Milli Məclisin iclasında “Turizm haqqında” qanun layihəsi təsdiq edilib

Milli Məclisin dekabrın 14-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib.Azərtac xəbər verir ki, “Turizm haqqında” qanun layihəsi bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib. Beş fəsil, 22 maddədən ibarət layihədə əsas anlayışların mənaları verilib, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Layihədə dövlətin üzərinə turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, turizm sənayesi subyektlərinin və turistlərin hüquqlarını, qanuni maraqlarını qorumaq kimi bir sıra öhdəliklər qoyulub. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.xeber100.com

Dekabr 14, 2021 3:07

“Nizami Gəncəvi İli” çərçivəsində “Xəmsə”yə müraciət

Dekabrın 10-da Bakı Bələdiyyə Teatrı “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə silsilə tədbirlər planı çərçivəsində Bakı Bələdiyyə Teatrı da Nizami Gəncəvi yaradıcıllığına müraciət edərək “SONSUZ TANRI MƏHƏBBƏTİ”  tamaşasını hazırlamışdır. Qeyd edək ki, Nizami Gəncəvinin bеş poеması -"Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Lеyli və Məcnun", "Yеddi gözəl", "Isgəndərnamə" - dünya ədəbiyyatına yеni bir poеtik səs, nəfəs gətirmiş və sonralar "Xəmsə" -"Bеşlik" adı altında birləşdirilərək bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Görkəmli rejissor Mərahim Fərzəlibəyov yardıcılığı dövründə ilk dəfə 1980-ci illərdə Nizami Gəncəvi yaradıcılığına müraciət etmiş, ikinci dəfə isə Bakı Bələdiyyə Teatrının kollektivi ilə “Xəmsə” əsasında “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını hazırlamışdır. Yeri gəlmişkən, tamaşa Bakı Bələdiyyə Teatrının 2021  - “Nizami Gəncəvi ili” çərçivəsində nümayiş etdirdiyi yekun tamaşadır. Çoxsaylı qonaqların, media nümayəndələrinin dəvət olunduğu tamaşanın nümayişi anşlaqla keçdi. Qonaqlar sırasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, “Birlik” studiyasının rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Firəngiz Qurbanova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Əli Nur, sənətşünas Seymur Elsevər və başqaları var idi. Nizamişünas Təhminə Bədəlova və polkovnik Abdulla Qurbaninin çıxışından sonra söz səhnəyə-aktyorlara verildi. Bir neçə saat ərzində tamaşaçı salonu Nizami dühasının işığına sığındı. “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasının quruluşçu rejissoru və səhnələşdirəni, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Əsgərov, musiqi hissə müdiri Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir. Tamaşada iştirak edirlər: Nizami Gəncəvi-Tural Əhməd, Qızıl Aslan-Tural Baxış, Afaq-Zülfiyyə Məmmədova, Qarı-Səmayə Sadıqova(Əməkdar artist)  Sultan Səncər-Əhməd Salahov(Əməkdar artist), Vəzir-İsmayıl Atakişiyev, Dayə- Şaxzadə Babayeva(Əməkdar artist), Qoca-Rafiq İbrahimov(Əməkdar artist), Oğlan-Məmmədağa Əlicanzadə, Sözçülər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Toğrul Rza, Ülviyyə Rza, Elçin Muradov, Günel Həmidova, Əzizə Həşimova. Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmış və  yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir.      

Dekabr 10, 2021 9:31

29 yaşın Zəfər yürüşü

Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dramı Bakı Bələdiyyə Teatrının təqdimatında geniş tamaşaçı auditoriyasına təqdim olundu. Bakı Bələdiyyə Teatrının 29 yaşı münasibətilə hazırlanan təqdimat, eyni zamanda Azərbaycanın Zəfər bayramına həsr olunmuşdur. Bayram tədbirində Azərbaycanın tanınmış simaları, ictimai-siyasi xadimləri, eləcə də qonaqlar iştirak edirdi. Tədbirdə Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxış edərək öncə qonaqları salamlayaraq tamaşa haqqında ümumi məlumat verdi, daha sonra sözü Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verdi. A.Qurbani çıxışında qonaqları Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Azərbaycan himninin möhtəşəm sədaları altinda şəhidlərimiz dərin ehtiramla yad edildi. Abdulla Qurbani daha sonra öz çıxışında Azərbaycan-Türkiyə dostluğundan bəhs edərək, bu dostluğun qədim tarixi keçmişə dayandığını xüsusuilə vurğuladı. Sonra meydan aktyorlara verildi, tamaşaçılar böyük həyəcanla “Nargin faciəsi”ni izlədi. Xatırladaq ki, Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib. Tamaşanın ideya rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər. Tamaşa bayram iştirakçıları tərəfindən alqışlarla qarşılandı.xeber100.com  

Noyabr 10, 2021 9:33

Muğam Mərkəzinin məlumatı əsasında…

Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olunub.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, təqdimat “Söz” layihəsi çərçivəsində ( ideya müəllifi və layihə rəhbəri Nigar Həsənzadə) reallaşıb. Gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihə iştirakçılarının əsgər yoldaşları iştirak ediblər.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa edib. Kompozisiya 44 günlük Vətən müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. Daha sonra layihənin iştirakçıları səhnəyə dəvət edilib. Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilib. Onların əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Qazilər şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər. Çıxışlar zamanı ekranda “İgidlərin sözü” layihəsi iştirakçılarının döyüş yolundan bəhs edən fotoşəkillər və videokadrlar nümayiş etdirilib. Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə aldıqları şeirləri səsləndiriblər. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən qazilərin öz ədəbi əsərlərini səsləndirdikləri tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Tədbirin sonunda layihənin ideya müəllifi şair Nigar Həsənzadə səhnəyə çıxaraq öz yaradıcılığından poetik əsərlər səsləndirib.Aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd olan gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında - Əməkdar artistlər Ceyla Seyidova (birinci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (ikinci skripka) ifasında musiqi nömrələri təqdim olunub.Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir. Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq.xeber100.com

Noyabr 7, 2021 5:31

Görkəmli teatr və kinoaktrisa Amaliya Pənahovanın anım günüdür

”Mən aktrisa olmaq üçün dünyaya gəldim. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”…deyən Bakı Bələdiyyə Teatrının yaradıcısı, Sənətşünaslıq doktoru, Xalq artisti, görkəmli teatr və kinoaktrisa Amaliya Pənahovanın anım günüdür. A.Pənahova 1945-ci ildə Gəncədə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun  Dram və kino aktyorluğu ixtisasında təhsil alıb. 1964-cü ildən ömrünün axırına qədər (2018) teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. İlk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edib. Təhsil aldığı illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Amaliya xanım eyni zamanda  bacarıqlı rejissor kimi də özünü sınamış,  43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İlyas Əfəndiyevin, "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır.  Bu teatrın səhnəsində müxtəlif qəhrəmanlıq ruhunda olan səhnə əsərlərinə - “Ölülər”, “Nadir şah”, “İnsan və iblis”, Mənim Ərdəbilim”, “Dəli Domrul”, Dönüş” və s.  həyat verib. Çalışdığı illərdə pedaqoji fəaliyyətlə də məşğul olan aktrisa onlarla gəncin aktyor kimi yetişməsinə şərait yaradıb. 30-a yaxın filmdə - “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb. O, aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər. A.Pənahova 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili,  sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından seçilib. O, bir sənət kraliçası idi, daima sənətin zirvəsində olmaq onun həyat fəlsəfi idi. A.Pənahova fəaliyyəti dövründə bütün fəxri titullara – Əməkdar artist (1974), Xalq artisti(1985), “Şərəf” və “Şöhrət” ordeninə, Dövlət mükafatlarına layiq görülmüş, prezident təqaüdçüsü olmuşdur.    

Noyabr 7, 2021 4:27

Bakı Bələdiyyə Teatrının 29 yaşı qeyd ediləcək

Bakı Bələdiyyə Teatrından aldığımız məlumata görə, 10 noyabr 2021-ci il tarixində Teatrın yaranmasının 29 illiyi keçiriləcək. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. A.Pənahova bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Bakı Bələdiyyə Teatrı yarandığı gündən Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirmiş, bu illər ərzində sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin doğma evinə çevrilmişdir. Teatrın yaradıcı kollektivi həm ölkəmizdə, eyni zamanda dünyanın bir çox ölkələrində Azərbaycan teatr sənətini layiqincə təmsil etmiş və həmin ölkələrdə də öz tamaşaçı auditoriyasını formalaşdırmışdır. Teatrın kollektivi qardaş Türkiyədə böyük uğurlara imza atıb. O da təsadüfi deyil ki, Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk mükafatı, Bələdiyyə Teatrı isə 2016-cı ildəki uğurlarına görə türk dünyasının “İlin teatrı” mükafatı ilə təltif olunmuşdur. Teatrın yaradıcısı və rəhbəri Amaliya Pənahovanın vəfatından sonra Bakı Bələdiyyə teatrı onun ənənəsinə sadiq qaldı, sənət ocağı öz işini layiqincə davam etdirməyə başladı. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının əsərləri, eləcə də müasirlərimizdən Anarın, Elçinin, Əmir Pəhləvanın və başqalarının əsərləri yer tutub. Teatr yarandığı gündən vətənpərvərlik, qəhrəmanlıq, millətçilik ruhunda olan əsərlərə geniş verib. Müharibə şəraitində yaşadığımız bu illər ərzində Bakı Bələdiyyə Teatrı tez-tez cəbhə bölgələrinə səfər etmiş, teatrın kollektivi ilə birgə Azərbaycan ordusunun qarşısında qəhrəmanlıq ruhunda olan əsərlərlə çıxışlar etmişdir. Eləcə də xarici ölkələrdə azərbaycançılığı təbliğ etmiş, işğal olunan Qarabağ torpaqlarının müdafiəsi uğrunda mübarizə xarakterli səhnə əsərləri ilə çıxışlar etmişdir. Yarandığı gündən eyni ahənglə çalışan Bakı Bələdiyyə Teatrı  artıq 29 ilini başa vurur və bu münasibətlə öz tamaşaçılarının görüşünə hazırlaşır. Teatrın 29 illik gecəsində Azərbaycan teatr, kino, ədəbiyyat dünyasının görkəmli nümayəndələri, teatrsevərlər, Bakı Bələdiyyə Teatrının inkişafında yaxından iştirak etmiş, dəstək vermiş sənət adamlarının iştirakı gözlənilir. Uzun illərin sınağından çıxmış Bakı Bəldiyyə Teatrı ad günündə öz tamaşaçıları qarşısında “Nargin faciəsi” tamaşası ilə çıxış edəcək. Yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan “Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib. Tamaşanın bədii rəhbəri Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər. Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostuluğunun tarixi köklərinə işıq saldığını demiş və əlavə etmişdir ki, bu tamaşada məqsədimiz türkün birliyini göstərmək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır. Xatırladaq ki, “Nargin faciəsi” tamaşası Bakı Bələdiyyə Teatrının 29 illik gecəsində - 10 noyabr 2021-ci il tarixində saat 19.00-da nümayiş olunacaq.xeber100.com    

Noyabr 4, 2021 7:58