VIII beynəlxalq superturnirində növbəti 3 turun oyunu keçiriləcək

Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində bu gün növbəti 3 turun oyunu keçiriləcək. Dördüncü turda təmsilçimiz Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, növbəti görüşdə hindistanlı Qukeş Dommaracu, günün son qarşılaşmasında isə ispaniyalı Valeho Pons ilə qarşılaşacaq. Rauf Məmmədov startda Valeho Pons, sonra ABŞ təmsilçisi Semuel Şenklendi sınağa çəkəcək, sonda komanda yoldaşı Aydın Süleymanlı ilə görüşəcək. A.Süleymanlı isə R.Məmmədovla yanaşı, Qukeş Dommaracu və Valeho Ponsla gücünü sınayacaq. Komandamızın digər üzvü Abdulla Qədimbəyli Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov, Rumıniya idmançısı Riçard Rapport, çinli Van Hao ilə üz-üzə gələcək. Ötən üç turun nəticəsinə görə, aktivində 3 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 2,5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 2 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur. İlk dəfə 2014-cü ildə Şəmkirdə keçirilən Vüqar Həşimov memorialında hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə qalib adına sahib olublar.xeber100.com

Dekabr 19, 2022 1:12

VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub. Turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq. Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib. İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusattorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəyliyə qalib gəlib. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib. Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıb. A.Süleymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub. Hesabında 6 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur. Dekabrın 19-da növbəti 3 turun oyunları keçiriləcək. Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub. Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.xeber100.com

Dekabr 18, 2022 1:17

Futbol üzrə Argentina millisi dünya çempionu olub

Futbol üzrə Argentina millisi dünya çempionu olub. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər bir dəfə fərqləniblər – 3:3. Qolları matçın 109-cu dəqiqəsində argentinalı Lionel Messi, 118-ci dəqiqəsində Fransa millisinin üzvü Kilyan Mbappe vurublar. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi dünya çempionatının qalibi adını qazanıb. Qeyd edək ki, oyunda hesabı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsinə fransızlar fəal başlayıblar. Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Kilyan Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib. – 2:2.xeber100.com

Dekabr 18, 2022 1:14