Nizami Kino Mərkəzində yeni filmlərin premyerası

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan "Yüngül əxlaqlı baba", "Tənzimlənmə oyunu" və "Coy" filmlərinin nümayişi başlanıb. Den Mazerin ekranlaşdırdığı "Yüngül əxlaqlı baba" filmi komediya janrındadır. Yaş həddi: 18+ Üzüyola və düzgün gənc Ceyson toy qabağı yüngül xasiyyətli və dəlisov fantaziyalı istefada olan general babasıyla dəniz qırağı gəzintiyə çıxır və babası ilə keçirdiyi tətil onun həyatını həmişəlik dəyişir... Baş rollarda Robert De Niro, Zak Efron, Zoi Doyç, Obri Plaza, Ceyson Mantsukas, Dermot Malruni, Culianna Xaf, Ceffri Bauer-Cepman, Brendon Maykl Smit və Ceyk Pikinq çəkilib. Rejissor Adam MakKeyin cəkdiyi "Tənzimlənmə oyunu" filmi bioqrafik dram janrındadır. Yaş həddi 18+ Söhbət puldan düşəndə vicdan susur. Həm də söhbət böyük pullardan gedirsə! Film 2008-ci ilin iqtisadi böhranını bir neçə il əvvəldən dərk etmiş insanların özləri də istəmədən bu işdən pul qazanmaqlarından bəhs edir Rollarda Kristian Beyl, Stiv Karell, Rayan Qoslinq, Bed Pitt, Mellisa Leo, Xamiş Linkleyter, Com Maqaro, Reyf Spoll,Ceremi Stronq, Marisa Tomey və başqaları çəkiliblər. Ssenari müəllifi və rejissor Devid.O.Rassellin cəkdiyi "Coy" filmi dramatik komediya janrındadır. Yaş məhdudiyyəti: 16+ Film övladını çətinliklərlə tək böyüdən qadının sonradan ölkənin ən müvəfəqiyyətli iş adamına dönməsindən bəhs edir. Rollarda Cenifer Lourens, Robert De Niro, Bredli Kuper, Edqar Ramires, Dayan Ledd, Virciniya Medsen, İzabella Rossellini, Daşa Polanko, Elizabet Rem, Syuzen Luççi və başqaları çəkiliblər.  

Fevral 2, 2016 5:22

ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yanvarın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı komissiyanın ilk iclası keçirilib. Nazir ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycanın növbəti üç il müddətinə Baş Konfransın sədri seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib. Komissiya üzvlərinin təsdiq edilməsini ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirən Ə.Qarayev bu sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu xüsusi vurğulayıb. Bildirilib ki, son illər ölkə rəhbərliyinin göstərdiyi səylər nəticəsində Azərbaycanın islam mədəniyyətinə inteqrasiyası çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan edilməsini Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi dəyərləndirən nazir bu yöndə işlərin artıq bu gündən başlanılmasının, Muxtar Respublikanın rəhbərliyi və əlaqədar təşkilatları ilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 2015-ci ilin 23-27 noyabr tarixlərində paytaxt Bakıda uğurla keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı sessiyası barədə görüş iştirakçılarını məlumatlandıran nazir ISESCO Baş Konfransına sədrliyin ölkəmiz üçün vacib nüanslarını da diqqətə çatdırıb. Görüş "dəyirmi masa" ətrafında müzakirələrlə davam edib.    

Fevral 2, 2016 5:20