Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb. Qurultayda 49 ölkədən Azərbaycan diaspor təşkilatlarının 500-dən çox nümayəndəsinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir. Toplantıda Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir. Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qeyd edək ki, hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay  5 il sonra prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamına əsasən 2006-cıil mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakıda keçirilib.

May 10, 2016 11:29

Dünya ölkələrindəki diaspor təşkilatları

Avropa ölkələri 2004-cü il aprel ayının 17-də Almaniyanın paytaxtı Berlində “Avropa Azərbaycanlıları Konqresi”nin (AAK) təsis edilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Dünyanın 28 ölkəsində 50-dən artıq diaspor təşkilatı – Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarmı təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə əməkdaşlıq edir. Almaniya Azərbaycan diasporunun ən geniş təmsil olunduğu Avropa ölkələrindən biri Almaniyadır. 1988-ci ildən bu ölkədə fasilələrlə onlarla cəmiyyət fəaliyyət göstərmiş, bir çoxu bu gün də işini davam etdirir. “Azərbaycan-Almaniya Cəmiyyəti” 1988-ci ildə Berlin şəhərində yaradılmışdır. Berlində “Azərbaycan-Alman Akademiyası” (1986), “Azərbaycan Kültür Ocağı” və onun nəzdində “Savalan” jurnalı, “Ocaq” Cəmiyyəti (1988), “Odlar Yurdu” Mədəniyyət və Təhsil Cəmiyyəti, Bonn şəhərində “Azərbaycan Kültür Ocağı”, Düsseldorf şəhərində “Alman-Azərbaycan Cəmiyyəti” (1991), Frankfurt şəhərində “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”, Köln şəhərində “Azərbaycan Kültür Cəmiyyəti” (1990), Nürnberq şəhərində “Azərbaycan Kültür Dərnəyi” (1990), Limburq şəhərində “Azərbaycan Evi” (1997) və s. diaspor təşkilatları Azərbaycan Respublikası ilə Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin inkişafında yaxından iştirak etmişlər. 1996-cı ildə Almaniyadakı Azərbaycan cəmiyyətləri vahid strukturda – “Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası”nda (AACF) birləşmişlər. Federasiyanın əsas məqsədi diaspor təşkilatları arasında əlaqələri daha da gücləndirməkdir. 1999-cu il avqustun 21-22-də AACF-nin Bonnda 1-ci qurultayı keçirilmişdir. 2004-cü ilin oktyabrında Berlin şəhərində “Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu” fəaliyyətə başlamışdır. Eyni zamanda, alman və Azərbaycan dili kursları açılmış, kompyuter savadı və musiqi dərsləri tədris olunmağa başlamışdır. Böyük Britaniya Böyük Britaniyada azərbaycanlıların ilk nümayəndələri XX əsrin ortalarından məskunlaşmağa başlayıblar. Hazırda Londonda xeyli sayda azərbaycanlı yaşayır və güclü diaspor təşkilatları fəaliyyət göstərərir. Azərbaycan-İngiltərə Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti və Azərbaycan Gənclər Klubunun fəalları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycanlıların təşkilatlanması, Qarabağ probleminin həlli istiqamətində atılan addımların geniş vüsət alması istiqamətində işlər görürlər. Londonda azərbaycanlı uşaqların öz dilini unutmaması üçün Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bundan başqa, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ingilis dilində “Visions of Azerbaiyan” jurnalı dərc olunur. Təşkilat mütəmadi olaraq Qarabağla, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, problemlərin avropalılara çatdırılması üçün səy göstərir. Fransa Fransada Azərbaycan mühacirətinin ilk nümayəndələri (Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.) XX əsrin birinci rübündə fəaliyyətə başlasa da, mütəşəkkil diaspor təşkilatlarının formalaşması son 15-20 ilə təsadüf edir. Fransada bir neçə milli mədəniyyət mərkəzləri, o cümlədən, “Azərbaycan Evi” Assosiasiyası fəaliyyət göstərir. 2003-cü ilin noyabrında azərbaycanlı tələbələr və gənclər tərəfindən “Azərbaycan-Fransa Gənclik Assosiasiyası” (AFGA) yaradılmışdır. Cəmiyyətin məqsədi ölkədə fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının işini əlaqələndirməkdir. 2004-cü ildən assosiasiyanın “Körpü-Le Pont” jurnalı nəşr olunur. İsveç İsveçdə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti 1980-85-ci illərdə İran İslam Respublikasından mühacirət etmiş azərbaycanlılardır. 2001-ci ildə “Azərbaycan – İsveç Komitəsi” yaradılmışdır. Cəmiyyətin işində bir sıra nüfuzlu İsveç vətəndaşı da iştirak edir. Ölkədə Cənubi Azərbaycandan mühacirət etmiş azərbaycanlılar 2000-ci ilin iyununda “Azərbaycan – İsveç Federasiyası”nı təsis etmişlər. Cəmiyyət Azərbaycanla bağlı 14 icmanı, o cümlədən, “Ərk”, “Ulduz”, “Tribun”, “Savalan” və s. birləşdirir. Avstriya Avstriyada 2002-ci ilin oktyabrında “Azərbaycan akademik dərnəyi” yaradılmışdır. Cəmiyyət Azərbaycan Respublikasının dövlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Niderland Krallığı Niderland Krallığında fəaliyyət göstərən “Azərbaycan-Niderland Cəmiyyəti” 2003-cü ilin avqustunda yaradılmışdır. Təşkilatın 2004-cü ildən “Benilüks” qəzeti nəşr olunur. Niderland Krallığının Den-Haaq şəhərində 1993-cü ildən “Azərbaycan Türk Kültür Dərnəyi” fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının ölkə ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra konkret işlər görmüşdür. Amerika Birləşmiş Ştatları Azərbaycan mühacirətinin ən geniş təmsil olunduğu ölkələrdən biri ABŞ-dır. Burada yaşayan azərbaycanlıların sayı haqqında dəqiq məlumatlar olmasa da, müxtəlif mənbələrdə onların sayı 400 mindən 1 milyona qədər göstərilir. ABŞ-ın Los-Anceles şəhərində 1997-ci ildə yaradılmış “Dünya Azərbaycanlıları Konqresi” (DAK) yalnız Amerika ərazisində deyil, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyə çalışır. 1970-ci ildə ABŞ-da yaranmış “Amerika-Türk Assosiasiyalar Assambleyası”nın (ATAA) Amerika və Kanadada 57 şöbəsi fəaliyyət göstərir. ATAA bir sıra dövri nəşrlər, o cümlədən, “The Turkish World” jurnalını (1989) dərc etdirir. ATAA Türkiyə və Türk-Amerika icmalarının keçirdiyi forumlarında yaxından iştirak edir, digər icmalarla sıx əlaqə yaradır. Kanada 2005-ci il aprelin 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada-Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, KanadaAzərbaycan Alyansının iştirakı ilə Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı keçirilmişdir. Avstraliya və Yeni Zelandiya Bu ölkələrdə təqribən 10 min azərbaycanlı yaşayır. Avstraliyada “Azərbaycanlılar Cəmiyyəti” (1996, Sidney) və “Avstraliya-Azərbaycan Cəmiyyəti” (2003, Sidney), Yeni Zelandiyada isə “Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti” (2004, Oklend) fəaliyyət göstərir. Azərbaycanlıların əksəriyyəti İran və Türkiyədən köçmüş mühacirlərdir. Orta Asiya Respublikaları Qazaxıstan Rəsmi məlumatlara görə, Qazaxıstanda təqribən 106 min azərbaycanlı yaşayır. Onlar, əsasən, Cambul, Çimkənd, Almatı, Taldı-Kurqan vilayətlərində məskunlaşmışlar. “Turan” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (1993) təşəbbüsü ilə Almatıda “Ozan” Mədəniyyət Cəmiyyəti, digər vilayətlərdə (Kustanay, Cambul, Taldı-Kurqan, Petropavlovsk) diaspor təşkilatları yaradılmışdır. 1992-ci ildən Qazaxıstan dövlət radiosunda Azərbaycan dilində “Dostluq” proqramı, 2002-ci ildən azərbaycanlıların Bazar günü məktəbi fəaliyyət göstərir. “Turan” öz işini Qazaxıstan ərazisində fəaliyyət göstərən 17 Azərbaycan cəmiyyəti ilə (“Qobustan” – Almatı, “Dostluq” – Aktyubinsk vilayəti, “Novruz” – Atırausk vilayəti, “Azəri” – Cambul vilayəti, “Vətən” və “Azərbaycan” – Pavlodar vilayəti və s.) ilə birlikdə qurur. Özbəkistan Özbəkistan Respublikasında fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” 2003-cü ilin yanvarında təsis edilmişdir. Cəmiyyətin nəzdində “Azəri” qızlar rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv 2003-cü ildə Özbəkistanda keçirilən dostluq və mədəniyyət festivalının laureatı olmuşdur. Daşkənd şəhərində “Qardaşlıq” Azərbaycan Mədəniyyəti Mərkəzi, “Azərbaycan Evi” də fəaliyyət göstərir. “Azərbaycan Evi”ndə ana dili və kompyuter üzrə siniflər; güləş zalı; kitabxana; Heydər Əliyev adına muzey; “Azərbaycan xalqına qarşı genosid” ekspozisiyası mövcuddur. Qırğızıstan  Qırğızıstan Respublikasında yaşayan azərbaycanlıların “Azəri” ictimai təşkilatı 1992-ci ildə yaradılmışdır. Ölkədə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti XX əsrin 30-cu illərində repressiyalar zamanı sürgün edilmiş Azərbaycan vətəndaşlarıdır. “Azəri” cəmiyyəti yarandığı gündən qarşısına həmvətənlərin hüquqlarmı qorumaq, Qırğızıstanın ictimai həyatında aktiv iştirak etmək, tarixi vətənlə mütəmadi əlaqələr saxlamaq məqsədini qoymuşdur. Qırğızıstan Milli Teleradio Şirkəti nəzdində “Azəri” şöbəsi fəaliyyət göstərir. Bişkek şəhərində azərbaycanlı uşaqlar üçün Bazar günü məktəbi açılmış, “Ulduzlar” folklor özfəaliyyət ansamblı yaradılmışdır. Rusiya Federasiyası (RF) Rusiya ərazisində yaşayan azərbaycanlıların ümumi sayı 3 milyona yaxındır. Ölkədə fəaliyyət göstərən ən güclü Azərbaycan diaspor təşkilatı “Ümumrusiya Azərbaycanlıları Konqresi”dir. 2001-ci il 5 mart tarixli təsis qurultayında Rusiya və Azərbaycanın yüksək dövlət rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yaradılan konqres Rusiya Federasiyası ərazisində millətlərarası barışığın və vətəndaş sülhünün möhkəmləndirilməsi, Rusiya dövləti ilə Azərbaycan Respublikası arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişaf etməsi və dərinləşməsi prosesinə yardım göstərməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycanlıların milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarının, sosial təminatının müdafiəsi, Rusiya ərazisində yaşayan digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmət ÜAK-ın başlıca vəzifələrindəndir. Eyni zamanda, konqres Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin, siyasi əlaqələrin inkişaf etdirilməsi istiqamətində real addımlar atmışdır. Rusiya ərazisində yaşayan azərbaycanlıların bir çox görkəmli nümayəndəsi konqresin işinə cəlb olunmuşlar: Rusiya Federasiyasının 73 subyektində təşkilatın regional şöbələri fəaliyyət göstərir. Bundan əlavə, digər milli cəmiyyət və icmalar ÜAK-ın kollektiv üzvləridir: “Ocaq” Mədəniyyət Mərkəzi (Moskva), “Azərbaycan” Cəmiyyəti (Moskva), “Azərbaycan-türk xalqları” (Kirov vilayəti), “Nizami” Cəmiyyəti (Ulyanovsk), “Azəri-Dərbənd” (Dağıstan), “Odlar Yurdu” (Stavropol), “Abşeron” (Kalininqrad), “DostluqDrujba” (Tula), “Dalğa” (Perm), “Xəzri” (Novosibirsk), “Azərbaycan Mədəniyyət Mərkəzi” (Buryatiya), “Ozan” (Çelyabinsk), “Əhli-Beyt” (Moskva), Tver, Kostroma, Tümen vilayətlərində fəaliyyət göstərən milli-mədəni muxtariyyətlər və s. Eyni zamanda, RF-nın Şimal-Qərb, Volqaboyu, Ural, Sibir və Uzaq Şərq federal dairələrində yerli şöbələrin fəaliyyətlərini əlaqələndirmək məqsədilə ÜAK-ın dairə şuraları yaradılmışdır. Konqresin mərkəzi strukturuna “İqtisadi İnkişaf Fondu”, “Hüquqi Müdafiə Mərkəzi”, “Азербайджанский Конгресс” qəzeti də daxildir. Rusiya ərazisində azərbaycanlıların ilk teleradio şirkəti, RF-də verilişlərini milli dildə yayımlayan “İnter-Azərbaycan” şirkəti, “Millətin səsi”, “Asudə vaxt” qəzetləri, “İrs” elmi-publisistik jurnalı, “Azərbaycan” kommersiya-sərgi mərkəzi də ÜAK-ın yardımı ilə fəaliyyət göstərir. Azərbaycan diasporunun Rusiya ərazisindəki strukturlarından biri də 1999-cu il oktyabrın 1-dəqeydiyyatdan keçmiş “Azərros” Federal Milli-Mədəni Muxtariyyətidir (FMMM). Moskva, Tver, Yaroslavl şəhərlərində fəaliyyət göstərən regional milli-mədəni muxtariyyətlərin bazasında təşkil olunmuş cəmiyyətin məram və vəzifələri Rusiyada daimi və müvəqqəti məskunlaşan azərbaycanlıları mütəşəkkil icma halında cəmləşdirmək, tarixi vətəndən kənarda milli mədəniyyətin, adət-ənənələrin qorunmasına yardımçı olmaq, Rusiyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların yerli mühitə adaptasiyasını, hüquqi müdafiəsini təşkil etməkdir. 2001-ci ildən təşkilatın “Азербайджанцы России” qəzeti nəşr olunur. Cəmiyyətin fəal dəstəyi ilə “Azərmediya” nəşriyyat evi, “Şəhriyar” ədəbi-ictimai məclisi fəaliyyət göstərir. FMMM-ə regional icmalarla (Moskva, Tver, Yaroslavl, Komi, Sankt-Peterburq, Kostroma şəhər şöbələri) birlikdə “Бакинец” cəmiyyəti və son zamanlar Volqoqrad, Saratov, Həştərxan, Voronej, Arxangelsk və Novosibirsk şəhərlərində yaradılmış milli mədəniyyət ocaqları da daxildir. Təşkilat Ukrayna, Moldova, Belarus, Estoniya, Qazaxıstan, Kanada və ABŞ-da fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə də əlaqələr yaratmışdır. Rusiyada regional milli diaspor təşkilatları arasında özünün fəaliyyəti ilə seçilən cəmiyyətlərdən biri Sankt-Peterburq şəhərində 1999-cu ildə yaradılmış “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti”dir. Rusiya Federasiyasının bu ikinci böyük şəhərində azərbaycanlıların sayı 1988-93-cü illər ərzində xüsusilə artmışdır. AMMM-in fəal dəstəyi ilə artıq bir neçə ildir ki, burada azərbaycanlıların Bazar günü məktəbi, “Çinar” uşaq rəqs ansamblı fəaliyyət göstərir. “Azəri” qəzeti və “Диалог цивилизаций” jurnalı nəşr olunur. Ukrayna Respublikası Avropada ən fəal diaspor təşkilatlarından biri də 1999-cu ilin martında yaradılmış “Ukrayna Azərbaycanlıları Konqresi”dir (UAK). Cəmiyyət Ukrayna ərazisində yaşayan azərbaycanlıların milli-mədəni ənənələrinin qorunmasında, sosial-iqtisadi və ictimai-siyasi problemlərin həllində mühüm rol oynayır. Ukraynanın 27 inzibati mərkəzində (Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Lvov, Odessa, Poltava, Sevastopol, Ternopol, Xarkov, Xerson, Çerkassk, Çerniqov və digərləri) UAK-ın regional şöbələri vardır. Konqres fəaliyyət göstərdiyi ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müxtəlif ictimai-mədəni və xeyriyyə aksiyaları keçirir, Ukraynadakı digər diaspor mərkəzləri, ictimai və dövlət təşkilatları, xeyriyyə fondları ilə əməkdaşlıq əlaqələri qurur. Cəmiyyətin xətti ilə çernobılçılara, Zakarpatyedə təbii fəlakətlərdən, Donbass şaxtalarında baş vermiş qəzalardan ziyan çəkmişlərə, həmçinin uşaq evlərinə, internatlara, müharibə veteranlarına maddi yardım göstərilir. Konqresin nəzdində “Azərbaycan” ansamblı fəaliyyət göstərir. Cəmiyyətin bir sıra regional şöbələri nəzdində Bazar günü məktəbləri işləyir. Kiyevdə konqresin “Голос Азербайджана” qəzeti nəşr olunur. Konqresin təşəbbüsü ilə Azərbaycan və Ukrayna arasında tələbə mübadilələri, elmi müəssisələrin əməkdaşlığı haqqında müqavilələr imzalanmışdır. Konqres Azərbaycan və Ukraynanın dövlət və milli bayramlarının, tarixi günlərinin qeyd olunmasında, Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni tədbirlərində fəal iştirak edir. Türkiyə Cümhuriyyəti Türkiyə ərazisində 1991-2002-ci illərdə “İzmir Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi”, “Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Bursa Azərbaycan Evi Dərnəyi”, “Kocaeli Azərbaycan Evi Dərnəyi”, “Çanakkale Azərbaycan Evi Dərnəyi”, “Balıkesir Azərbaycan Evi Dərnəyi”, “Aydın Azərbaycan Evi Dərnəyi”, “Muğla Azərbaycan Evi Dərnəyi”, “Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Antalya Azərbaycan Evi Dərnəyi”, “Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “İğdır Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Hatay Azərbaycan Türk Kültür Merkezi”, “İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi”, “Edirne Azərbaycan Evi Dərnəyi” və s. cəmiyyətlər yaradılmışdır. 2004-cü ilin mayında İskəndərun şəhərində Türkiyədəki Azərbaycan təşkilatlarmı özündə birləşdirən “Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası” (TADF) təsis olunmuşdur. Federasiya ölkənin 20-yə yaxın şəhərində (Ankara, İstanbul, İzmir, Balıkesir, Tire, Dörtyol, Çanaqqala, İqdır və s.) fəaliyyət göstərən “Azərbaycan Evi” cəmiyyətlərini əhatə edir. Qurum Türkiyədə Azərbaycan maraqlarmı təbliğ edir, Azərbaycan təşkilatlarının işini əlaqələndirir. Türkiyədəki Azərbaycan dərnəkləri fəaliyyət göstərdikləri bölgənin ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında fəal rol oynayırlar. “İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi” 2004-cü ilin yanvarından “Azərbaycan Dünyası” adlı jurnal buraxır.  

May 3, 2016 3:49

“İrəvan gerçəyi, soyqırım yalanı” adlı konfrans keçirilib

Türkiyədə İstanbul Türkiyə- Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən "İrəvan gerçəyi, soyqırım yalanı" adlı konfrans keçirilib. Konfransda Azərbaycan və türk diaspor üzvləri, mətbuat nümayəndələri iştirak edib. Çıxış edən İrəvan xanı Hüseynəli xanın nəvəsi Turxan Turqut, türklərin İrəvandakı mövcudluğunun yüz illər əvvələ söykəndiyini, bu ərazilərdə çox az sayda erməni və kürd ailələrinin məskunlaşdığını bildirib. Ermənistanın türk və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini, türk toponimlərini dəyişdirdiklərini qeyd edən Toğrul Turqut vurğulayıb:"1914-cü ildə İrəvanda 270 min türk olduğu halda, 1926-cı ildə bu rəqəm 89 minə enmişdi. Bu gün isə İrəvanda türk qalıb-qalmamağı barədə məlumat yoxdur. Çox güman ki, qalmayıb, çünki, qalanlar ermənilər tərəfindən öldürüldü. Bundan başqa, 667 kənd, qəsəbə və şəhərin adı dəyişdirildi. 1918-1987 illər ərzində 254 məskunlaşma vahidinin adlarını xəritədən sildilər”. İSTAD sədri Səfər Qaraqoyunlu isə çıxışında türklərin ermənilərə qarşı yox, ermənilərin türklərə soyqırım törətdiyini bildirib:“Biz 1915-ci ildə imperialist qüvvələrə qarşı vuruşarkən ermənilər hər cəbhədə türkləri arxadan vuraraq düşmənlərlə müttəfiqlik edib və bunun nəticəsində də təcrid və sürgünə məruz qalıblar. Sürgün və köç əsnasında ermənilər keçdikləri kəndlərə, şəhərlərə hücum edərək yandırıblar. 1915-ci ildə əli silah tutan hər kəs cəbhələrdə döyüşərkən ermənilər bu vəziyyətdən istifadə edərək Anadoluda olduğu kimi Azərbaycanın müxtəlif bölgələrində soyqırımlar törədiblər”. Səfər Qaraqoyunlu 1905-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktlarından söhbət açaraq 1918-ci il soyqırımları, həmçinin 1992-ci ildə Xocalıda baş verənlər haqqında məlumat verib. Konfransda çıxış edənlər Türkiyə və Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini ifadə ediblər. Konfransın sonunda İSTAD idarə heyəti tərəfindən Turxan Turquta və “Şəhid Anaları” dərnəyinin rəhbəri Pakizə Akbabaya İSTAD-ın fəxri üzvlü nişanı təqdim edilib.

Aprel 26, 2016 8:55

Azərbaycan diasporasının tarixindən…

Statistik məlumatlara görə, Dünya üzrə azərbaycanlıların sayı 50 milyon nəfərdir, onlardan 10 milyondan çoxu mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətləriylə bir-birindən fərqlənirlər.  Hələ XX əsrin əvvəllərinə qədər ölkəmizdən əcnəbi ölkələrə mühacirət edən soydaşlarımızın şəxsiyyətini təsdiq edən  vəsiqələrində "rus təbəəsi" yazılırdı ki, bu da onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. Həmin dövrlərdə yaşamaq üçün Rusiyanı seçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi qeydiyyata alınırdı. Güney Azərbaycan ərazisində yaşayan azərbaycanlılar isə "İran təbəəsi" kimi təqdim olunurdu. Nəticə etibarilə bu kimi arzuolunmaz vəziyyət əcnəbi ölkələrdə  yaşayan soydaşlarımızın rus, türk və fars diasporalarının tərkib hissəsi olaraq qəbul etdirmiş və bunun nəticəsində azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Mövcud problemlərə baxmayaraq azərbaycanlılar hər zaman milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamışlar, Vətənlə olan əlaqələrini bir an olsun belə itirməmişlər. Dünyada olan soydaşlarımızın harda məskunlaşması bu məqamda diqqəti çəkə bilər. Elə isə nəzərdən keçirək. Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində məskunlaşmış soydaşlarımızın sayı-ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsində məskunlaşan soydaşlarımızın bir çoxu İrandan miqrasiya etmiş insanlardır. Azərbaycan diasporunun yayılma coğrafiyası və əlbəttə ki,  say tərkibinə görə geniş olduğu ikinci qitə Avropa göstərilir. Statistik göstəricilərə görə, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çoxdur. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var. VII əsrin sonu-VIII əsrin əvvəlləri xilafət ordusunun Azərbaycana yürüşü və islam dininin yayılması ilə diqqətdə dayanan bir tarixdir. Ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını nəticəsində  diasporanın yaranmasının təməli qoyulub. X-XIX əsrlər... Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, region xalqlarının intibahında öndə olması sayəsində əcnəbi ölkələlərdə məskunlaşması daha geniş forma almağa başlamışdır. Azərbaycan diasporunun formalaşmasının III mərhələsinə diqqət yetirərkən görürük ki, həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Diasporanın formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonrakı dövrə təsadüf edir. Mühacirlərin axını və Avropada Azərbaycan diasporasının təşəkkülü…1941-1945-ci illər- II Dünya müharibəsi dövrü əsirlikdən dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporanın formalaşmasının V mərhələsi kimi qiymətləndirilir.  Sovetlər Birliyinin süqutundan sonra Avropa ölkələrində yaşayan azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporanın təşəkkülünün son mərhələsi kimi qiymətləndirilir. Qeyd etdiyimiz kimi II Dünya müharibəsi illərində də Azərbaycan diasporunun fəaliyyəti diqqətəlayiq idi. Alman ordusunun tərkibində 804 və 805 saylı legioner dəstənin üzvləri hərbi əsirlər olan Azərbaycan əsgərlərilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də daxil idi. Sovetlər Birliyinin süqutu nəticəsində Azərbaycanın müstəqillik əldə edəcəyinə ümid edən azərbaycanlılar böyük cəsarətlə savaşa qatıldılar. Ancaq müharibənin gözlənilən nəticənin əksinə bitməsi Azərbaycan legionerlərinin Vətənə dönmək şanslarını tamamilə itirdi. Nizamsız və pərakəndə şəklində Qərb dövlətlərinə səpələnən azərbaycanlıların bir qismi müəyyən səbəblərlə bağlı qapalı və gizli bir həyat yaşamaq məcburuyyətində qaldılar. Milli kimlikləri və Azərbaycan adət-ənənələrini qoruyub saxlamış olan bu şəxslər çox təəssüf ki, diaspora fəaliyyətində passivlik göstərmişdilər. 1980-ci illər…Sovetlər Birliyinin məhvə doğru gedişi diqqətdən yayınmırdı. Yenidənqurma siyasəti Azərbaycan diasporunun Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratmağa başladı. Azərbaycanda yaradılan "Vətən", "Yurd", "Yurddaş", "Soydaş" kimi qurumlar və mətbuat orqanları dövlət səviyyəsində olmasa da, elmi, mədəni, ədəbi araşdırmalar hüdudunda bir çox işlər görmüşlər. 1990-cı ildə Türk dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə birinci Millətlərarası Böyük Azərbaycan Konqresi keçirildi. Milliyətcə azərbaycanlı olan Nihat Çətinqayanın təşəbbüsü ilə eyni ildə istanbulda keçirilən  Azərbaycan - Türk Mədəniyyəti Cəmiyyətlərinin I Qurultayı Azərbaycan diasporunun fəaliyyətində müsbət dəyişikliklər göstərməyə başladı. 1991-ci il 18 oktyabrda nəhayət ki, Azərbaycan dövlət müstəqilliyini elan etdi. Məhz həmin tarixdən başlayaraq Azərbaycan diasporu ilə müstəqil Azərbaycan Respublikası arasında olan münasibətlər normal istiqamətdə davam etməyə başladı. Hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi qərarı 16 dekabr 1991-ci ildə Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən təsdiqləndi. Önəmli tarixi əhəmiyyətə malik olan sənəd həmin il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası tərəfindən də qəbul edildi. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olan tarixi sənəd Azərbaycan diasporu tərəfindən rəğbətlə qarşılandı. Bunun nəticəsidir ki, hər il dekabrın 31-i böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. 1993-cü ildən etibarən Azərbaycan diasporuna dövlət səviyyəsində böyük diqqət yetirilməyə başladı. Bu istiqamətdə başlanılan işlər elə ilk günlərdən öz müsbət nəticələrini verməyə başladı. Heydər Əliyevin əcnəbi dövlətlərə etdiyi səfərlər zamanı Azərbaycan diasporu qarşısında konkret məqsəd və vəzifələr qoyaraq əcnəbi ölkələrdə olan azərbaycanlıların formalaşmasını, təşkilatlanmasını və lobbiçilik etməsinin zəruri olduğunu bildirmişdir. 23 may 2001-ci ildə "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 724 saylı sərəncam  Azərbaycan dövlətinin qarşısında diasporun mühüm amil olduğunu göstərən bariz nümunələrdən biridir. 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri hesab olunur. I Qurultay Azərbaycan diasporunu keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qabarıq şəkildə sübut etdi. Qurultayda Azərbaycan diasporu - dünya azərbaycanlılarının həmrəyliyi, soydaşlarımızın qüvvəsini və diqqətinin Azərbaycana yönəlməsi kimi vacib problemlərin həm nəzəri, həm də əməli tərəfləriylə bağlı bir çox məsələlər öz həllini tapdı.  Qurultayda milli birliyimiz, xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində formalaşması, təşkilatlanması və azərbaycançılıq ideyalarını geniş masştabda müdafiə etmələri üçün strateji proqram müəyyən edildi. Dünya Azərbaycanlılarının I Qurultayının mühüm nəticələrindən biri də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması oldu ki, qurumun səlahiyyətlərinə dünya azərbaycanlılarının təşkilatlanması və milli-mənəvi dəyərlərin qorunub saxlanılması daxildir. Dünya Azərbaycanlılarının II Qurultayının 2005-ci ilin mart ayının 16-da keçirilməsi də Azərbaycan dövlətinin diaspora olan qayğısının bariz göstəricisdir. Prezident İlham Əliyevin rəhbəriyi altında keçirilən II Qurultayın əsas məqsədi Azəri-Türk diaspor birliyinin yaradılması, lobbiçilik fəaliyyəti, azərbaycançılıq ideologiyasıının təbliği və ən əsası isə dövlət-diaspor münasibətlərinin daha da güclənməsi idi.  Bu istiqamətdə aparılan işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikasının prezidentinin 2002-ci il 5 iyun tarixli 730 saylı fərmanına uyğun olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradıldı. Komponent bir dövlət qurumu olan Komitə yarandığı gündən etibarən aktiv fəaliyyət göstərməkdədir. Dövlət Komitəsi eyni ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında olan ziddiyyət və fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atdı. Xaricdəki diaspor təşkilatları konqres, federasiya və konfederasiya halında birləşməsi prosesini sürətləndirən Dövlət Komitəsi azərbaycançılıq idealogiyasını təbliğ etməyə önəmli yer verir. Qarabağ problemini Azərbaycan diasporunda prioritet məsələyə çevirmək üçün Dövlət Komitəsi bir sıra işlər aparır. Ən önəmli tərəfi isə ondan ibarətdir ki, ulu öndərin dünya azərbaycanlılarının milli-əxlaqi dəyərləri və tarixi vətənlərinin şərəfini qorumağı öz müqəddəs borcları hesab etməsi istiqamətində apardığı işi Dövlət Komitəsi uğurla davam etdirir. Heydər Əliyev  21 fevral 2003-cü ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etməklə dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsini qoydu. I Qurultay qeyd etdiyimiz bu nəticələrin əldə olunmasına səbəb oldusa 2006-cı ilin 8 fevral tarixində ölkə başçısının fərmanı ilə həmin ilin mart ayınının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi işlərin daha da geniş müstəviyə çıxarlımasına şərait yaratdı. Dünya azərbaycanlılarının ll qurultayı ilk növbədə yeni dövr üçün qarşıda duran əsas vəzifələri müəyyənləşdirəcək. Çünki l qurultaydan keçən dövr ərzində diaspor quruculuğu sahəsində bir çox işlər görülüb, irəliyə doğru mühüm addımlar atılıb. 2011-ci ilin 5 iyulunda Dünya Azərbaycanlılarının növbəti, üçüncü qurultayı keçirilmişdir. Qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə, 205 qonaq daxil olmaqla ümumilikdə 1272 nümayəndə iştirak edib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasına Rusiya (153), Türkiyə (94), Ukrayna (45), Almaniya (45), Gürcüstan (40), ABŞ  (24), İsveç (22), Niderland (21) daxildi. Diaspora  Dövlət Komitəsinin sədri Nazim İbrahimovun sözlərinə görə, bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının ikinci Qurultayından bir çox cəhətləri ilə seçilir: “Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizi yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının ikinci Qurultayından keçən dövr ərzində qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik”. Komitə sədri hesab edir ki, ötən müddət ərzində əldə edilən ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır. Dünya Azərbaycanlılarının ikinci qurultayından sonra görülən işlər sırasında xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması prosesinin sürətlənməsidir. Uğurlardan biri də dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir. İndi dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, mədəniyyətimizi, adət-ənənələrimizi, xalqımıza məxsus gözəl dəyərləri təbliğ etməklə millətimiz barədə xaricdə müsbət rəy və maraq yaratmış olurlar. Təbii ki, bu gün qarşıda duran əsas problem Qarabağ münaqişəsidir. Diaspor təşkilatlarımız da bu vəzifəni aydın dərk edirlər. Hər il dünyanın bir sıra ölkələrində milli bayramlarımızla yanaşı, faciəli günlərimiz, Xocalı soyqırımının ildönümü anılır. Bu təbbirlərə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri də qatılırlar ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması və qəbul edilməsi deməkdir. Xədicə QİYAS

Aprel 16, 2016 7:48

Diaspor təşkilatları Ermənistanın təxribatçı əməllərini pisləyirlər

  Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları qoşunların təmas xəttində son günlər Ermənistanın təxribatçı əməllərini pisləyən bəyanatlar yayıblar. Ümumrusiya Azərbaycan Konqresinin bəyanatında bildirilir ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. Bu vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bərqərar olunması dayanır.Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və hərbçilərin həlak olduğu bildirilir, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilir. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin bəyanatında isə bütün beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, işğal altındakı Dağlıq Qarabağ regionu və ətraf rayonların azad olunmasının tələb edildiyi dörd qətnamənin yerinə yetirilməsinə dair mümkün tədbirlər görməyə çağırılır. İstanbul-Azərbaycan Mədəniyyət Evi dünya ictimaiyyətini və beynəlxalq qurumları Ermənistanın təcavüzkar siyasətinə biganə qalmamağa, bu siyasətə son qoymaq üçün tədbirlər görməyə çağırıb. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının bəyanatında qeyd edilir ki, təmas xəttində yaşayış məskənlərimizin atəşə tutulması və dinc sakinlərimizin öldürülməsi Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı genosid siyasətindən əl çəkmədiyini sübut edir. BMT-nin və ATƏT-in növbədənkənar təcili toplantısı çağırılmalı, Ermənistanın işğalçı əməllərinə qiymət verilməli, qətnamələrin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalıdır. Mülki əhaliyə qarşı həyata keçirilən silahlı hücumu pisləyən Litva Azərbaycanlıları Cəmiyyəti isə bildirib ki, Baltik ölkələrində yaşayan soydaşlarımız xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməyə həmişə hazırdırlar. Avropa Azərbaycanlıları Konqresi Ermənistan silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bildirib. Bu qurum beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb. Almaniyanın Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmit alman ictimaiyyətinə ünvanladığı müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini faktlarda diqqətə çatdırıb. O, alman ictimaiyyətini baş verən hadisələrə biganə qalmamağa çağırıb. Deputat bildirib ki, Azərbaycanın münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin bəyanatında da erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlar, işğalçı dövlətin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib. Xarici ölkələrdə yaşayan gənc diaspor nümayəndələri son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasından, Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərinin intensiv atəşə tutulmasından və dinc əhalinin qətlə yetirilməsindən dərin narahatlıqlarını ifadə edən bəyanat yayıblar. Bəyanatda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq həyata keçirilən təxribat və diversiya aktları, xüsusilə də mülki əhalinin qəsdən qətlə yetirilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi qeyd olunaraq bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi vurğulanıb.  

Aprel 5, 2016 2:58