“Sən də bir həyat ver” devizi altında qanvermə aksiyası başlayıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir. Belə humanitar aksiyalardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilib. Azərtac xəbər verir ki, donorların müayinəsini və qan götürülməsini həyata keçirən qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə reallaşdırılan layihələrdən danışıb. Bildirib ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Bu baxımdan muxtar respublikada qanvermə aksiyaları ardıcıl olaraq həyata keçirilir. Sonra xidmətin əməkdaşları “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyasına qoşulublar. Əvvəlcə donorlar müayinə olunublar. Bir neçə saat davam edən aksiyada 33 nəfər könüllü qan verib. Donorlardan götürülən 16 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.xeber100.com

Sentyabr 20, 2016 11:42

Prezidentin Sərəncamına uyğun olaraq…

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 19 kilometrdir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənir. Ümumilikdə 115 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə tutulub. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.xeber100.com

Sentyabr 19, 2016 11:17

Bu il xarici turistlərin sayında artım müşahidə olunur

Qədim Şəki dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Builki Qurban bayramı günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva Azərtac-a bildirib ki, bayram günlərində Şəkiyə gələn turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri qoruğun ərazisi olub. Bu da təsadüfi deyil. Burada yerləşən Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi, muzeylər, “Sənətkarlar evi”, həmçinin sənətkarların əl işlərinin, milli suvenirlərin satıldığı xırda dükanlar turistlərin diqqətini daim cəlb edir. Qoruğun direktorunun bildirdiyinə görə, yay aylarında Şəkiyə 50 mindən çox turist gəlib. Bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Qurban bayramı günlərində Şəkinin qonaqları arasında yerli turistlərlə yanaşı, İrandan, ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən pilot-layihəyə uyğun olaraq, yay aylarında qoruğun ərazisində turistlər üçün gündəlik mədəni proqramlar təşkil edilib.xeber100.com      

Sentyabr 14, 2016 12:51