Heydər Əliyev Sarayında Tomas Andersin konserti olacaq

Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək. Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.xeber100.com

Avqust 10, 2023 10:56

Xalq artisti Rasim Balayevin 75 yaşı tamam olur

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan. Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir. Onun kino mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər və bu yöndə qazandığı uğurlar onu deməyə əsas verir ki, o, 75 illik ömrünün əsas hissəsini sənətə həsr edib. Rasim Balayevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət orden və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.xeber100.com

Avqust 8, 2023 1:36

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub. Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalının çox gözəl bir ənənəsi var - illərindən asılı olaraq, musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə bir daha o dahilərin önündə baş əymək və onları anmaq. 2023-cü il həm də Sergey Raxmaninovun anadan olmasının 150 illiyi ilə əlamətdardır. Raxhmaninovun musiqisinin paklığı, mərhəməti hər zaman tamaşaçının diqqətini özünə çəkir. Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisinə bəşəri səs, harmoniya gəlir. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün bu gün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”. Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrinin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib. Festival çərçivəsində iyulun 29-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.xeber100.com

İyul 29, 2023 3:34

Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə…

“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir. Mərkəzdən bildirilib ki, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar. Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.xeber100.com

İyul 29, 2023 3:29