Futbol üzrə İngiltərə Premyer Liqasının səkkizinci turunda

Futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun beş oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Liverpul” öz meydanında “Lester Siti” klubuna 2:1 hesabı ilə qalib gəlib.Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. “Lester Siti” 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.Xatırladaq ki, Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. “Lester Siti” isə 14 xalla üçüncü yeri tutur.“Liverpul” klubunun çempionluq uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti” oktyabrın 6-da öz meydanında “Volverhemton” komandasını qəbul edəcək.Turun ən gözlənilməz nəticəsi “Amerikan Express” stadionunda qeydə alınıb. Həmin oyunda Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Brayton” klubuna böyük hesabla uduzub - 0:3.Digər üç oyunu belə nəticələnib: “Börnli” - “Everton” - 1:0, “Norviç Siti” - “Aston Villa” - 1:5, “Vatford” - “Şeffild Yunayted” - 0:0. Hazırda “Vesthem Yunayted”-“Kristal palas” qarşılaşması oynanılır.xeber100.com

Oktyabr 5, 2019 8:44

Şahmat üzrə dünya kuboku turnirinin finalında

Oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında tay-breyk partiyaları keçiriləcək.Azərtac xəbər verir ki, birinci tay-breyk qarşılaşmasında şahmatçımız ağ fiqurlarla oynayacaq.Şahmatçılar arasında ötən gün oynanılan dördüncü görüşdə heç-heçə qeydə alınıb. Bununla da ümumi hesab 2:2 olub. Qrossmeysterlər final qarşılaşmasının birinci görüşündə də xalları yarı bölüblər. Lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. Beləliklə, qalibin müəyyənləşməsi üçün şahmatçılar iki tay-breyk qarşılaşması oynayacaqlar.Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Oktyabr 4, 2019 11:30

“Barselona” futbol klubu “İnter” komandasını qəbul edib

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci günün ən dramatik matçı “Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada “Barselona” İtaliyanın “İnter" komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıb: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb - 1:0. Qoldan sonra irəli atılan Kataloniya təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq birinci hissə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” istəyinə 58-ci dəqiqədə çatıb. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb - 1:1.Oyunun başa çatmasına altı dəqiqə qalmış Luis Suares ikinci qolu vuraraq komandasına vacib qələbə qazandırıb - 2:1.Beləliklə, “Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ernesto Valverdinin yetirmələri ilk turda səfərdə Almaniyanın “Borussiya” klubu ilə heç-heçə ediblər - 0:0. “İnter” isə F qrupunun autsayderi sayılan “Slaviya Praqa”nı məğlub edə bilməyib - 0:0.Turnirdə İngiltərənin “Liverpul”u Avstriyanin "Zatlsburq" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.xeber100.com  

Oktyabr 3, 2019 12:31

UEFA Avropa Liqasının ikinci turuna start verilir

Oktyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları baş tutacaq.Azərtac xəbər verir ki, Türkiyənin 3 təmsilçisi ikinci oyunlarını öz meydanlarında keçirəcək. Belə ki, “Trabzonspor” “Xetafe” (İspaniya) komandasını, “Başakşehir” “Borussiya Mönxenqladbax”ı (Almaniya), “Beşiktaş” isə İngiltərənin “Vulverhempton” klubunu qəbul edəcək.Günün bütün görüşləri aşağıdakılardır: “A” qrupu: “Sevilya” (İspaniya) - APOEL (Kipr), “Düdelanj” (Lüksemburq) – “QARABAĞ” (AZƏRBAYCAN). Xal durumu: “Düdelanj” - 3, “Sevilya” - 3, APOEL - 0, “Qarabağ” - 0. “B” qrupu: “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Luqano” (İsveçrə) – “Dinamo” (Kiyev, Ukrayna). Xal durumu: “Kopenhagen” - 3, “Dinamo” - 3, “Luqano” - 0, “Malmö” – 0. “C” qrupu: “Krasnodar” (Rusiya) – “Xetafe” (İspaniya), “Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə). Xal durumu: “Bazel” - 3, “Xetafe”- 3, “Trabzonspor” - 0, “Krasnodar” - 0. “D” qrupu: “Sportinq” (Portuqaliya) - LASK (Avstriya), “Rusenborq” (Norveç) - PSV (Hollandiya). Xal durumu: LASK - 3, PSV - 3, “Rusenborq” - 0, “Sportinq” – 0. “E” qrupu: “Latsio” (İtaliya) – “Renn” (Fransa), “Seltik” (Şotlandiya) - ÇFR (Rumıniya). Xal durumu: ÇFR - 3, “Seltik” - 1, “Renn” - 1, “Latsio” - 0. “F” qrupu: “Arsenal” (İngiltərə) – “Standard” (Belçika), “Vitoriya” (Portuqaliya) – “Ayntraxt” (Almaniya). Xal durumu: “Arsenal” - 3, “Standard” - 3, “Ayntraxt” - 0, “Vitoriya” - 0. “G” qrupu: “Yanq Boyz” (İsveçrə) – “Qlazqo Reyncers” (Şotlandiya), “Feyenoord” (Hollandiya) – “Portu” (Portuqaliya). Xal durumu: “Portu” - 3, “Qlazqo Reyncers” - 3, “Yanq Boyz” - 0, “Feyenoord” - 0. “H” qrupu: CSKA (Rusiya) – “Espanyol” (İspaniya), “Ferentsvaroş” (Macarıstan) – “Lüdoqorets” (Bolqarıstan). Xal durumu: “Lüdoqorets” - 3, “Ferentsvaroş” - 1, “Espanyol” - 1, CSKA - 0. “I” qrupu: “Sent-Etyen” (Fransa) – “Volfsburq” (Almaniya), “Aleksandriya” (Ukrayna) – “Gent” (Belçika). Xal durumu: “Gent” - 3, “Volfsburq” - 3, “Sent-Etyen” - 0, “Aleksandriya” - 0. “J” qrupu: “Başakşehir” (Türkiyə) – “Borussiya Mönxenqladbax” (Almaniya), “Volfsberq” (Avstriya) – “Roma” (İtaliya). Xal durumu: “Roma” - 3, “Volfsberq” - 3, “İstanbul Başakşehir” - 0, “Borussiya” - 0. “K” qrupu: “Beşiktaş” (Türkiyə) – “Vulverhempton” (İngiltərə), “Braqa” (Portuqaliya) – “Slovan” (Bratislava, Slovakiya). Xal durumu: “Braqa” - 3, “Slovan” - 3, “Beşiktaş” - 0, “Vulverhempton” - 0. “L” qrupu: “Astana” (Qazaxıstan) – “Partizan” (Serbiya), “AZ Alkmaar” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə). Xal durumu: “Mançester Yunayted” - 3, “AZ Alkmaar” - 1, “Partizan” - 1, “Astana” - 0.xeber100.com

Oktyabr 3, 2019 12:27

Ağır atletika üzrə yarışların 4-cü seçmə mərhələsi keçiriləcək

Oktyabrın 5-dən 13-dək Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının 4-cü seçmə mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, yarışın məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda oktyabrın 5-6-da Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. Oktyabrın 9-10-da Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, oktyabrın 12-13-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.Mərhələ yarışları ildə 4 dəfə keçirilir.xeber100.com

Oktyabr 3, 2019 12:24