Şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib

Bakıda Şahmat üzrə Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, şahmatçılar və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Mahir Məmmədov Bakıda keçirilən Dünya Kubokunun unudulmaz mübarizə ilə yadda qaldığını bildirib. Yarışa böyük tamaşaçı marağının olduğunu deyən federasiya prezidenti Nicat Abasovun uğurlu çıxışını xüsusi vurğulayıb. Mahir Məmmədov Arkadi Dvorkoviç və komandasına, Gənclər və İdman Nazirliyinə, eləcə də azarkeşlərə təşəkkür edib. O qeyd edib ki, şahmatın inkişafı üçün gələcəkdə də bu təşkilatlarla əməkdaşlıq davam etdiriləcək. FIDE-nin vitse-prezidenti Dünya Kubokunun qalibi Maqnus Karlseni tarixi qələbə münasibətilə təbrik edib. O, İddiaçılar Turnirində çıxış edəcək şahmatçılara uğurlar arzulayıb. Ardınca qaliblərə mükafatlar təqdim olunub. ABŞ təmsilçisi Fabiano Karuanaya bürünc, hindistanlı Rameşbabu Praqqnanandxa gümüş, norveçli Maqnus Karlsenə isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mədət Quliyev, Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Dördüncü yeri tutan Nicat Abasov isə xüsusi mükafata layiq görülüb.xeber100.com  

Avqust 25, 2023 10:29