TASS informasiya agentliyinin məlumatı…

Braziliyanın Rio-de-Janeyro ştatının sakinləri çox vaxt zirehli avtomobillərə üstünlük verir. Bu tendensiyaya yüksək cinayətkarlıq səviyyəsi və küçələrdə atışmaların sayının artması səbəb olub. TASS informasiya agentliyi xəbər verir ki, Braziliyanın zirehli avtomobillər üzrə mütəxəssislər assosiasiyasının məlumatına əsasən, son aylar bu cür nəqliyyat vasitələrinə tələbat 43 faiz artıb. Yanvar ayından avqustadək Rio-de Janeyro ştatında 1922 nəfər öz avtomobillərini zirehlə təmin etməyə qərar verib. Keçən ilin analoji dövründə isə bu xidmət növündən 1342 nəfər faydalanmışdı. Avtomobilin zirehlənməsi azı 42 min reala (13 min dollar) və daha baha qiymətə başa gəlir. Zirehli avtomobillər üzrə ixtisaslaşmış “MF4 Blindagem” kompaniyasının direktoru Rodriqu Pereyra hər dəfə növbəti səs-küylü cinayətdən sonra müştəri axınına şahid olduğunu qeyd edir. Yüksək cinayətkarlıq səviyyəsi Braziliyanın üzləşdiyi əsas problemlərdən biridir. “Braziliyanın ictimai təhlükəsizlik forumu” qeyri-hökumət təşkilatının məlumatına əsasən, Cənubi Amerikanın ən böyük dövlətində keçən il ümumilikdə 58 min nəfərdən çox insan zorakılığın qurbanı olub. Başqa sözlə desək, ölkədə cinayətkarlıq səbəbindən hər 9 dəqiqədə bir nəfər, sutka ərzində isə 160 nəfər həyatını itirir.xeber100.com

Noyabr 1, 2016 12:02