Birləşmiş Millətlər Təşkilatının məlumatı əsasında…

17 İyul 2019 14:50

Xəbər 80 dəfə oxunub

BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Yüksəksəviyyəli Siyasət Forumunun “nazirlər seqmentinin” iclasında bildirib ki, hazırda planetimizdə 4 milyard insan sosial müdafiədən məhrumdur. Onun sözlərinə görə, 2050-ci ildən bəri işsizliyin artması tendensiyası zəifləsə də, maaşların artımında durğunluq hökm sürür, qadınların 30 faizi və gənc kişilərin 13 faizi təhsilsiz və işsizdir.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, A.Quterreş 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə dair qəbul olunmuş proqramın uğurlu olması üçün hələ çox işlər görülməli olduğunu vurğulayıb. Baş katib qeyd edib ki, bəzi sahələrdə müəyyən inkişafa nail olunsa da, qlobal inkişaf üzrə vəziyyət o qədər də yaxşı deyil. Ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin səviyyəsi yüksək olaraq qalır.A.Quterreş gender bərabərliyi məsələsinə də toxunaraq qeyd edib ki, son dörd ildə bu sahədə dünyanın heç bir ölkəsi yetərincə tədbirlər görməyib. “Qadınlar əvvəllər olduğu kimi, indi də ayrı-seçkiliyə şərait yaradan qanunlarla üz-üzədirlər, zorakılığa məruz qalırlar, kişilərə yaradılan imkanlardan məhrumdurlar”, deyə baş katib əlavə edib.BMT-nin rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət dayanıqlı inkişaf Hədəflərinə nail olmaq üçün bu sahəyə dövlət və özəl sərmayələrin həcmini artırmalı, qeyr-bərbərliyi azaltmalı, miqrasiya prosesləri üzrə Qlobal müqavilənin şərtlərinə əməl etməli və insan hüquqlarına hörmət etməlidir. O xatırladıb ki, bütün bu mühüm məsələlər BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında müzakirə olunacaq. A.Quterreş hökumətləri bu vacib tədbirə konkret fəaliyyət proqramları ilə gəlməyə çağırıb.xeber100.com

Fransanın Biarritz şəhərində 45-ci G7 sammiti başlayacaq

Avqustun 24-də Fransanın Biarritz şəhərində 45-ci G7 sammiti başlayacaq. Zirvə görüşünün əsas mövzusu bərabərsizliklə mübarizə olacaq.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı da gözlənilir.Sammit Fransa Prezidenti Emmanuel Makronun qonaqların şərəfinə verəcəyi şam yeməyi ilə başlayacaq.Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib.Sammitlə əlaqədar şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Xüsusən terror hücumları ehtimalına qarşı 13 min 200 polis və jandarmla yanaşı, 450 yanğınsöndürən səfərbər olunacaq. Liderlərin qalacağı otelə və şəhərin mərkəzinə gedən yollar nəqliyyatın hərəkətinə bağlanacaq. Şəhər mərkəzinə yalnız icazəsi olan sürücülər və piyadalar girə biləcəklər. Sammit vaxtı şəhərdəki qatar vağzalı və hava limanı da bağlı olacaq.xeber100.com  

Avqust 23, 2019 15:01

Beynəlxalq hava limanında bütün uçuşlar təxirə salınıb

Çinin Honkonq xüsusi inzibati bölgəsindəki beynəlxalq hava limanında yerli vaxtla saat 16:30-dan sonra bütün uçuşlar təxirə salınıb.Azərtac Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, buna səbəb Honkonqda davam edən etiraz aksiyalarıdır. Belə ki, etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.Honkonq beynəlxalq hava limanının rəsmi internet səhifəsində uçuşların təxirə salınması barədə elan yerləşdirilib və bütün sərnişinlərə aeroport terminallarını tərk etmək tövsiyə olunub. Avqustun 13-nə nəzərdə tutulan təxminən 370 reysin təxirə salınması on minlərlə sərnişinin çarəsiz vəziyyətə düşməsinə səbəb olub.Ötən il 74,7 milyon sərnişinə xidmət göstərmiş Honkonq beynəlxalq hava limanı dünyanın ən işgüzar aeroportlarından biri olmaqla yanaşı, şəhərin dünyaya açılan əsas qapısıdır.Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Honkonq hökumətinin icazəsi olmadan keçirilən aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.xeber100.com

Avqust 13, 2019 18:58

“Huawei” korporasiyası Harmoni OS əməliyyat sistemini təqdim edib

Çinin “Huawei” telekommunikasiya korporasiyası ABŞ tərəfindən qoyulan məhdudiyyətlər fonunda özünün Harmoni OS əməliyyat sistemini təqdim edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, təqdimat Dunquan şəhərində keçirilən Huawei Developer Conference çərçivəsində baş tutub. “Biz öz əməliyyat sistemimizi hazırlamışıq. O, smartfonlara, ağıllı saatlara, planşetlərə uyğun gəlir”, - deyə CBG “Huawei” kompaniyasının başçısı bildirib. Onun sözlərinə görə, Harmoni əməliyyat sistemi Androidi əvəzləyə bilər.Kompaniya, eyni zamanda, yenilənmiş EMUI 10 interfeysini də təqdim edib.Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi isə mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşən ABŞ prezidenti Amerika məhsullarını alması üçün “Huawei” kompaniyasına icazə verəcəyini deyib. Donald Tramp Çin lideri ilə danışıqlarda mili təhlükəsizliyin təmin olunması probleminin müzakirə edildiyini və yaxın günlərdə kompaniyanın qara siyahıdan çıxarılması məsələsinə baxılacağını bildirib. Sonradan Ağ ev sanksiyaların aradan qaldırılması qərarının Amerika firmalarının bütün məhsullarına aid olmadığını vurğulayıb.2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.xeber100.com

Avqust 9, 2019 14:11