Avropa Şurası Parlament Assambleyası işə başlayıb

8 Aprel 2019 14:09

Xəbər 73 dəfə oxunub

Aprelin 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayıb.Azərtrac xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.Sessiyada Assambleyanın Bürosunun və Daimi Komitəsinin hesabatları, eləcə də Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri dinləniləcək. İdmanda nifrətə qızışdırıcı söz və aktların qarşısının alınması və bu istiqamətdə siyasi liderlərin rolu, Avropa Şurasında büdcə böhranı, BMT ilə əməkdaşlığın möhkəmləndirilməsi və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair müzakirələr aparılacaq.Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində Finlandiyanın xarici işlər naziri Timo Soininin çıxışı, Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin illik hesabatı dinləniləcək. Mərakeş parlamenti ilə əməkdaşlıq, cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına dair beynəlxalq mübarizədə yeni çağırışlar, sosial media, ictimai mövzular və insan hüquqları üçün təhdidlər kimi mövzularla bağlı fikir mübadiləsi aparılacaq.xeber100.com

 

Xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilib

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirilib.Azərtac xəbər verir ki, iclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolu bizim üçün yol xəritəsidir.Səməd Seyidov diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirib ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Sofio Katsarava bildirib ki, bizim ölkələr Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulmuş sahələrin sayının artırılması vacibdir.Xanım deputat diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirib ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır. Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır.Sonra çıxış edən hər üç ölkənin deputatları Sevinc Fətəliyeva, Zviad Dzidziquri, Ahmet Yılmaz, Sahibə Qafarova, Cavanşir Feyziyev, Yunus Emre, Tahir Mirkişili və başqaları belə birgə iclasların əhəmiyyətindən danışıblar.xeber100.com

İyul 15, 2019 19:07

ATƏT Parlament Assambleyasının illik sessiyası işini başa çatdırıb

Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentari iştirak edirdi.Azərtac-ın xəbər verdiyi kimi, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilmişdi.Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının – Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü “paket şəklində”, ikili standartlar tətbiq edilmədən dəstəkləndi.Parlament Assambleyasının işinin yekunlarına əsasən Lüksemburq Bəyannaməsi qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapıb.xeber100.com

İyul 8, 2019 18:33