Bu gün Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur

8 Avqust 2019 14:43

Xəbər 874 dəfə oxunub

2004-cü ildən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur.Azərtac xəbər verir ki, həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.Professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorov elmi və təcrübi fəaliyyəti əlaqələndirərək göz xəstəliklərinin müalicəsinə bir sıra yeniliklər gətirməklə bu sahədə uğurlar qazanıb. 1994-cü ildə onu XX əsrin görkəmli oftalmoloqu elan ediblər.Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Onun təşəbbüsünə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.Görmə elə duyğu orqanıdır ki, onun itməsi insan üçün əsl faciədir. Görmə qabiliyyətinin pisləşməsi insanın sosial imkanlarını əhəmiyyətli dərəcədə azaldır, ona fiziki və psixoloji problemlər yaradır. Oftalmoloqlar məhz sağlamlığın bu vacib məsələlərinin həlli ilə məşğul olurlar, hərçənd ki, göz xəstəliklərindən əziyyət çəkənlər heç də az deyil.Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağı məsləhət görürlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağını məsləhət görmürlər.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05