2015-2016-cı dərs ilinin yekunları müzakirə olunub

Salyan şəhərində keçirilən müəllimlərin sentyabr konfransında 2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Azərtac xəbər verir ki, konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil ocaqlarının maddi-texniki bazasını möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim 2015-2016-cı tədris ilini, ümumilikdə, müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 700 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 370 nəfər tələbə adını qazanıb. Məzunlardan 26 nəfəri 600-dən çox, 68 nəfəri isə 500-600 arası bal toplayıb. Məlumat verilib ki, yeni tədris ilinə hazırlıq işləri 55 ümumtəhsil məktəbinin hamısında yekunlaşıb, dərslik və ədəbiyyat, elektron vəsaitlər və digər ləvazimatlar məktəblərə paylanıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni dərs ilinin başlanması münasibətilə müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Ölkədə, eləcə də rayonda təhsil islahatının uğurla həyata keçirildiyini deyən icra hakimiyyətinin başçısı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, son 3 il də rayonda 6 yeni məktəb binası və əlavə korpuslar tikilib, 3 məktəb isə əsaslı təmir edilib. S.Hətəmov rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyindən də ətraflı söhbət açıb. Sonda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 21 məzuna və 8 qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.xeber100.com

Sentyabr 6, 2016 11:44

Referendumla bağlı hazırlıq işləri davam etdirilir

Astara rayonunun dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-da keçiriləcək referendumla bağlı hazırlıq işləri davam etdirilir. 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov Azərtac-a bildirib ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq dairə üzrə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilir. Seçki dairəsində fəaliyyət göstərən 44 seçki məntəqəsində ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayan H.Əkbərov indiyədək 38 min 857 seçicinin qeydə alındığını (onlardan 571 nəfəri ilk dəfə səs verənlərdir), təbliğat və təşviqat məqsədilə 15 ərazidə açıq və qapalı yerlərin ayrıldığını diqqətə çatdırıb. Qeyd edib ki, dairə üzrə yaşı 100-dən çox olan 4 seçici qeydə alınıb. Rayonun ən yaşlı seçicisi Vəznəş kənd sakini, 104 yaşlı Tairova Mələk Zülfüqar qızıdır. Dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə üçgünlük ixtisaslaşdırılmış kurslar keçirilib, referendumun müqayisəli təqdimatı seçicilərə çatdırılıb, ümumxalq səsverməsi ilə bağlı 30 növə yaxın çağırış plakatları yaşayış məntəqələrində əhalinin daha çox toplaşdığı yerlərə vurulub. Hazırda məntəqələrdə referendumda iştirak edəcək seçicilərə bildiriş vərəqələrinin paylanmasına başlanılıb.xeber100.com

Sentyabr 1, 2016 11:13