Bu gün Novruz çərşənbələrindən ikincisi – Od çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.Axır çərşənbə tonqalı həm də ata-baba ruhları ilə bağlıdır. Məsələn adətlərdən birinə görə, ilaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir.Lakin inanclara görə, Novruz tonqalının təkcə əcdad ruhları ilə deyil, həm də bədxah ruhlarla əlaqəsi var. Qazax bölgəsinin inanclarına görə, yeni il axşamı evdə, bayırda ocaq qalayar, şam yandırarlar ki, qara div, şər, pis nəzər onlardan uzaq olsun, qorxub qaçsın.Bəzi bölgələrimizdə axır çərşənbə axşamında yandırılan tonqalın üstündən mal-qaranı, qoyun-quzunu da adladırlar ki, çillədə qalmasınlar. Çillə – köhnə ilin ağrı-acısı, qada-balasıdı, ocaqdan adlayanda hamısı tökülüb odda yanır.Digər inanca görə, axır çərşənbə tonqalı ilə Novruz tonqalı bir-birindən ciddi fərqləndirilir. Yəni, bayram axşamında, ya da bayram günündə qalanan tonqala yaş ağac atılmaz. Yaş ağacı həmin ocağa atsan, ruzi-bərəkət çəkilər.İnanclardan birinə görə isə çərşənbə axşamı lampanın altına bağlı qıfıl qoyur və niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun ilk sözünü niyyətlərinə görə yozurlar.Xatırladaq ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Martın 13-ü Hava (Yel), martın 20-i isə axırıncı - Torpaq çərşənbəsidir.Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.xeber100.com  

Mart 6, 2018 2:54

Milli İncəsənət Muzeyi təqdim edir

Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, sərgi muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” “coğrafi” sərgi silsiləsini davam etdirir.Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.Hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən Gündoğan ölkənin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənmişdir. Sərgidə, həmçinin, süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer almışdır.Sərgi, tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir.Gündoğan ölkənin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon incəsənəti bədii nümunələrinin təqdim olduğu hazırki sərgi bütün təlaşı onun hüdudlarından kənara qoyaraq, tələsmədən zahirən sadə görünən, lakin yapon sənətkarlarının gözündə zəriflik simvolu olan bu gözəlliyin fərqinə vararaq əsrarəngiz ab-havaya qərq olunan sanki kiçik bir dünyadır.xeber100.com

Mart 2, 2018 2:08

Muğam Mərkəzində “Yeni nəsil” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu) hazırlanmış Mirzə Fətəli Axundzadə “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası nümayiş olunub.Mərkəzdən azərtac-a bildirilib ki, tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınıb. O, öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli mənəvi dəyərlərimizin keşiyində dayanıb. M.F.Axundzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855-ci illər arasında bir- birindən maraqlı altı komediya yazıb. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (1850) komediyasıdır.“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə, yeni formatda M.F.Axundzadənin yaradıcılığını çatdırmaqdır.“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşasında Hətəmxan ağanı-Ruslan İsmayılov, Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni - Anaxanım Sultanova, Şahbaz bəyi - Corc Qafarov, Xanpərini- Susanə Məmmədova, Müsyo Jordanı-Məhəmməd Musayev, dərviş Məstəli şahı- Hilal Dəmirov, Qulaməlini- Hüseynağa Aslanov, Şərəfnisəni isə - Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayıblar.Tamaşanın quruluşçu rejissoru, kurs rəhbəri, Əməkdar Artist Nofəl Vəliyevdir.Komediyadakı obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.xeber100.com  

Mart 1, 2018 11:01

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Martın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət “Buraxılış” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, sərgiyə rəssamların yekun işlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən gender problemləri, rəssam və təbiət arasında əlaqə, sənətin müvəqqətiliyi kimi müxtəlif mövzulara toxunan performans və heykəltəraşlıq əsərləri daxildir.Şahnaz Ağayevanın "XX/XY" adlı əsəri taxta pazldan ibarətdir. Digərlərindən fərqli olaraq, bu pazlı saysız-hesabsız variantlarda yığmaq mümkündür. Sərgi ərzində ziyarətçilərə pazlın hissələrini yığmaq imkanı təklif ediləcək. Proses, müzakirələr, birgə fəaliyyətlər və baş verə bilən ziddiyyətlər əsərin vacib hissəsini təşkil edir.Mousa Bəyzadənin əsəri qadın paklığı mövzusunu araşdırır.İlahə Xalıqovanın performansı - cəmiyyət, şəxsi və mənəvi baxımdan maddi mövcudluq məsələsinə qarşı gender anlayışlarını sual altına qoymağa çalışır.Aydan Mirzəyevanın əsəri təbiət və rəssam arasında əlaqəni işıqlandırır və “Kim kimə diktə edir?” sualına cavab tapmağa çalışır.Gənc rəssam Qafar Rzayev sərgidə sözlərdən ibarət əsər təqdim edəcək.xeber100.com

Fevral 28, 2018 2:25