“BMW Group” Çinə sərmayə yatıracaq

11 Oktyabr 2018 16:06

Xəbər 181 dəfə oxunub

Almaniyanın məşhur avtomobil istehsalçısı “BMW Group” Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq.Azərtac xəbər verir ki, BMW-nin Çindəki partnyoru “Brilliance China Automotive Holdings” ilə əməkdaşlığı növbəti 22 il müddətinə uzadılmasına dair müqavilədə belə qeyd olunur. Razılaşmaya əsasən, birgə müəssisə olan “BMW Brilliance Automotive”in Çinin Şenyan şəhərindəki iki zavodunun sahəsi genişləndirilməklə, istehsal çoxaldılacaq. Qarşıdakı 3-5 ildə ümumi istehsal gücü ildə 650 min avtomobilə çatdırılacaq, 5 min yeni iş yeri yaradılacaq.BMW-nin yaydığı məlumata əsasən, şirkət “BMW Brilliance Automotive”dakı payını 50 faizdən 75 faizə qaldırmaq niyyətindədir.Qeyd edək ki, 2003-cü ildə yaradılan “BMW Brilliance Automotive” birgə müəssisəsi BMW avtomobillərinin istehsalı, idxalı və satışı ilə məşğuldur. Ötən il Çində 560 min BMW avtomobili satılıb ki, onun üçdə ikisi Şenyan şəhərindəki zavodlarda yığılıb.xeber100.com

Reklam

Meksika Prezidenti Milli İnkişaf Planını elan edib

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bu həftə yeni Milli İnkişaf Planını elan edib. Bu sənəddə narkotikləri leqallaşdırmağa çağırış da öz əksini tapıb. Planda, həmçinin qeyd edilir ki, Meksika narkotiklər haqqında milli qanunvericilikdə islahatlar aparmağı və Birləşmiş Ştatlarda da analoji qanunlar qəbul edilməsi barədə danışıqlar aparmağı nəzərdə tutur.Azərtac xəbər verir ki, Obradorun planına əsasən qeyri-qanuni narkotiklər leqallaşdırılacaq və onlara qarşı mübarizəyə sərf edilən vəsaitlər müalicə proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Prezident bildirib ki, narkotiklərə qarşı illər boyu aparılan beynəlxalq müharibə böyük faciələrə və neçə-neçə insanın həyatının itirilməsinə səbəb olub və müsbət nəticə verməyib. Obrador bu sahədə yeni strategiya qəbul edilməsi barədə dünya birliyi ilə, o cümlədən ABŞ ilə danışıqlar aparmağa çağırıb. Onun fikrincə, bu problemin həllinin yeganə real yolu narkotiklərin dekriminallaşdırılmasıdır.“Narkosiyasət üzrə beynəlxalq konsorsium”un keçən il dərc edilmiş hesabatında narkotiklərə qarşı mübarizə ilə bağlı zorakılığın qlobal miqyasda artması qeyd olunur. Sənəddə, həmçinin bildirilir ki, hazırda dünyadakı bütün məhbusların orta hesabla beş nəfərindən biri narkotiklərlə bağlı cinayətlər üzündən dəmir barmaqlıqlar arxasına düşüb. ABŞ-da bir neçə ştat, o cümlədən paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi rekreasiya marixuananı leqallaşdırıb. Buna baxmayaraq, federal hökumət marixuananı hələ də qadağan olunmuş narkotik kimi təsnif edir.xeber100.com

May 13, 2019 15:23