“Brent” markalı neftin qiyməti azalıb

8 Oktyabr 2018 12:50

Xəbər 27 dəfə oxunub

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,78 dollar azalaraq 83,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 73,82 dollar olub.xeber100.com

Reklam

“SOCAR Capital” şirkətinin məlumatı əsasında…

Oktyabrın 17-də SOCAR istiqrazlarının 8-ci faiz ödənişi həyata keçirilib.“SOCAR Capital” şirkətindən Azərtac-a bildirilib ki, SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 8-ci faiz ödənişidir. Bununla da 5 illik dövriyyə müddəti olan SOCAR istiqrazlarının 2 ili geridə qalır. 100 milyon dollar həcmində buraxılan, illik 5 faiz gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan SOCAR istiqrazları 2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib.2016-cı ildə buraxılan SOCAR istiqrazlarına ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alqı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. Beləliklə bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür.Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.Ötən ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR istiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hazırda SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir.Qeyd edək ki, SOCAR istiqrazlarının sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdirlər. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16 faizlə manat krediti əldə edə bilərlər. SOCAR istiqrazları girovdaykən belə, dollarda illik 5 faiz gəlir gətirməyə davam etdiyi üçün, manatla götürülən kreditin illik faizi realda 9 faizə qədər enir.Xatırladaq ki, hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR istiqrazlarını “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə müraciət etməklə təkrar bazardan əldə edə bilərlər.xeber100.com

Oktyabr 17, 2018 15:10

Dövlət Statistika Komitəsinin məlumatı

Sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 1540,3 min nəfər olub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.Muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.Yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 541,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.xeber100.com

Oktyabr 15, 2018 12:16

“Trans-Adriatik” qaz boru kəmərinin 97 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya hissəsində xəndəyin qazılması işlərinin 97 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 744 kilometrində xəndəyin qazılması işləri yekunlaşıb.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Oktyabr 10, 2018 14:53

“Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək

Noyabrda Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək.“Caspian European Club”dan Azərtac-a bildirilib ki, Kvemo Kartli regionunun Qubernatoru Şota Rexviaşvilinin “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevlə görüşünün əsas mövzusu Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli”nin təşkili olub.“Biz “Caspian European Club”un üzv şirkətləri ilə Kvemo Kartli regionu arasında sıx əlaqələrin qurulması ideyasını dəstəkləyir və bu məsələdə hərtərəfli kömək göstərməyə hazırıq”, - deyə Ş.Rexviaşvili söyləyib.Qubernatorun sözlərinə görə, “Caspian Energy Forum Kvemo Kartli” sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkəti birləşdirən “Caspian European Club” ilə Kvemo Kartli regionu arasında uzunmüddətli, ikitərəfli, qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığın əsasını qoyacaq.İkigünlük “Caspian Energy Forum Kvemo Kartli”nin əsas mövzularından biri bu regionda kənd təsərrüfatı və turizmin fəal inkişafı olacaq. Birinci gün Gürcüstan hökumətinin üzvlərinin və biznesmenlərinin iştirakı ilə plenar sessiyalar keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.Foruma hazırlıq çərçivəsində, həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çokovadze, eləcə də Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin iki müavini – Georgi Xanişvili və Nino Tandilaşvili ilə konsultasiya təşkil olunacaq.T.Əliyevin sözlərinə görə, “Caspian European Club”un üzv şirkətləri Gürcüstana, xüsusilə də Kvemo Kartli regionuna böyük maraq göstərirlər: “Biz özəl investorları Kvemo Kartli regionunun kənd təsərrüfatı və turizm sektoruna cəlb etmək üçün səylərimizi əsirgəməməyə çalışırıq”.Görüş çərçivəsində “Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Ernergy Georgia LLC” şirkətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.xeber100.com

Oktyabr 8, 2018 12:47

“Buta Airways” aviaşirkətinin məlumatına görə…

2019-cu il iyunun 14-dən etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq."Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükünü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahilboyu bulvarı ilə məşhurdur. Burada gəzərkən şəhərin bir çox maraqlı, diqqətəlayiq yerlərini görmək, ecazkar mənzərənin gözəlliyindən həzz almaq mümkündür."Buta Airways" Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.Qeyd edək ki, cari il oktyabrın 6-dan etibarən loukoster, həmçinin Türkiyənin kurort şəhəri İzmirə reyslər yerinə yetirməyə başlayacaq.xeber100.com

Oktyabr 5, 2018 13:56