Beynəlxalq Aeroportun məlumatı əsasında…

14 May 2018 16:00

Xəbər 49 dəfə oxunub

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk dörd ayı ərzində 1 milyon 239 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur.Aeroportun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 495 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 139 min sərnişin düşüb.1 milyon 66 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 30 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb.Hazırda Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-aprel ayları ərzində bu istiqamətlərə 818 min sərnişin uçub.Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.2018-ci ilin may ayında Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax”ın ən yüksək 5 ulduzuna layiq görülüb.Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci dəfə Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.xeber100.com

Reklam

OPEC-in Birgə Monitorinq Komitəsinin məlumatında

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə iyun ayında 121 faiz əməl edilib.Azərtac xəbər verir ki, bu barədə OPEC-in Birgə Monitorinq Komitəsi məlumat yayıb. Bildirilir ki, iştirakçı ölkələr tərəfindən 2018-ci ilin iyununda saziş üzrə icra səviyyəsi 121 faizə çatıb.Komitə iyul ayında bazar şərtlərini, həmçinin bu ay müqaviləyə qatılan ayrı-ayrı ölkələrdə istehsal səviyyələrini də nəzərdən keçirib və sazişə əməletmə səviyyəsinin 100 faizdən çox olmayacağı qənaətindədir.Qeyd edək ki, may ayında OPEC+ sazişinin icrası səviyyəsi 152 faiz təşkil edib.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

İyul 19, 2018 11:59

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Apa-Economics”ə verilən məlumata görə, tədbirlər çərçivəsində hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.“Dövlət Agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin (istisna hallar nəzərə alınmaqla) əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub”, deyə məlumatda deyilir.xeber100.com

İyul 14, 2018 21:15

Əmlak Məsələləri Dövlət Komitəsi yeni kampaniya elan edir

Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni layihəyə start verir.Komitədən Azərtac-a bildirilib ki, bu kampaniya iyulun 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşacaq. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 Yanvar küçəsi 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.Daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Eyni zamanda, çıxarışların 1 iş günü müddətində verilməsi də vətəndaş məmnunluğuna istiqamətlənib. Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir.xeber100.com

İyul 13, 2018 14:59

Bakı Nəqliyyat Agentliyi daimi işçi qrupu yaradıb

“Caspian European Club” ilə Bakı Nəqliyyat Agentliyi daimi işçi qrupu yaradıb.Klubdan Azərtac-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev və Klubun nümayəndə heyəti ilə görüşüb.Görüş zamanı ikitərəfli əməkdaşlığı genişləndirmək imkanları, “Caspian European Club”un fəaliyyəti, ölkənin nəqliyyat sektorunun inkişafı və yaxşılaşdırılmasının əsas məqamları, yeni texnologiyaların tətbiqi imkanları, həmçinin əhali və gənclər arasında maarifləndirmə proqramlarının həyata keçirilməsi müzakirə olunub.Telman Əliyev göstərilən diqqətə və “Caspian European Club” ilə sıx əməkdaşlığa görə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimova minnətdarlığını bildirib.O, ikitərəfli əməkdaşlığın nəqliyyat sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, “Caspian European Club”un isə öz növbəsində bizneslə agentlik arasında fəal dialoqun davamı üçün təkliflər üzrə səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini deyib.Görüşün yekununda daimi işçi qrupun yaradılması haqda razılıq əldə olunub. İşçi qrup çərçivəsində “Caspian European Club”, “Caspian American Club” və “Caspian European Club”un üzv şirkətlərinin nəqliyyat sektorundakı problem, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat 2 il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.xeber100.com

İyul 10, 2018 15:42