“CinemaPlus Azerbaijan” kinoteatrında Film Festivalının açılışı olub

Oktyabrın 1-də “CinemaPlus Azerbaijan” kinoteatrında ABŞ-ın ölkəmizdəki səfirliyi, “Desperado” musiqi məktəbi və “Azerbaijan Alumni Association”un dəstəyi ilə 4-cü Azərbaycan Gənclər Film Festivalının açılışı olub.Azərtac xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Haydi Smit çıxış edərək əsas məqsədlərinin iki ölkə arasında qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarət olduğunu bildirib. O deyib ki, builki film festivalı da bu istiqamətdə atılan addımlardan biridir və ölkəsi belə layihələrin həyata keçirilməsindən qürur duyur.Azərbaycanlı gənc rejissorların çox istedadlı olduğunu vurğulayan festivalın direktoru Mayk Reyborn onların gələcəkdə amerikalı rejissorlarla birgə beynəlxalq festivallarda uğurlar əldə edəcəklərinə əminliyini ifadə edib. O bildirib ki, builki festivalda 40-dan çox gənc azərbaycanlı rejissorun ekran işi nümayiş olunacaq və sonda üç qalib filminin müəllifi mükafatlandırılacaq.Kann Film Festivalının iştirakçısı, rejissor Pablo Mahave isə hazırda informasiya texnologiyaların inkişafı ilə əlaqədar telefon vasitəsilə də yüksək keyfiyyətli filmlərin çəkilişinin mümkünlüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bu yaxınlarda “iPhone”la çəkilən film beynəlxalq film festivalının qalibi olub.Daha sonra qaçqın və məcburi köçkünlərə həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub.Qeyd edək ki, festivalın builki mövzusu “Öz hekayəni danış”dır.Oktyabrın 3-dək davam edəcək festivalda Azərbaycan, Amerika və Avropa istehsalı olan ekran əsərləri nümayiş etdiriləcək.Festivalda bölgələrdən - Gəncə, İmişli, Quba, Xaçmaz, Balakən və Zaqataladan olan gənc rejissorların filmləri də birincilik uğrunda mübarizə aparacaq.Festival çərçivəsində ustad dərslərinin təşkili də nəzərdə tutulur.xeber100.com

Oktyabr 2, 2017 11:27

74-cü Venesiya Beynəlxalq Kino Festivalı açılır

Bu gün ən qocaman kinofestivallardan və kinematoqraf dünyasının ən əlamətdar hadisələrindən biri olan 74-cü Venesiya Beynəlxalq Kino Festivalı açılır.“calend.ru” saytı xəbər verir ki, hər il İtaliyanın Lido adasında keçirilən bu festival təqribən iki ay davam edir.Venesiya Festivalı İtaliya diktatoru Benito Mussolininin təşəbbüsü ilə 1932-ci ildə təsis edilib. Onun keçirilməsində, qısa müddət də olsa, iki dəfə fasilə yaranıb: İkinci Dünya müharibəsi illərində və 1960-cı illərin sonunda. Bu gün kino dünyasında dəbi, demək olar, Venesiya Kino Festivalı müəyyən edir. Əsas müsabiqə proqramı üçün tammetrajlı bədii filmlər seçilir. Adətən filmlərin sayı 20-dən çox olmur. Onların seçimi ilə festivalın direktoru və beş ekspertdən ibarət komissiya, habelə xarici mütəxəssislərdən ibarət məsləhətçilər qrupu məşğul olur. Seçilmiş filmlər onların adları rəsmi elan edilənə qədər tam məxfi saxlanılır. Festivalın əsas müsabiqəsinin beynəlxalq tərkibli münsiflər heyətinə təxminən 7-9 adam – kino, incəsənət və mədəniyyət xadimləri daxildir.Festivalın baş mükafatı - “Qızıl şir” ən yaxşı filmə görə təqdim edilir. Ən yaxşı rejissora “Gümüş şir”, ən yaxşı kişi roluna və ən yaxşı qadın roluna görə Volpi Kuboku, ən yaxşı gənc aktyora, yaxud aktrisaya Marçello Mastroyanni mükafatı, ən yaxşı ssenariyə, operator işinə, böyük texniki nailiyyətlərə görə “Osella” mükafatı da təqdim edilir. Bundan əlavə, gənc kinematoqrafçıların ən yaxşı birinci və ikinci işləri mükafatlandırılır, ən yaxşı peşəkar-yaradıcı əməkdaşlığa görə mükafat və festivalın bütün seksiyalarının işinin yekunlarına görə Luici Di Laurentis mükafatı təqdim edilir.xeber100.com

Avqust 30, 2017 5:01