“Avro 2020”nin biletlərinin satışına start verilib

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına biletlərin satışına iyunun 12-də start verilib. Bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı iyunun 12-dən fəaliyyətə başlayıb.Azərtac xəbər verir ki, müraciətlərin qəbulunun müddəti iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarestdə və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.Bakıda keçiriləcək görüşlərdə tamaşaçı biletlərinin 82 faizi iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub. Qırx dörd oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq. Londonda keçiriləcək iki yarımfinal və final oyunları üçün nəzərdə tutulan biletlərin 40 mini 100 avrodan ucuz qiymətə təklif ediləcək. Satışların birinci mərhələsində bilet üçün müraciət etmiş, lakin əldə edə bilməmiş azarkeşlər üçün yeni imkan olan kimi onlar bu barədə dərhal məlumatlandırılacaqlar.Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.xeber100.com

İyun 12, 2019 11:32

“Avro 2020”nin seçmə mərhələsində növbəti oyununu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə üz-üzə gələcək.“Bakcell Arena”da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb.Azərbaycan yığmasında isə Eddi İsrafilov zədəlidir.Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki oyundan sonra sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.xeber100.com

İyun 11, 2019 2:59

Növbəti Formula 1 Qran-Pri mərhələsi Fransada keçiriləcək

“Mercedes”in britaniyalı pilotu Lüis Hamilton Formula 1 sinfində maşınların dünya çempionatının yeddinci mərhələsinin - Kanada Qran-Prisinin qalibi olub.Azərtac xəbər verir ki, hazırkı dünya çempionu L.Hamilton karyerasında 78-ci, mövsümdə beşinci, və Monrealda yeddinci qələbəsini qazanaraq Mixail Şumaxerin rekordunu təkrarlayıb.“Ferrari”nin pilotu alman Sebastyan Fettel finiş xəttini birinci keçib. L.Hamilton ondan 1,342 saniyə geri qalıb. Lakin 48-ci dövrədə trasa təhlükəli qayıdışına görə finişdə Fettelin vaxtına 5 saniyə cərimə əlavə olunub.S.Fettel trasa qayıdarkən L.Hamiltonun yoluna çıxaraq az qala onun divara çırpılmasına səbəb olub.S.Fettel deyib: “Mən trasa otun üstündən keçərək qayıtmağa məcbur oldum. Nə edə bilərdim ki? Bu, onun səhvidir, çünki yolun o biri hissəsindən keçdi. Bəxtim gətirdi ki, özüm divara çırpılmadım. Bu ədalətsizlikdir. Qəzəbliyəm və buna tam haqqım çatır”.Nəticədə S.Fettel ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri Fettelin komanda yoldaşı Şarl Lekler tutub.Hiddətlənmiş Fettel finişdən sonra mətbuata müsahibə verməkdən imtina edərək stüardların otağına qalxıb. Onun cəriməyə etiraz etmək cəhdləri uğursuz olub. Fettel yürüşdə yekun yerlərinin qeyd edildiyi lövhələri də dəyişdirib.L.Hamilton 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə S.Fettel (100) gəlirlər. “Mercedes” 294 xalla Konstruktorlar Kubokunda “Ferrari”dən (172) xeyli irəlidədir.Növbəti Formula 1 Qran-Pri mərhələsi iyunun 21-23-də Fransada keçiriləcək.xeber100.com

İyun 10, 2019 2:47

“iTicket” şirkəti arasında imzalanan razılıq müqaviləsi çərçivəsində

Bu il iyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılıb. Biletlərin satışı Festivalın Əməliyyat Komitəsi ilə “iTicket” şirkəti arasında imzalanan razılıq müqaviləsi çərçivəsində həyata keçirilir.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, satışa çıxarılan 146 min bilet “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının www.eyofbaku2019.com, eləcə də www.iticket.az saytlarından əldə oluna bilər. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən 12 bilet satışı məntəqəsindən də əldə edə bilərlər.Festivalın açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat təşkil edəcək. Hər iki mərasim “Baku Crystal Hall”da keçiriləcək. Bütün idman yarışlarına biletlərin ödənişsiz olmasına baxmayaraq, arenalara giriş yalnız əvvəlcədən əldə edilən biletlər vasitəsilə mümkün olacaq.Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinin biletləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici azarkeşlərdə festivala daha çox maraq oyatmaq və onların bu möhtəşəm oyunları şəxsən izləmələrinə imkan yaradacaq.İyulun 21-27-də Bakıda keçiriləcək festivalla əlaqədar Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.xeber100.com

İyun 10, 2019 2:23