Atəşkəs sazişinin imzalanmasından 24 il ötür…

12 May 2018 21:41

Xəbər 82 dəfə oxunub

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.Apa-nın məlumatına görə, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər.Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.Atəşkəsdən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzuli rayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə hər iki tərəf xeyli itki verib.xeber100.com

Reklam

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Sentyabr 17, 2018 11:36

Bakının azad edilməsinin 100 illiyi qeyd olundu

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Tariximizə həkk olunmuş əlamətdar günün yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub.1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Lakin yenə də əsas məsələ paytaxtın azad edilməsi idi. Yeni formalaşan milli hökumətin ixtiyarında tam silahlanmış ordu heyəti olmadığından kömək üçün qardaş ölkəyə müraciət olundu. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi yerli xalqı daha da ruhlandırdı. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsi önündə anma mərasimi keçirilir.Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.xeber100.com

Sentyabr 15, 2018 20:25