Bakının azad edilməsinin 100 illiyi qeyd olundu

15 Sentyabr 2018 20:25

Xəbər 118 dəfə oxunub

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur. Tariximizə həkk olunmuş əlamətdar günün yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub.1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt məsələsi gündəmə gəldi. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Lakin yenə də əsas məsələ paytaxtın azad edilməsi idi. Yeni formalaşan milli hökumətin ixtiyarında tam silahlanmış ordu heyəti olmadığından kömək üçün qardaş ölkəyə müraciət olundu. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi yerli xalqı daha da ruhlandırdı. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.xeber100.com

Reklam

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.Azərtac xəbər verir ki, 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.xeber100.com

Oktyabr 18, 2018 13:11

Milli Məclisin plenar iclası keçirilir

Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, oktyabrın 12-si və 16-da keçiriləcək iclasların gündəliyinə 54 məsələ daxil edilib. İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşda nəzərdən keçiriləcək. Eyni zamanda, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” (birinci oxunuş), "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət rüsumu haqqında" (birinci oxunuş), "Baytarlıq haqqında" (birinci oxunuş), "Fitosanitar nəzarəti haqqında" (birinci oxunuş), "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" (ikinci oxunuş) qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də (birinci oxunuş) dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.Bundan əlavə iclasda Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Vergi, Gömrük, Mülki məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihələri və digər məsələlər müzakirə olunacaq.xeber100.com

Oktyabr 12, 2018 12:45

Nazirlər Kabineti Aparatının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərlə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub.Nazirlər Kabinetinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan Baş nazir Novruz Məmmədov vurğulayıb ki, iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir. Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən, sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının dediyi kimi, bu il Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin açılışları böyük nailiyyətlərdir. Bu yaxınlarda "Azerspace-2" peykinin orbitə çıxarılması, həmçinin Sumqayıtda, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur.Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.xeber100.com

Oktyabr 11, 2018 16:00