“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.İyunda 1542 avtomaşın daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub.Əlavə edək ki, sözügedən dövrdə 348 min 522 ton maye, 93463,3 ton quru yük daşınıb.Cari ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.Xatırladaq ki, Gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.xeber100.com

İyul 11, 2017 12:51

Hesablama Palatası nəzarət tədbirlərinin nəticələrini açıqlayıb

Azərbaycan Respublikası Hesablama Palatası bu ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.Palatadan Azərtac-a bildiriblər ki, Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub. Nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.Bu ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2-si nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbir ilə isə eyni zamanda, fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 milyon manat vəsait əhatə olunub.Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.xeber100.com  

İyul 11, 2017 12:20

BMT-nin Xəbərlər Mərkəzinin məlumatı

BMT-nin iclasında aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib.Dünyanın bütün dövlətləri aeroportlarda yoxlama prosedurlarını və nəzarəti, habelə mülki aviasiyada terror təhlükəsinin qarşısının alınması məqsədilə aeroport infrastrukturlarının təhlükəsizliyini möhkəmləndirməlidirlər.Azərtac BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi ilə keçirilən iclasın iştirakçıları söyləyiblər.ICAO-nun baş katibi Fan Lyu vurğulayıb ki, terrorçu qruplar aeroportlarda təhlükəsizliyin təmini sistemində istənilən boşluqdan istifadə etməyə çalışırlar. Beynəlxalq birliyin vəzifəsi əməkdaşlıq yolu və yoxsul ölkələrə texniki yardım göstərməklə bu boşluqları aşkar etmək və aradan qaldırmaqdır. Hər gün dünyada 100 min mülki təyyarə 10 milyon sərnişin daşıyır. Aviareyslərdə sərnişinlərin sayı ildə 3,5 milyard nəfər təşkil edir.Belçika, Türkiyə və Birləşmiş Ştatlarda aeroportlara hücumlar, Somalinin “Daallo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba partlayışı aviasiyada terror təhlükələrinə dair ciddi xəbərdarlıqlardır.Fan Lyu vurğulayıb ki, ICAO-nun himayəsi altında hava hərəkəti təhlükəsizliyinin təmin olunmasına dair bir sıra standartlar, prinsiplər və təlimatlar hazırlanıb və Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının əlavələrinə daxil edilib.xeber100.com

İyul 10, 2017 2:40