Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı

Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Azərtac xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, ötən altı ayda görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Bildirilib ki, ilin birinci yarışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib, Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb, 16 mindən çox ağac və 28 mindən çox gül kolu əkilib. On kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin, eləcə də Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub, 4 kənddə içməli su, 7 kənddə suvarma üçün subartezian quyuları vurulub, Tərtər çayının Zümürxan kəndi ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.xeber100.com

Avqust 9, 2016 2:48