Əməkdaşlıq məsələləri müzakirə edilib

Tokioda fəaliyyət göstərən “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin rəhbərliyi Türkiyənin bu Gündoğar ölkədəki səfirliyinin məsləhətçisi xanım Funda Erpekle görüşüb.Görüşdə iki qardaş ölkənin Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlıq, qədim və zəngin ümumtürk mədəniyyətinin təbliği məqsədilə birgə fəaliyyət barədə fikir mübadiləsi aparılıb.Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən cari ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də qardaş türk xalqının Yaponiyada yaşayan nümayəndələri ilə əlaqələrin genişləndirilməsidir. X.Kələntər bildirib ki, müasir tarixi vəziyyət, dünyada baş verən bir sıra mühüm geosiyasi proseslər, milli mədəni inkişaf meyilləri, qloballaşmanın nəticələri türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillərdir. Təqdirəlayiq haldır ki, xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələrini inkişaf etdirir, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışır, ən mühüm strateji məsələlərdə bir-birini cəsarətlə dəstəkləyirlər. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Türkdilli xalqların diaspor təşkilatları son illər bu prosesdə fəal iştirak edirlər. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin uydurduğu qondarma “soyqırımı” iddiaları barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyət daha müsbət nəticələr verə bilər. Görüşün əsas məqsədi də Yaponiyada yaşayan xalqlarımızın nümayəndələri arasında diaspor təşkilatları vasitəsilə əlaqələrin daha da möhkəmləndirilməsidir.xeber100.com

Noyabr 18, 2016 3:39

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən…

Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov haqqında kitabın təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, İradə Əliyevanın “Natiq Bağırov - idman onun həyatıdır” adlı miniatür kitabı Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub. Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovanın aparıcılıq etdiyi təqdimat mərasimində Belarusun Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış ediblər. Çıxış edənlər sambo və cüdo üzrə dörd dəfə dünya, beş dəfə Avropa çempionu, Belarusun əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, bu ölkədə idmanın inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, N.Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, Minskdə yaşayan soydaşımız 30 ilə yaxındır həm idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda “Sarı gəlin” rəqs qrupu çıxış edib. Bakıda anadan olan 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvəti ilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliyada və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun cüdo üzrə milli komandasına rəhbərlik edir. Eyni zamanda, diaspor sahəsində də fəaliyyət göstərən N.Bağırov 1997-ci ildə Minskdə “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri seçilib. O, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.xeber100.com

Oktyabr 28, 2016 3:48

“Azərbaycanda Konstitusiya islahatları”…

Rusiyanın Sankt-Peterburq şəhərində “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda dəyirmi masa keçirilib. Apa-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və Sankt-Peterburqdakı ali məktəblərdə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. Baş konsul Sultan Qasımov çıxışında Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının referendumda iştirakının vacibliyini bildirib. O, Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda səs verməyin mümkün olduğunu diqqətə çatdırıb. AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilat rəhbəri Leyla Əliyeva adından tədbir iştirakçılarını salamlayaraq Sankt-Peterburq regional bölməsinin fəallarına uğurlar arzulayıb. Deputat Rüfət Quliyev isə çıxışında Azərbaycanın iqtisadi inkişafından və uğurlu islahatlarından danışıb. O, dəyirmi masa iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər layihəsi ilə tanış edib. Tədbirdə ali məktəb tələbələrinin “Azərbaycanda Konstitusiya islahatları” adlı məruzələri dinlənilib.xeber100.com

Sentyabr 22, 2016 2:57