UEFA Çempionlar Liqasının altıncı turuna start veriləcək

Dekabrın 11-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu - altıncı turuna start veriləcək.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması C qrupunda yer alan İngiltərənin “Liverpul” və İtaliyanın “Napoli” klubları arasında baş tutacaq. İngiltərə təmsilçisi pley-off mərhələsinə çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda “Srvena Zvezda” (Serbiya) doğma meydanda Fransanın “Paris Sen-Jermen” klubunu qəbul edəcək.Bu qrupa 9 xalla “Napoli” liderlik edir. “Paris Sen-Jermen” 8 xalla ikinci, “Liverpul” isə 7 xalla üçüncü pilədədir. “Srvena Zvezda” 4 xalla sonuncu yerdə qərarlaşıb.Turun maraq doğuran digər görüşü B qrupunda yer alan “Barselona” və “Tottenhem” komandaları arasında oynanılacaq. Kataloniyalılar növbəti mərhələyə vəsiqəni təmin etdiklərinə görə bu oyun onlar üçün formal xarakter daşıyır. Bu qrupun digər oyununda isə Hollandiyanın “PSV Eyndhoven” komandası səfərdə İtaliyanın “İnter” klubunun qonağı olacaq. Qrupdakı vəziyyətlə əlaqədar londonlulara növbəti mərhələyə yüksəlmək üçün “Barselona” ilə oyunda qələbə qazanmaqla yanaşı, “İnter”in də xal itirməsi lazımdır. Qrupun lideri “Barselona”nın 13 xalı var. Hər ikisinin yeddi xalı olan “İnter” ikinci, “Tottenhem” isə üçüncüdür. “PSV Eyndhoven” isə 1 xalla sonuncu sıradadır.Turun digər oyunlarında A qrupunda “Brügge” (Belçika) “Atletiko Madrid”i (İspaniya), “Monako” isə (Fransa) “Borussiya Dortmunt”u (Almaniya) qəbul edəcək. Bu turdakı görüşlərin nəticələrindən asılı olmayaraq, “Atletiko Madrid” (12 xal) və “Borussiya Dortmunt” (10 xal) növbəti mərhələyə vəsiqəni artıq təmin ediblər. “Brügge” 5 xalla üçüncü, “Monako” isə 1 xalla sonuncudur.İstanbulun “Qalatasaray” klubu D qrupunun lideri “Portu”nu qəbul edəcək. Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandası ilə üz-üzə gələcək. Qrupda “Portu”nun 13, “Şalke”nin 8 xalı var. “Qalatasaray” 4 xalla üçüncü, “Lokomotiv” isə 3 xalla sonuncudur. “Portu” və “Şalke” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.D qrupunun görüşləri Bakı vaxtı ilə saat 21:55-də, digər oyunlar isə gecə saat 12-də başlayacaq.xeber100.com  

Dekabr 11, 2018 12:50

“Libertadores-2018” kubokunun final oyunu keçiriləcək

Dekabrın 9-da Madriddə "Libertadores-2018" kubokunun final oyunu keçiriləcək. Azərtac bildirir ki, həmin gün şəhərdə təhlükəsizliyin təmin olunması üçün bir neçə min asayiş keşikçisi cəlb ediləcək.İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 9-da "River Pleyt" və "Boka Xuniors" komandaları arasında final oyununa tamaşa etmək üçün xüsusilə aqressiv əhval-ruhiyyəli 500-ə yaxın azarkeş gələcək. Həmin matçın neytral ərazidə keçirilməsi barədə qərar futbol fanatlarının Argentina küçələrində törətdiyi kütləvi iğtişaşlardan sonra qəbul edilib.Dekabrın 9-da "Sanytaqo Bernabeu" stadionunun ətrafında təqribən 3 min polis işçisi cəmləşəcək və təcili yardım maşınları növbə çəkəcəklər. Həm oyunçular və futbol azarkeşləri, həm də Madridin sakinləri üçün təhlükəsiz şərait yaratmaq məqsədilə büdcədən 150.000 avrodan artıq vəsait ayrılıb. Stadionun bilavasitə yaxınlığında yerləşən kiçik mağazaların, apteklərin və mətbuat köşklərinin sahibləri vitrinlərin qapılarını möhkəm bağlamağı və özləri üçün istirahət günü təşkil etməyi planlaşdırırlar."Libertadores-2018" kubokunun final oyununu noyabrın 24-də "River Pleyt" klubunun stadionunda keçirmək nəzərdə tutulurdu, lakin oyunun başlanmasına bir neçə saat qalmış aqressiv əhval-ruhiyyəli azarkeşlər əllərinə keçən əşyaları içərisində futbolçular olan avtobusa atmağa başlayıblar. Nəticədə oyunçulardan biri yaralanıb və bununla əlaqədar final oyununun başqa yerdə keçirilməsi qərara alınıb.xeber100.com

Dekabr 8, 2018 9:04