Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.ASC-dən Azərtac-a bildirilib ki, layihə çərçivəsində Ağcabədinin Cəfərbəyli, Mehrablı, Ağabəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq. Artıq rayonun Cəfərbəyli, Ağabəyli, Mehrablı kəndlərində işlərə start verilib. Növbəti mərhələdə isə Qaradolaq və Şənlik kəndlərində də işlərə başlanılacaq. Beş kənddə ümumilikdə 79 kilometrə yaxın 10 kV-luq, 36 kilometrdən çox 0,4 kV–luq elektrik xətləri yenilənəcək. Müxtəlif güclərdə 24 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.Bununla da 5 kəndin ümumilikdə 1784 abonenti keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək və itkilərin həcmi minimuma endiriləcək.Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.xeber100.com