Abituriyentlər üçün sınaq imtahanları keçirilib

15 Aprel 2018 15:41

Xəbər 91 dəfə oxunub

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanları respublikanın 18 şəhər və rayonunda keçirilib.DİM-dən Apa-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23124 abituriyent qeydiyyatdan keçib.İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.Aprelin 16-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.Xatırladaq ki, aprelin 16-da gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını, etalon cavabları DİM-in saytından əldə edə biləcəklər.Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.xeber100.com

Reklam

BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək

Avqustun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.DİM-dən Azərtac-a bildirilib ki, kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq imtahana sənədlərin qəbulu iyulun 23-dən avqustun 8-i saat 18:00-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər. Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmini üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda da bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.Müraciət formasına daxil olunmuş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.xeber100.com

İyul 23, 2018 11:17

İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq.UNEC-dən Azərtac-a bildiriblər ki, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. Birinci ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. İkinci qrupda isə ixtisasların sayı artırılıb. İkinci ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestr ərzində Bakıda davam etdirə biləcək. Eyni zamanda, imtahanlarda ən yüksək nəticə göstərən üç tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək.xeber100.com

İyul 17, 2018 12:50

İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da keçirilmiş imtahanların nəticələrini elan edib. İmtahanların nəticələri artıq mərkəzin internet saytında yerləşdirilib. Abituriyentlər DİM-in internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan nəticələrini mobil telefonla 7727-yə iş nömrəsini göndərməklə də öyrənmək mümkündür.DİM-dən Azərtac-a bildirilib ki, imtahan nəticələrinə əsasən, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 18116 abituriyentdən 3001-i imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12-si imtahan qaydalarını pozduğu üçün xaric olunub və nəticələri ləğv edilib.Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş 4437 abituriyentdən 721-i imtahana gəlməyib. İmtahana qatılan abituriyentlərdən biri qaydaları pozduğuna görə xaric olunub və nəticələri ləğv edilib.Eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarına qatılmayan IX sinif və XI sinif şagirdlərinin də nəticələri saytda yerləşdirilib.Qeyd edək ki, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına iyulun 12-dən 13-nə kimi saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini gətirməklə şəxsən müraciət edə bilərlər.xeber100.com

İyul 12, 2018 11:23

Növbəti imtahanlarda 26014 nəfərin iştirak edəcəyi gözlənilir

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da növbəti imtahanlar keçirəcək.DİM-dən Azərtac-a bildiriblər ki, doqquz şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq imtahanlarda ümumilikdə 26014 nəfərin iştirak edəcəyi gözlənilir.Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları; ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiqləyən sənədin əslini:a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq aşkarlanan şəxslər imtahan binasına buraxılmayacaqlar.xeber100.com

İyul 9, 2018 11:07

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.DİM mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İyulun 9-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 9-11 iyul 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.xeber100.com

İyul 8, 2018 14:58

Təhsil Nazirliyinin məlumatı əsasında…

İyulun 2-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanacaq.Bu proses iyulun 8-dək davam edəcək.Nazirlikdən Azərtac-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyulun ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladıqları bal iki təqvim ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.xeber100.com

İyun 29, 2018 10:27

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, Bakıda keçiriləcək imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və üç saat davam edəcək.İmtahanda iştirak üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Onlara buraxılış vərəqəsi ilə yanaşı, “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Kitabçada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq qeydə alındıqda namizəd imtahana buraxılmayacaq. Həmçinin imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib ediləcək və onlar binadan uzaqlaşdırılacaqlar.xeber100.com

İyun 29, 2018 10:25

Dövlət İmtahan Mərkəzi 70081 şagird üçün buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39 min 554, XI sinif üzrə 30 min 527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.DİM-dən Azərtac-a bildirilib ki, iyunun 27-də ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Doqquzuncu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10-da başlayıb və bir saat 30 dəqiqə davam edəcək. XI sinif şagirdləri üçün isə imtahan saat 15-də başlanacaq və iki saat 45 dəqiqə müddətində aparılacaq.İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq, imtahan prosesini yaxından izləyəcək.Xatırladaq ki, iyunun 28-də isə M.Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.xeber100.com

İyun 27, 2018 12:54