“Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir

Özbəkistanın Namanqan şəhərində “Namangan Flowers-2021” 60-cı beynəlxalq gül festivalı keçirilir.Azərtac xəbər verir ki, bu şəhərdə 1961-ci ildən keçirilən gül bayramı hər il şəhər sakinlərini və qonaqları özünə cəlb edir.Yubiley bayramında Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn professional gülçülər, landşaft dizaynerləri, tanınmış floristlər və gül həvəskarları iştirak ediblər.Gül festivalı güllərlə bəzədilən 150-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərinin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Maşınların bəzədilməsinə 11 milyon ədəd müxtəlif gül işlədilib. Maşınların paradını şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar.Namanqan vilayətinin hakimi Şavkat Abdurazakov şəhər sakinlərini və qonaqları salamlayıb, güllərin sülh, məhəbbət və inkişaf rəmzi olduğunu bildirib. Deyilib ki, 60-cı dəfə keçirilən gül bayramının əsas məqsədi insanlara sevinc və fərəh bəxş etmək, gülçülüyün inkişafına dəstək olmaq, yeni innovasiya texnologiyalarından istifadə etməklə gülçülüyü gəlirli sahəyə çevirməkdən ibarətdir.xeber100.com

May 25, 2021 11:32

2020-ci ildə müdafiəyə ayrılan xərclər 2 trilyon ABŞ dollarına bərabər olub

2020-ci ildə dünya üzrə müdafiəyə ayrılan xərclər təqribən 2 trilyon ABŞ dollarına bərabər olub.Azərtac Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, 2020-ci ildə dünya üzrə hərbi xərclər 2019-cu illə müqayisədə 2,6 faiz artaraq, 1981 milyard ABŞ dollarına bərabər olub.2020-ci ildə ən iri müdafiə büdcəsinə malik ölkələrin beşliyinə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya daxildir ki, dünya üzrə məcmu hərbi xərclərin 62 faizi onların payına düşür.Tədqiqatçıların qeyd etdiyi kimi, hərbi xərclərin 2,6 faiz artması ÜDM-in dünya üzrə əsasən COVID-19 pandemiyasının iqtisadi fəsadları ilə bağlı 4,4 faiz azaldığı ildə baş verib. İqtisadiyyatın zəifləməsi nəticəsində hərbi xərclərin dünya üzrə orta göstəricisi 2019-cu ildə ÜDM-in 2,2 faizi ilə müqayisədə 2020-ci ildə ÜDM-in 2,4 faizinə çatıb. Bu, 2009-cu böhran ilindən bəri illik hesablamada hərbi xərclərin ən yüksək artımıdır.Bununla belə, pandemiya bu sahədən də yan keçməyib və 2020-ci ildə bir sıra ölkələr müdafiə xərclərinin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönləndirməli olublar. Cənubi Koreya, Braziliya, Rusiya və Çili müdafiə sahəsinə əvvəlcədən planlaşdırıldığından az vəsait xərcləyən ölkələrdəndir. SIPRI ekspertləri pandemiya şəraitində başqa ölkələrdə də bu trendin davamlı olması ehtimalını yüksək dəyərləndirirlər.Ekspertlər ümumilikdə, ABŞ-ın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artmasını qeyd edirlər. 2020-ci ildə ABŞ-ın hərbi xərcləri təqribən 778 milyard dollara çatıb, bu da 2019-cu illə müqayisədə 4,4 faiz çoxdur. İllik hesablamada 2020-ci ildə dünya üzrə hərbi xərclərin 39 faizi ABŞ-ın payına düşür. Beləliklə, ABŞ-ın hərbi xərcləri 7 illik fasiləsiz azalmadan sonra ardıcıl olaraq üçüncü ildir ki, artıb.Ardıcıl olaraq 26 ildir Çinin hərbi xərcləri artaraq, 2020-ci ildə 252 milyard ABŞ dolları təşkil edib. Bu, 2019-cu illə müqayisədə 1,9 faiz artımı ifadə edir.Hərbi xərclərin artımı NATO-ya üzv ölkələr arasında da müşahidə edilib. Praktiki olaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatının bütün üzvləri 2020-ci ildə hərbi yükün artımı ilə qarşılaşıblar. Nəticədə NATO-ya üzv 12 ölkə hərbi xərclərə öz ÜDM-lərinin 2 faizi və ya daha çox vəsait sərf ediblər.xeber100.com    

Aprel 26, 2021 3:08