Bakı Dövlət Sirkində beynəlxalq sirk proqramına start verilib

Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramına start verilib. Biz bütün fəsillərdə bir-birindən maraqlı, rəngarəng layihələrlə çıxış edirik. Bu sözləri dekabrın 17-də Bakı Dövlət Sirkində nümayiş olunan “Güzgülər dünyası” adlı şou zamanı mediaya açıqlamasında Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev deyib. “Bakı Dövlət Sirki olaraq biz gənc, yeniyetmə tamaşaçılarımıza Yeni il layihəsi təqdim edirik. Layihənin adı "Güzgülər dünyası" adlanır. Bu layihənin özünəməxsus özəllikləri var. Əvvəlki layihələrdən fərqi qeyri-adi süjet xətinin və maraqlı performansların olmasıdır. Hesab edirik ki, bu şou tamaşaçıların böyük marağına səbəb olacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri, həmçinin aktyorların yeni kostyumları ilə tamaşaçıların görüşünə gəlib. Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur", - deyə N.Ağayev bildirib. Sonra musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi digər nömrələrlə zəngin sirk şousu nümayiş edilib.xeber100.com  

Dekabr 17, 2022 8:19

Bursada Şuşa Günləri çərçivəsində – “Şuşada ürəyim qaldı” tamaşası

Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib. Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan  tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Bakı Bələdiyyə Teatrı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Bələdiyyə Teatrına göstərdiyi dəstək, eləcə də XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən olan İlyas Əfəndiyev və Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında danışıb. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi və Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunan tamaşanın əsas ideyası uzun illər boyu başına müsibətlər gəlməsinə baxmayaraq, Azərbaycanın bütün bu çətinliklərdən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışmasından ibarətdir. General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır. “Şuşada ürəyim qaldı” tamaşasında Vətən naminə məhəbbətindən əl çəkən Ağabəyim ağanın Vətən həsrəti ilə yazıb-yaratması, o gözəl Qarabağı unutmaması xüsusilə diqqət çəkir. Ömrünün sonuna kimi Vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm İranda, həm də doğma Vətənində dildən-dilə keçərək yaşayıb. “Qarabağnamə” pyesi XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının çar Rusiyası tərəfindən istilaya məruz qalması mövzusuna həsr olunub. Elçinin “Baş” romanındakı hadisələr də XIX əsrin ilk onilliyində, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur. Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum adından Bakı Bələdiyyə Teatrının yaradıcı heyətinə mükafat təqdim edib. Teatrın baş rejissoru Mərahim Fərzəlibəyov öz növbəsində fondun prezidenti Günay Əfəndiyeva və TÜRKSOY-un Baş katibi Sultan Rayevə teatr adından xüsusi hədiyyələr bağışlayıb. Tamaşanın Bursada nümayişi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub.xeber100.com

Dekabr 8, 2022 10:24

Nizami Kino Mərkəzində təqdimat keçirilib

Noyabrın 28-də Nizami Kino Mərkəzində "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimatı keçirilib.Tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.Film Masallı Rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.Ekran əsrində Xalq artisti Flora Kazımova, Xalq şairi Sabir Rüstəmxanlı, şair-həkim Paşa Qəlbinurun Sarənglə bağlı fikirləri yer alıb.Qeyd edilib ki, şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdırıb.XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mir Kazım Aslanlı sübut edib. O, həmçinin Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.K.Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edib, doğulduğu İsi kəndində dəfn olunub.Qeyd edilib ki, o, çoxlu sayda peşəkar həkimlər yetişdirib. İbrahim bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər çətin vaxtlarda ona dəstək olublar. Üzeyir Hacıbəyli ona fortepiano hədiyyə edib. O, “Sarəng” təxəllüsü ilə şerlər yazıb. Mir Kazım Aslanlı həm də gözəl tərcüməçi olub. Bir çox dillər bilən bu şəxs, dünyaşöhrətli yazarların əsərlərini dilimizə çevirib.Tədbirdə çıxış edənlər "Sarəng" sənədli filminin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürlərini bildiriblər.  

Noyabr 28, 2022 2:58

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşa hazırlanır.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin dekabr ayında premyerası keçiriləcək.Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak edəcəklər. Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb.Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.xeber100.com

Noyabr 28, 2022 2:55