“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

16 Aprel 2018 15:18

Xəbər 183 dəfə oxunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) rəhbər heyəti Xəzər Dəniz Neft Donanmasının dənizçiləri ilə görüşüb.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, onların qayğıları ilə maraqlanmaq, suallarına cavab vermək məqsədilə baş tutan görüş gəmiçiliyin rəhbəri Rauf Vəliyevin təşəbbüsü ilə reallaşıb.“AXDG” QSC-nin sədri dənizçilərin çoxsaylı suallarını cavablandırıb. Bildirib ki, gəmiçiliyin rəhbərliyi, əməkdaşların sosial rifahının yaxşılaşması və onların təcrübəli dənizçilər kimi inkişaf etməsində hər zaman maraqlıdır. Onun sözlərinə görə, bu məqsədlərə tam nail olmaq üçün hazırda bir sıra layihələr icra olunur və proses növbəti dövrlərdə də davam etdiriləcək.R.Vəliyev “AXDG” QSC-nin strateji hədəflərindən danışıb. “Təbii ki, siz dənizçilərin əzmkarlığı sayəsində bir çox uğura imza atmışıq. Amma qarşıda xeyli görüləcək işlərimiz var. Hazırkı əsas hədəflərimizdən biri peşəkar kadr hazırlığıdır. Bunun üçün təcrübəli dənizçilər gəmilərə gələn gənclərdən köməkliklərini əsirgəməməlidir. Nəzərə almaq lazımdır ki, yenilənən və müasirləşən donanmalarımızda savadlı və gənc dənizçilərin olması daha böyük uğurlara yol aça bilər,”- deyə sədr qeyd edib.Bundan başqa, R.Vəliyev bu il gəmiçiliyin 160 illik yubileyinin qeyd olunacağını da bildirib. Əlavə edib ki, yubiley ilində dənizçilərin sevincinə səbəb olacaq bir sıra maraqlı layihələr həyata keçiriləcək.Müzakirələr zamanı “AXDG” QSC-nin üzən heyətinin aprelin 11-də ölkəmizdə baş tutan prezident seçkilərində yüz faizlik iştirakı da qürurla xatırlanıb. Bildirilib ki, İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini dənizçilər də bayram əhval-ruhiyyəsi ilə qarşılayıb. Onun ölkəmizə rəhbərliyi dövründə dənizçilərə göstərilən diqqət və qayğının daha da artdığı, gəmiçilik donanmasının xeyli yeniləndiyi vurğulanıb. Bunun nəticəsidir ki, indi gəmilərimiz təkcə Xəzər dənizində deyil, xarici sularda da Azərbaycan bayrağını dalğalandırır.Görüşdə dənizçilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.Qeyd olunub ki, bu formatda görüşlər mütəmadi keçiriləcək.xeber100.com

Reklam

OPEC ölkələri Birgə Monitorinq Komitəsinin 13-cü iclasında

Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu tədbir, Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər.Qeyd edək ki, Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək. Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılacaq.xeber100.com

Mart 16, 2019 18:24

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

Yanvar-fevral aylarında “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 6 rayon üzrə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.İB-dən Azərtac-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəzlənir, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 81,7 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 kilometr qaz kəməri əsaslı təmir olunub.Cari ildə Ağcabədi rayonu üzrə bir, Beyləqan rayonu üzrə bir, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.xeber100.com

Mart 12, 2019 14:59

Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 12-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilib. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirilib. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30 faizlik səhm paketi üzrə hərracda iştirak edib. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi, yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac martın 19-da keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.xeber100.com

Mart 12, 2019 14:57