Beynəlxalq elmi konfrans öz işinə başlayıb

12 Oktyabr 2017 12:41

Xəbər 25 dəfə oxunub

Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.ADPU-nun rektoru C.Cəfərov bildirib ki, konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfransın hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir göstərəcəyini söyləyən rektor deyib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan-Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir.Oktyabrın 14-dək davam edəcək konfransın altı bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzə dinləniləcək.xeber100.com

Reklam

MDU-nun Bakı filialında “Açıq qapı” günü keçirilib

Oktyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirib.Azərtac xəbər verir ki, tədbiri açan mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi MDU-nun Bakı filialının “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib. Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib, sonra psixologiya, iqtisad və fizika fakültələri açılıb. Təhsil bakalavr və magistr pillələrində aparılır. “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib və tələbələr üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar”, - deyən Y.Sadovniçi filialda oxumağın çətin olduğunu, lakin bu çətinliyin tələbələrin gələcəyinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Praktika göstərir ki, məzunlarımızın işə düzəlmək problemi olmur. Onlar sonra bizə təşəkkür də edirlər”.xeber100.com

Oktyabr 22, 2017 14:18

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunan Qazaxıstanın Türküstan şəhərində 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb.Azərtac xəbər verir ki, Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, İran, Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrdən türkoloqlar iştirak edirlər.Konqres istifadəsi getdikcə azalan və yox olmaq təhlükəsi ilə üzləşən türk dillərinin və ləhcələrinin qorunması məsələlərinə həsr edilib.Tədbirin açılışında çıxış edən Beynəlxalq Qazax-Türk Universitetinin Himayədarlar Şurasının sədri professor Musa Yıldız artıq ənənəvi olaraq təşkil olunan konqresin türk dünyasının müxtəlif ölkələrindən gələn türkoloqlar və elm adamları üçün mühüm müzakirə platformasına çevrildiyini bildirib. O, sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dillərinin tədqiqi məqsədilə Beynəlxalq Türk Akademiyası və Əhməd Yəsəvi Universitetinin birgə səyləri nəticəsində 4 cildlik böyük ensiklopedik nəşrin hazırlandığını vurğulayıb.Konqresin ilk günü Beynəlxalq Qazax-Türk Universitetinin Mədəniyyət Mərkəzində Əhməd Yəsəvi Muzeyinin açılışı da olub. Muzeydə Türküstan bölgəsində Xoca Əhməd Yəsəvinin yaşadığı dövrə aid tarixi əsərlər və ortaq türk tarixinin müxtəlif dövrlərini əks etdirən rəsm əsərləri yer alır.Yeddinci Beynəlxalq Türkologiya Konqresi üç gün davam edəcək.xeber100.com

Oktyabr 20, 2017 11:54

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”…

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın doqquzuncu sessiyaları Sabunçu rayonunun 46 ümumtəhsil məktəbini əhatə edib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, sessiyalar məktəb direktorları üçün qruplar şəklində təşkil olunub. Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, fənn olimpiadalarının və müsabiqələrin təşkili, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər məsələlərdən danışıb.BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev də tədrisin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, məktəb imicinin formalaşdırılması, təhsil müəssisələrinin uğurlarının təbliği, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı mövzularında çıxış ediblər.Sessiyalarda məktəbdaxili metodiki işə nəzarət, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib.xeber100.com

Oktyabr 18, 2017 12:00

“Azərbaycanda reallıqlar və perespektivlər” mövzusunda…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sosial biznes: Azərbaycanda reallıqlar və perespektivlər” mövzusunda konfrans keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.UNEC-dən Azərtac-a bildirilib ki, universitetin rektoru Ədalət Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb.Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. İştirakçılara uğurlar arzulayan Nobel mükafatçısı ölkəmizə səfərini xatırlayaraq deyib: “Azərbaycan hökuməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır. Amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”. M.Yunus sosial bizneslə dünyanı dəyişmək mümkün olduğunu bildirib.Digər çıxış edənlər sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan amili, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və s. məsələlərə toxunublar. Bu ideyanın vətəndaş təşəbbüslərinin artırılmasında, təsərrüfat sahələrinin inkişafındakı rolu diqqətə çatdırılıb.Konfrans müzakirələrlə davam etdirilib.xeber100.com

Oktyabr 13, 2017 15:04

Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

Oktyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) ikinci Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub.Azərtac xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və BDU-nun dəstəyi ilə keçirilib.Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsinin başlıca məqsədi müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.Eyni zamanda, qeyd olunub ki, festivalın təşkili həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaq məqsədi daşıyır.Rektor müvafiq layihəyə türk dünyasının müxtəlif yerlərindən bir çox qurumların, o cümlədən ali məktəblərin dəstək verdiyini diqqətə çatdırıb.Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli ölkələr arasında əlaqələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, 2016-cı ildə beş ölkədən təqdim edilən yeddi filmlə keçirilən festivalın builki ikinci tədbirində artıq yeddi ölkədən 18 film nümayiş olunur.Digər çıxış edənlər də festivalın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, uğurlar arzulayıblar.Sonra TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib.Qeyd edək ki, filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən sırac tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraclar Azərbaycan türklərinin də formalaşmasında rol oynayıb, eləcə də Azərbaycan Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar.xeber100.com

Oktyabr 13, 2017 15:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəb seminarları”nın növbəti sessiyaları Yasamal rayonunun ümumi təhsil müəssisələrini əhatə edib.Sessiyalarda BŞTİ-nin müdiri M.Vəliyeva, bu qurumun müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, direktorların təlim-tərbiyə və təşkilati işlər üzrə müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.2017-2018-ci dərs ili üzrə reallaşdırılan “Məktəb seminarları” layihəsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiqlənmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdir.Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən M.Vəliyeva ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, yeni layihələrin icrası, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərindən danışıb.xeber100.com

Oktyabr 12, 2017 12:37

2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları” başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”na başlayıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, “Məktəb seminarları”nın ilk sessiyaları Nəsimi rayonunun ümumi təhsil məktəblərində keçirilib.Məktəb direktorları üçün təşkil edilən sessiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması və qarşıda duran vəzifələr barədə danışıb. O, “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və sessiyalarda müzakirə olunan məsələlərin nəticələrindən bəhs edib.Qruplar üzrə təşkil olunan sessiyalarda məktəbdaxili metodik işə nəzarət, məktəbdənkənar fəaliyyətin təhsilin məzmunundan irəli gələn ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, keyfiyyətli təhsilvermənin təmin edilməsi məsələləri müzakirə olunub.Sessiyalar hər gün bir rayon üzrə keçiriləcək və oktyabrın 20-də başa çatacaq.xeber100.com

Oktyabr 11, 2017 13:21