“Windows 10 Creators Update”nin təqdimatı

"Microsoft" korporasiyası Nyu-Yorkda keçirilmiş təqdimatda "Surface Studio" adlı ilk şəxsi istehsalı olan masaüstü kompüterini, "Surface Book i7" adlı yeni noutbuk-transformerini və simsiz virtual reallıq şlemlərini nümayiş etdirib, həmçinin "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi haqda detalları bölüşüb. "vesti.ru" saytı xəbər verir ki, "Surface Studio" – bu, proqram nəhənginin qrafika sahəsində ekspertlər, dizaynerlər, illüstratorlar və yaradıcılıq peşələrinin başqa nümayəndələri üçün nəzərdə tutulmuş ilk fərdi kompüteridir (FK). Monoblok 28 düymlük sensor ekrana (13.5 milyon piksel, tərəflərin nisbəti – 3:2) malikdir, çox nazik korpus və aparatı həm üfüqi, həm də şaquli vəziyyətdə qalmağa imkan verən daxili şarnirlə təchiz edilib. "Microsoft"un rəsmisi bildirib ki, "Surface Studio" monoblokunun sensor ekranı təsadüfi toxunuşları (məsələn, dirsəklə) qeydə almır və stilusla toxunuşlara ani reaksiya verir. "Microsoft", həmçinin "Windows 10" sistemi ilə işləyən və holoqramların göstərilməsi funksiyasına malik virtual reallıq şlemlərini təqdim edib. Bu şlemləri "HP", "Dell", "Lenovo", "Asus" və "Acer" şirkətləri istehsal edəcək. Amma bu şirkətlərdən heç biri virtual reallıq bazarında aparıcı iştirakçı deyil. Bundan başqa, şirkət "Windows 10" əməliyyat sisteminin növbəti böyük yeniləməsi – "Windows 10 Creators Update"ni təqdim edib. 2017-ci ilin yazında onu pulsuz yükləmək mümkün olacaq.xeber100.com

Oktyabr 28, 2016 12:09