Azadlıq Günü ABŞ-da federal bayram elan edilib

ABŞ-da hər il iyunun 19-da qeyd edilən “Juneteenth” və ya belə adlandırılan “Azadlıq Günü” Birləşmiş Ştatlarda köləliyə həqiqətən son qoyulması deməkdir.Azərtac xəbər verir ki, bu həftə ABŞ Senatı həmin günün federal bayram elan edilməsi haqqında qanunu yekdilliklə qəbul edib.1865-ci il aprel ayında ABŞ-da Vətəndaş müharibəsi başa çatandan sonra, iyunun 19-da İttifaq ordusunun generalı Qordon Qreyncer Texas ştatında köləliyin ləğv olunduğunu elan edib. Bu hadisə emansipasiya (asılılıqdan azadlıq) elan olunandan təqribən iki il sonra baş verib. İndiyə qədər bu bayram 47 ştatda və Kolumbiya dairəsində qeyd olunurdu, indi isə milli səviyyədə qeyd ediləcək.Senatda çoxluq təşkil edən demokratların lideri Çak Şumer belə bir qanun qəbul edilməsi təklifini irəli sürüb və senatorlardan heç biri buna etiraz etməyib. Keçən il bu qanun layihəsinin qəbul edilməsinə imkan verməmiş senator Ron Conson iyunun 15-də öz etirazını geri götürüb. Conson bu barədə bəyanatında deyib: “Çox qəribədir, indi vergi ödəyiciləri köləliyə son qoyulmasını bayram etmək üçün federal qulluqçulara ödənişli məzuniyyət verməlidirlər, lakin aydındır ki, Konqres bu məsələnin müzakirəsini davam etdirmək istəmir. Buna görə mən etiraz etməyə hazırlaşmıram”.Qanun layihəsi Senatdan Nümayəndələr Palatasına daxil olacaq. Burada qəbul ediləcəyi halda sənəd Bayden tərəfindən imzalanacaq və iyunun 19-u ABŞ-da 11-ci federal bayram olacaq.xeber100.com

İyun 17, 2021 3:07

Təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılıq əldə edilib

Yaponiya və Avstraliya təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirmək barədə razılığa gəliblər.Azərtac xəbər verir ki, bu barədə razılaşma iyunun 9-da nazirlərin iştirakı ilə “2+2” formatında keçirilən onlayn görüşdə əldə edilib.Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi avstraliyalı həmkarları Mariz Peyn və Piter Dattonla müxtəlif məsələləri müzakirə ediblər.Görüşün əvvəlində T.Moteqi bildirib ki, Hind-Sakit okean regionunda birtərəfli qaydada status-kvonun dəyişdirilməsinə cəhdlər səbəbindən strateji rəqabətin artması beynəlxalq qaydalarda ciddi problemlər yaradır. Buna görə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrə ciddi ehtiyac var.N.Kişi isə deyib ki, ümumi dəyərlərə və strateji maraqlara malik ölkələrin güclərini birləşdirməsi bu gün aktual xarakter alıb. Hind-Sakit okean regionunda sülhün və sabitliyin qorunması üçün Yaponiya özünümüdafiə qüvvələri və Avstraliya silahlı qüvvələri birlikdə inkişaf etməlidirlər.Görüşdə nazirlər Şərqi Çin və Cənubi Çin dənizlərində baş verən hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.Tokio ilə Kanberra arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək məqsədilə Avstraliya hərbçilərinin 2016-cı ildə Yaponiyada qüvvəyə minmiş qanuna müvafiq olaraq özünümüdafiə qüvvələri tərəfindən müdafiə edilən əcnəbi hərbi tərəfdaşlar siyahısına daxil edilməsi qərara alınıb.xeber100.com

İyun 9, 2021 3:21

İtaliya hökuməti ölkə əhalisinin 80 faizini peyvəndləməyi hədəfləyir

İtaliya hökuməti 12-15 yaş arası uşaqlar da daxil olmaqla ölkədə 54,3 milyon nəfəri sentyabr ayına kimi koronavirus əleyhinə peyvənd olunmasını hədəf alıb.Azərtac xəbər verir ki, bu, ölkə əhalisinin 80 faizi deməkdir. Vaksinasiya kampaniyası üzrə məsul hökumət komissarı Françesko Paolo Fiqliuolo bildirib ki, bu məqsədə nail olmaq üçün resurslar, zaman və vəsaitlərdən düzgün istifadə olunmalıdır.Qeyd edilib ki, aktual pandemiya ssenarilərinə əsasən, ölkə sakinləri üçün peyvəndin üçüncü dozasına da ehtiyac yarana bilər. Bu tələbat bir sıra faktorlardan, xüsusilə də epidemioloji vəziyyətin inkişafından asılı olacaq.Koronavirus pandemiyasının Avropada ən ağır zərbələrdən birini vurduğu İtaliyada hazırda vaksinasiya kampaniyası tam sürətlə irəliləyir və ölkə üzrə tətbiq olunan peyvənd dozalarının gündəlik miqdarı 600 mini ötüb. Eyni zamanda, koronavirusa yoluxma halları da azalır və iyunun 7-də yeni yoluxma hallarının sayı 1273 olub. Bu, 15 sentyabr 2020-ci ildən bəri ən aşağı yoluxma göstəricisidir.İyunun 7-dən etibarən İtaliyanın 20 regionundan yeddisi “ağ zona” elan edilib və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ən aşağı səviyyəyə endirilib. Digər regionlar isə iyunun 21-dək “sarı zona” olaraq qalacaqlar.xeber100.com

İyun 8, 2021 3:11

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.“Tacikistan tərəfi iyunun 4-də yerli vaxtla saat 03:00-da Oş vilayətinin Çon-Alay rayonunun Unju-Bulak məntəqəsində Qırğızıstan ərazisinin bir kilometr dərinliyinə daxil olaraq konteyner quraşdırıb”, - deyə məlumatda bildirilir.Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, hazırda sərhədin Tacikistan tərəfində hərbçilərin və yüngül zirehli texnikanın cəmlənməsi müşahidə edilir. Qırğızıstan vəziyyətin sərhəd təmsilçiləri səviyyəsində nizamlanması üçün tədbirlər görür, lakin qarşı tərəf telefon zənglərinə cavab vermir.Qurum rəsmilərinin sözlərinə görə, Tacikistanla sərhədyanı rayonlarda yerləşən Qırğızıstan Sərhəd Xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Qarşıdurma nəticəsində Qırğızıstanın 36 vətəndaşı həlak olub, 200-ə yaxın insan yaralanıb. Tacikistan isə 19 vətəndaşının öldüyünü 87 nəfərin isə xəsarət aldığını bildirib.xeber100.com  

İyun 4, 2021 12:21