“Apellyasiya şuralarına elektron şikayət qəbulu”…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə "Apellyasiya şuralarına elektron şikayət qəbulu" üzrə elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirilib. Nazirlikdən Azərtac-a bildirilib ki, regional xarakter daşıyan tədbirdə Mingəçevir, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Xocalı, Laçın, Goranboy, Ağdaş, Göyçay, Ucar, Oğuz, Şəki, Qax və Naftalan şəhərlərindən olan nümayəndələr iştirak ediblər. Xatırladaq ki, "Apellyasiya şuralarına elektron şikayət qəbulu" üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çatdırmasına xidmət edir. Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Bu xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərdiyi müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə etmək imkanı qazanacaq. Qeyd edək ki, avqustun 12-də "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti geniş ictimaiyyətə təqdim edib.xeber100.com  

Avqust 18, 2016 3:53

Eramızdan əvvəl IV minilliyin sonuna aid edilən abidə aşkarlanıb

Şabran rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik qazma evlər aşkarlanıb. Azərtac xəbər verir ki, rayonun Aygünlü kəndi ərazisində Çaqqaltəpə abidəsində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov Azərtac-a müsahibəsində bildirib ki, abidənin mədəni təbəqəsi çox qalındır. Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə üç qədim təpəlik mövcuddur. İlkin tədqiqatlar zamanı abidələrdə Kür-Araz mədəniyyətinin erkən tunc dövrünün xarakterik xüsusiyyətlərinə rast gəlinib. Qazıntılar Çaqqaltəpə abidəsində 3 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə erkən tunc dövrünə aid 5 qazma ev tapılıb ki, bu tipli evlər hələ Azərbaycanda öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyəti üçün xarakterik olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət isə daş özül üzərində dairəvi evlərin tikintisidir. Ekspedisiya rəhbəri bildirib ki, qazıntı işləri zamanı abidənin ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır ki, bunlar da erkən tunc dövrünün əsas atributları sayılır. Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub. Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.xeber100.com

Avqust 17, 2016 2:52

XVIII-XIX əsrlərə aid tarixi abidə bərpa edilir

Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası davam etdirilir. Azərtac xəbər verir ki, iki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasad hissəsinin yenilənməsi prosesi artıq yekunlaşıb. Hazırda isə binanın dam örtüyü dəyişdirilir. Tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Təmir və yenidənqurma işləri qədim hamamın daxilində də aparılır. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq. “Günbəzli hamam”ın yenidən qurulması 2017-ci ilə kimi yekunlaşacaq. Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunulərinin sərgisi təşkil ediləcək. Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir. 1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.xeber100.com

Avqust 15, 2016 3:01

“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində…

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Gəncədə “I Beynəlxalq Startup Akademiyası: Gəncə - 2016” layihəsi həyata keçiriləcək. Azərtac xəbər verir ki, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbir oktyabrın 27-dən 30-dək davam edəcək. Azərbaycanda ilk dəfə yerli və əcnəbi gənclərin iştirakı ilə təşkil olunacaq tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtını səmərəli keçirməsi, dünyagörüşlərinin və motivasiyalarının artırılması, xüsusən də dövlətçilik düşüncələrinin formalaşdırılması, iş bacarıqlarının və psixoloji durumlarının yüksəldilməsidir. Həmçinin gənclərin innovasiyalar sahəsinə marağını artırmaq, yeni texnoloji layihələrin yaradılmasına dəstək olmaq, onları bu sahədə ilkin bilik və bacarıqlara yiyələndirmək, yerli və xarici iştirakçılar arasında ideya mübadiləsini stimullaşdırmaq, “startup” mədəniyyətini təbliğ etmək, potensial ideyaların reallaşdırılması məqsədilə beynəlxalq və yerli donorlar tərəfindən təcrübə və texniki dəstək imkanları yaratmaq da layihənin əsas hədəfləri arasındadır. Layihə çərçivəsində iştirakçılar üçün bir sıra təlimlər keçiriləcək və gənclərin “startup” ideyaları dəyərləndiriləcək.xeber100.com

Avqust 14, 2016 9:58

Ölkə başçısının müvafiq sərəncamına əsasən…

Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Neftçalada həyata keçirilən infrastruktur layihələr sırasında Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri mühüm yer tutur. Azərtac xəbər verir ki, ayrı-ayrı binalarda fəaliyyət göstərən Neftçala Rayon Mərkəzi Xəstəxanası yeni tibb şəhərciyində yerləşəcək. Ötən əsrin 70-ci illərində istifadəyə verilən səhiyyə müəssisəsində əsaslı təmir işləri aparılmadığından tibb ocağında müasir tibb xidmətinin təşkili müəyyən çətinliklər yaradırdı. Bu zərurət nəzərə alınaraq dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına 2013-cü ilin axırlarında xəstəxanada əsaslı təmirə başlanılıb. Yeddi korpusdan ibarət tibb ocağında artıq tikinti-quraşdırma işlərinin 80 faizə yaxını görülüb. Korpuslarda fasad işləri artıq başa çatıb və hazırda binaların daxilində işlər gedir. Xəstəxana şəhərciyi müasir tələblər əsasında tikilir. Ən müasir avadanlıq və tibbi ləvazimatla təchiz olunacaq səhiyyə müəssisəsi kompleks şəkildə müayinə və müalicə üçün hər cür şəraitin yaradılması ilə yanaşı, ilk dəfə olaraq böyrək çatışmamazlığından əziyyət çəkən xəstələrə dialez xidmətinin göstərilməsi də nəzərdə tutulub. Əsaslı təmir işləri başa çatdıqdan sonra səhiyyə ocağında 90 mindən çox əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcəkdir. Təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.xeber100.com

Avqust 14, 2016 7:52

“Mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”…

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası davam etdirilir. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır. Tərtər Rayon İcra Hakimiyyətindən Azərtac-a bildiriblər ki, zərər çəkmiş evlərdən 5-də bərpa, 15-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 3 evin bərpası, 3 evin təmiri davam etdirilir. Tərtər şəhərində daha çox dağıntıya məruz qalmış Fikrət Əmirov küçəsində infrastruktur yenidən qurulub, küçənin elektrik, qaz xətləri yenidən çəkilib, divarlar aqlay daşı ilə üzlənib, yola yeni asfalt örtüyü döşənib. Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanıb.xeber100.com

Avqust 14, 2016 7:44