“100 illik tariximiz” devizi altında yaradıcılıq festivalı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq. İlk tədbir iyunun 25-də reallaşacaq. Burada Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdiriləcək. Növbəti tədbirin iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Lənkəran şəhərində keçirilməsi planlaşdırılır. Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər və rayonda) davam edəcək.xeber100.com  

İyun 22, 2018 2:29

“Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.Azərtac xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən tədbirlər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq, şəhərin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında “Cümhuriyyətin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və konsert keçiriləcək. Konsertdə Özbəkistanın tanınmış musiqiçiləri, habelə azərbaycanlı saz ustaları, rəqs kollektivləri çıxış edəcəklər.Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş etdiriləcək. Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin, habelə xanımların mərasim geyimləri ilk dəfə təqdim olunacaq. Mədəniyyət həftəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı foto və kitab sərgisi keçiriləcək, habelə adət-ənənələrimizi özündə əks etdirən stend qurulacaq, Azərbaycan suvenirləri, xalçaları, kəlağayıları sərgilənəcək.Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda yerli dildə çap olunmuş 50 adda kitab Səmərqənd kitabxanalarına hədiyyə ediləcək.xeber100.com

İyun 8, 2018 3:50