ABŞ Konqresi iki qanun layihəsini təsdiq edib

4 Yanvar 2019 12:20

Xəbər 164 dəfə oxunub

Yanvarın 3-də yeni heyətlə işə başlayan və hazırda Demokratlar Partiyasının nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyinin, sentyabrın 30-dək isə digər qurumların maliyyələşməsi üzrə iki qanun layihəsini təsdiq edib.TASS informasiya agentliyi xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Amerika-Meksika sərhədində səddin maliyyələşməsini nəzərdə tutmur.Bir qədər öncə ABŞ Prezidenti Donald Tramp səddin tikintisinin nəzərdə tutulmadığı istənilən sənədə veto qoyacağını bildirmişdi. Bundan əlavə, yeni çağırışda da respublikaçıların nəzarətində qalan ABŞ Konqresi Senatının rəhbərliyi belə qanun layihəsini hətta səsverməyə çıxarmayacağını elan etmişdi. Buna görə də hər iki qanun layihəsinin yanvarın 4-də Senatdan keçməyəcəyi gözlənilir.Xatırladaq ki, maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisi üçün 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Demokratlar isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.xeber100.com

Parlamentlərarası Pravoslav Məclisinin 26-cı iclası keçiriləcək

İyunun 19-22-də Tbilisidə Parlamentlərarası Pravoslav Məclisinin (PPM) növbəti 26-cı iclası keçiriləcək.Azərtac xəbər verir ki, tədbirdə dünyanın 4 qitəsinin 23 ölkəsindən nümayəndələrin gələcəyi gözlənilir.Tədbirin təşkilatçılarından biri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının deputatı Zaxariya Kutsnaşvili jurnalistlərə bildirib ki, təşkilatın əsas məqsədi pravoslav dininin təbliği və kilsə sərhədlərini müdafiə etməkdir.O deyib: “Bu gün İslam dünyada daha güclüdür. Bəzi qitələrdə pravoslav xristianları çətinliklər yaşayır və azalırlar”. Onun sözlərinə görə, Gürcüstan bu toplantıya 6 ildir hazırlaşır. Bu toplantı miqyasına görə, ATƏT-in və NATO-nun tədbirlərindən sonra üçüncü olacaq.Deputat deyib ki, Gürcüstan dini turizm üçün də əlverişli bölgədir və tədbir bu baxımdan da bizim üçün əlverişli olacaq.Məlumat üçün qeyd edək ki, Parlamentlərarası Pravoslav Məclisi 1993-cü ildə Yunanıstan parlamentinin təşəbbüsü ilə təsis olunub. Yunanıstan və Rusiya Assambleyada liderlik edirlər.Parlamentlərarası Pravoslav Məclisinin mənzil qərargahı Afinada yerləşir.PPM-in işində Rusiya, Gürcüstan, Ermənistan, Polşa, Yunanıstan, Ukrayna, İordaniya da daxil olmaqla 25 ölkə iştirak edir.PPM-in Baş Assambleyası ildə bir dəfə keçirilir. Sonuncu Baş Assambleya 2018-ci ilin iyununda Afinada keçirilib.xeber100.com

İyun 18, 2019 17:56

5G şəbəkəsi üçün 4300 baza stansiyası quraşdırılıb

Çin paytaxtında 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) xidmətlərinin göstərilməsi üçün indiyədək 4300 baza stansiyası quraşdırılıb.Azərtac Pekin meriyasının kommunikasiya bürosuna istinadla xəbər verir ki, artıq may ayının sonunda Çin paytaxtının bəzi hissələrində, o cümlədən “Pekin Ekspo 2019” beynəlxalq botanika sərgisinin ərazisində, “Dasin” aeroportunda, 2022-ci il Qış Olimpiya Oyunlarının keçiriləcəyi idman məkanlarında, habelə paytaxtın mərkəzindəki Tiananmen meydanında ilkin 5G xidmətlərinin göstərilməsi üçün baza stansiyaları qurulub. Bildirilir ki, 2021-ci ilədək işgüzar rayon, iqtisadi-texniki inkişaf zonası da daxil olmaqla, Pekinin əsas hissələri 5G şəbəkəsi ilə əhatə olunacaq.Qeyd edək ki, iyunun 6-da Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 5G üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün “China Mobile”, “China Telecom” və “China Unicom” mobil rabitə operatorlarına, habelə “China Broadcasting Network”a müvafiq lisenziyalar təqdim edib.Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində “China mobile” 50 minə yaxın, “China Telecom” isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.xeber100.com

İyun 11, 2019 15:57