2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları” başlayıb

11 Oktyabr 2017 13:21

Xəbər 86 dəfə oxunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”na başlayıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, “Məktəb seminarları”nın ilk sessiyaları Nəsimi rayonunun ümumi təhsil məktəblərində keçirilib.Məktəb direktorları üçün təşkil edilən sessiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması və qarşıda duran vəzifələr barədə danışıb. O, “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və sessiyalarda müzakirə olunan məsələlərin nəticələrindən bəhs edib.Qruplar üzrə təşkil olunan sessiyalarda məktəbdaxili metodik işə nəzarət, məktəbdənkənar fəaliyyətin təhsilin məzmunundan irəli gələn ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi məsələləri müzakirə olunub.Sessiyalar hər gün bir rayon üzrə keçiriləcək və oktyabrın 20-də başa çatacaq.xeber100.com

Reklam

“Tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən müəyyən dəyişikliklər edilib.DİM-dən Azərtac-a bildirilib ki, dəyişikliyə əsasən, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyentlər hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər. Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Abituriyentə yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etməyə icazə veriləcək. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qaydaya görə abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyentin V ixtisas qrupu üzrə imtahanda iştirak etmək qaydası da qüvvədə qalır.Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.Bundan əlavə, “Qaydalar”ın 1 nömrəli əlavəsində birinci ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub. Birinci ixtisas qrupu üzrə siyahıya informasiya texnologiyaları, sistem mühəndisliyi, sənaye mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma və şərabçılıq, ikinci ixtisas qrupuna davamlı inkişafın idarə edilməsi və idman menecmenti və kommunikasiya, dördüncü ixtisas qrupuna bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, bədən tərbiyəsi və idmanda reabilitasiya, beşinci ixtisas qrupuna məşqçi (idman növü üzrə) və rəqs müəllimliyi ixtisasları əlavə edilib.xeber100.com  

Fevral 15, 2018 13:49

Dövlət İmtahan Mərkəzinin açıqlamasında…

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi ilə bağlı açıqlama verib.DİM-dən Azərtac-a bildirilib ki, dövlət orqanlarında olan vakant vəzifələr mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edilir. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi isə ayda bir dəfə elektron və ya kağız daşıyıcılar vastəsilə həyata keçirilir.İndiyədək DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə beş elan verilib. İki müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq başa çatıb. Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.Xatırladaq ki, hazırda yanvarın 26-da və fevralın 7-8-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq fevralın 23-nə kimi və martın 8-9-dək davam edəcək.Yanvarın 26-da elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, fevralın 8-də elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub. Sertifikat əldə etmiş, həmçinin fevralın 18-də keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur qazananlar müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.Fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla ümumilikdə 1537 nəfər qeydiyyatdan keçib.xeber100.com

Fevral 13, 2018 14:55

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başa çatıb.DİM-dən Azərtac-a bildirilib ki, müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1925 müraciət qeydə alınıb.Bəzi vəzifələr üzrə müsabiqə vəziyyəti çox yüksəkdir. Bu da həmin vəzifələrin tutulmasında rəqabətin yüksək olacağını göstərir. Mingəçevir regional “Asan xidmət” mərkəzində aparıcı məsləhətçi, Quba “Asan xidmət” mərkəzində aparıcı məsləhətçi, Mingəçevir regional “Asan xidmət” mərkəzində böyük məsləhətçi, Quba “Asan xidmət” mərkəzində böyük məsləhətçi, İqtisadiyyat Nazirliyində məsləhətçi, Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi vəzifələrinin hər biri üçün 30-dan yuxarı müraciət qeydə alınıb.Lakin 77 dövlət orqanından 31-də vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib. Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində də vəzifələr üzrə müsabiqə vəziyyəti aşağıdır.Namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri DİM-in internet portalında elan ediləcək. Müraciət olunmayan vakant vəzifələrin, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək. Artıq sertifikat əldə edən, həmçinin fevralın 18-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur qazananlar bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər.xeber100.com

Fevral 12, 2018 15:14

İqtisad Universitetinin məlumatı əsasında…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış məktəbi başa çatıb.UNEC-dən Azərtac-a bildiriblər ki, akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində universitetin ictimai nəzarət şurasının üzvi, professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” və “Ekonofizika” mövzusunda məruzələrlə çıxış edib.Məruzələrdə biliyin qiymətləndirilməsinin mahiyyətini açıqlanıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyi vurğulanıb. Qış məktəbinin təşkilini yüksək qiymətləndirən professor deyib ki, bu bir çox cəhətdən faydalı olub. Dünyanın çox nüfuzlu alimləri burada maraqlı mövzularla çıxış ediblər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edir.Müzakirədə fəal iştirak edən müəllimlərə Ş.Əsgərovun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə olunub.Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Lehi Universitetinin professoru Cill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox faydalı olduğunu diqqətə çatdırıb.Fransanın Lion Universitetinin müəllimi Cennifer Veylon da öz təəssüratlarını bölüşüb. “Azərbaycanda, UNEC-də keçirdiyim bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”, - deyən C.Veylon qış məktəbində böyük təcrübə keçdiyini bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbirsizliklə gözlədiyini, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını söyləyib.Qış məktəbində UNEC ictimai nəzarət şurasının üzvləri də iştirak ediblər.xeber100.com

Fevral 12, 2018 15:10

Bakı Ali Neft Məktəbinin məlumatı

Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistratura proqramı tədris olunacaq.BANM-dən Azərtac-a bildirilib ki, hazırda magistratura pilləsində neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üçün də qəbul elan edib.Qeyd edək ki, bu ali məktəb MBA proqramı üzrə qəbula cəmi 30 yer ayırıb. Proqram işləyən mütəxəssislər üçün də çox əlverişlidir. Belə ki, dərslər axşam saatlarında keçiriləcək. İkiillik MBA proqramı BANM-in digər ixtisaslarında olduğu kimi ingilis dilində tədris ediləcək. Tədris BANM-in yüksəkixtisaslı yerli və əcnəbi müəllimləri tərəfindən aparılacaq. MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.Mühəndislik sahəsində ixtisasları və kadr hazırlığı beynəlxalq səviyyədə qəbul olunan, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədrisdə ən son texnoloji nailiyyətləri həyata keçirən BANM-də MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.xeber100.com

Fevral 8, 2018 13:30

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” əmr imzalanıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, müvafiq əmr ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların təşkili nəzərdə tutulur.Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar hazırlanacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Xocalı soyqırımından bəhs edən, elmi kitabların və nəşrlərin sərgisi, divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq.Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırımı şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.Ümumtəhsil müəssisələrində tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəsildə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.xeber100.com

Fevral 7, 2018 12:52

Magistraturaya hazırlaşan bakalavrların nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən artıq bir neçə ildir ki, “İnformatika” və “Məntiq testləri” kitabları nəşr olunub və müxtəlif təyinatlı imtahanlara hazırlaşanlar tərəfindən geniş istifadə edilir. Bu vəsaitlər tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün nəzərdə tutulub.DİM-dən Azərtac-a bildirilib ki, “Məntiq testləri” vəsaiti magistraturaya və vakant iş yerlərinə qəbul üçün imtahana hazırlaşanlara, habelə yuxarı sinif şagirdləri, abituriyentlər və müvafiq sahənin mütəxəssislərinə kömək məqsədi daşıyır. “Məntiq testləri” iki hissədən və əlavədən ibarətdir. Birinci hissədə məntiqi təfəkkürü yoxlayan test tapşırıqları, ikinci hissədə onların izahlı cavabları, əlavədə isə imtahana hazırlığa dair mütəxəssis məsləhətləri verilir.İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan yaradır.Kitabda 13 fəsil və hər fəslin sonunda 20 test tapşırığı verilib. Bu test tapşırığı nümunələri magistraturaya qəbula hazırlaşanlara fəsillər üzrə mənimsəmə səviyyələrini yoxlamağa imkan yaradır. Vəsaitin sonunda gələn “Sınaq testləri” bölməsində hər birində 25 tapşırıq olan 10 variantda test blokları və onların düzgün cavabları isə bakalavrların yekunda öz bilik səviyyələrini yoxlamaları üçün nəzərdə tutulub.xeber100.com

Fevral 2, 2018 13:30

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə başlanılıb.DİM-dən Azərtac-a bildiriblər ki, bu qurum tərəfindən 2017-ci il dekabrın 15-də səkkiz dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsinin (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı beş il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçib. Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlayıb. Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumatla DİM-in rəsmi saytında tanış olmaq mümkündür.xeber100.com

Fevral 1, 2018 14:35

“Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub

Fevralın 1-də Milli Məclisin plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.Azərtac xəbər verir ki, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib.İsa Həbibbəyli bildirib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qeyd olunub ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Peşə təhsilinin məqsədinə Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli adət və ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam və iradə aşılamaq, sərbəst qərar qəbul etmək və müstəqil öyrənmək meyilinin təşəkkülü, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və sairə daxildir.Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirə olunan qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.xeber100.com

Fevral 1, 2018 14:32