“Bakı Metropoliteni” QSC-nin məlumatı

Aprelin 18-dən “İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanıb.Təmir müddətində stansiyanın 30 illik istismar müddətini başa vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.Ötən müddət ərzində eskalatorların maşın zalı, vestibülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid-məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında “BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub.Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.xeber100.com

Aprel 18, 2017 12:21

Beynəlxalq Telekommunikasiya İttifaqı memarlıq müsabiqəsi keçirir

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Cenevrədə yerləşən mənzil-qərargahının yeni binasının yaradılması üzrə memarlıq müsabiqəsi keçirir.Azərtac xəbər verir ki, “ITU” resursunun yaydığı məlumata görə, BTİ-nin mənzil-qərargahı 1962-ci ildən Cenevrədə “Millətlər meydanı”nda (Place des Nations) yerləşir. Yeni layihə sayəsində “ağıllı” mənzil-qərargahın inşası təşkilatın Cenevrədə beynəlxalq təsisatların diqqət mərkəzində olmaqla üzv dövlətlərə, özəl sektorun nümayəndələrinə, assosiativ üzvlərə və akademik təşkilatlara xidmətlərin göstərilməsini gücləndirəcək.Müsabiqədə təşkilata üzv 193 dövlətdən birində tələb olunan qaydada qeydiyyatdan keçən bütün peşəkar memarlar iştirak edə bilər. İki mərhələdən ibarət olacaq müsabiqədə iştirak üçün ərizələr münsiflər heyətinə anonimliyə riayət edilməklə və İsveçrə Mühəndis və Arxitektorlar Cəmiyyətinin (SIA) “SIA-142” standartına uyğun təqdim edilməlidir.Müsabiqədə iştirak etmək istəyənlər BTİ-nin saytında yerləşdirilən məlumatla tanış ola, layihə və müsabiqədə iştiraka dəvətlə bağlı daha ətraflı informasiyanın verildiyi İsveçrə dövlət satınalmaları platformasında qeydiyyatdan keçə bilərlər.Qeydiyyat 2017-ci il 5 may tarixinədək aparılır.xeber100.com

Aprel 17, 2017 2:45