“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Bakı Metropoliteni” QSC və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının dəstəyi ilə “Xocəsən” elektrik deposunda ağacəkmə kampaniyası təşkil olunub. Ötən il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə birinci mərhələ üzrə inşaat işləri yekunlaşdırılaraq istifadəyə verilmiş “Xocəsən” elektrik deposu 24,28 hektar ərazini əhatə edir. Bənövşəyi xəttə xidmət göstərən depoda bu günə qədər 1000-dən artıq ağac əkilib, yaşıllıqlar salınıb. Xocəsən qəsəbəsində yerləşən elektrik deposunda inşaat işləri 3 mərhələdə, əvvəlcədən nəzərdə tutulmuş layihəyə uyğun aparılır. Bu isə gələcəkdə elektrik deposunda işçilərin ekoloji təmiz məkanda asudə vaxtlarını keçirməsi üçün nəzərdə tutulmuş istirahət guşələrinin yaradılmasını da özündə ehtiva edir. “Bakı Metropoliteni”ndən bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti aksiya zamanı depo ərazisində mövsümi şərait və ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla, 200-ə yaxın zeytun ağacı əkilib. Aksiyada rayon təşkilatının fəalları və “Bakı Metropoliteni” QSC-nin kollektivinin üzvləri yeni istifadəyə verilmiş depo ərazisində yaşıllıqların salınması işində yaxından iştirak etməklə gələcəyə töhfə veriblər. Deponun indiki ərazisinin bir hissəsində vaxtilə pərakəndə tikilmiş obyektlər yerləşib. Digər hissədə ekoloji mühitə mənfi təsir edən bataqlıq olub. Burada ətraf mühitin çirklənməsinə münbit şərait yaradan müxtəlif tullantıların atılması ilə antisanitar vəziyyət hökm sürüb. Deponun inşası və layihə üzrə aparılan abadlıq işləri ötən qısa müddət ərzində ərazinin ekomühitinin sağlamlaşdırılmasına hiss olunacaq təsir göstərib.xeber100.com

May 8, 2023 2:44