üzvü olmamalı, yaxud istənilən növ təşkilati işi aparmamalıdır. Onlara məsciddən kənarda moizə oxumaq, dini təlim keçmək, kütlə qarşısında Quranı əzbər oxumaq qadağan edilir. Məscid işçiləri səlahiyyətli orqanın razılığı olmadan KİV-də çıxış edə bilməz, habelə üçüncü şəxsdən istənilən növ ianə və maliyyə yardımı qəbul edə bilməzlər. Bununla yanaşı, məsciddə sədəqə diləmək, yaxud məscidin təhlükəsizliyini təhdid edən, onun müqəddəsliyinə toxunan hər hansı hərəkət etmək olmaz.xeber100.com

May 17, 2018 13:33

NHK telekanalının nəticələrinə görə…

Yaponiyanın NHK telekanalının apardığı sorğunun nəticələrinə görə, Baş nazir Şinzo Abe kabinetinin reytinqi 38 faiz səviyyəsində qalıb. Eyni zamanda, kabinetin fəaliyyətini bəyənmələrin sayı bir bənd azalaraq 44 faiz təşkil edib.Azərtac xəbər verir ki, sorğu ötən həftənin şənbə və bazar günlərində 18 yaşdan yuxarı təsadüfən seçilmiş 2187 nəfər arasında aparılıb. Onlardan 1330-u sualları cavablandımağa razılıq verib. Hökumətin fəaliyyətini dəstəkləyənlərin 49 faizinin rəyinə görə, bu kabinet digərlərindən yaxşıdır. Hökumətin işini bəyənməyən respondentlərin 47 faizi Ş.Abeyə inanmadıqlarını bildiriblər.Xatırladaq ki, hökumətin favoritzmdə günahlandırılması ilə əlaqədar Baş nazirin sabiq katibi bu yaxınlarda parlamentin komitələrindən birində ifadə verib. Söhbət Yaponiyanın qərbində yerləşən Ehime prefekturasındakı baytarlıq məktəbindən gedir. Sabiq katib məsələ ilə bağlı məktəbin təmsilçiləri ilə görüşdüyünü etiraf edib, lakin bu məsələnin Baş nazir ilə əlaqəli olmadığını deyib. Eyni zamanda, məsələ ilə əlaqədar Şinzo Abeni məlumatlandırmadığını da bildirib.Rəyi soruşulanların 11 faizi sabiq katibin ifadəsini inandırıcı, 79 faizi isə kifayət qədər inandırıcı olmadığını deyib. Hazırda müxalifət partiyaları layihədə iştirak etmiş digər şəxslərin də parlamentdə ifadə verməsini tələb edirlər. Respondentlərin 47 faizi bunun zəruri olduğunu, 18 faizi isə buna ehtiyac duymadıqlarını söyləyiblər.xeber100.com

May 15, 2018 16:13