Zemfira Babayeva dünyasını dəyişdi

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Əməkdar Mədəniyyət içşisi, Yeni Azərbaycan partiyasının üzvü, Azərbaycan Kinematoqtrafçılar İttifaqının üzvü, Azərbaycan kinosunun veteranı Zemfira xanım Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Zemfira Babayeva 17 noyabr 1954-cü ildə Bakıda anadan olub. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib və ömrünün axırına qədər də adı keçən ittifaqda çalışıb. Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu günləri (2001-ci il) , İsveçrə Kinosu günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və sd diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi və s. Zemfira babayevanın uğurlu layihələrindəndir. Onu da qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışmış və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynamışdır. Aramızdan vaxtsız ayrılan Zemfira Babayeva onu sevənlərin qəlbində daima yaşayacaq, gördüyü uğurlu layihələrlə xatırlanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti Zemfira Babayevanın ölümündən kədənləndiyini bildirir və mərhumun yaxınlarına, dostlarına, qohumlarına başsağlığı verir. Allah rəhmət eləsin!

İyul 20, 2021 11:42

Azərbaycan Milli Xalça Muzeyinin sərgisi açılıb

İyulun 7-də Rusiya Federasiyası Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olub.Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib. Beləliklə, Kazan tamaşaçısı üçün xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz fürsət yaranıb.Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu–XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chıngız” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Bu sərgidə təqdim olunan “Saf tarix” instalyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, “tabula rasa”nın klassik nümunəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.Sərgidə təqdim olunan sənədli filmdə “Chıngız” tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir.Qeyd edək ki, tədbirin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barəsində ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.xeber100.com

İyul 8, 2021 3:17

Mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamentinin mədəniyyət komitəsinin sədri xanım Samia Al-Galab ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud əlaqələr barədə məlumat verən N.Məmmədov mədəniyyət sahəsində əməkdaşlığın bu əlaqələrin daha da gücləndirilməsinə böyük töhfə verəcəyini bildirib.Diplomat İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verərək işğaldan azad edilən ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib.S.Al-Ghalab ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, 2019-cu ildə Bakı şəhərində keçirilən UNESCO-nun İrs Komitəsinin 43-cü sessiyasında İraq ərazisində yerləşən tarixi Babil şəhərinin Dünya İrs Siyahısına daxil edilməsində Azərbaycanın xüsusi rol oynadığını bildirib və buna görə öz təşəkkürünü ifadə edib.Daha sonra S.Al-Ghalab Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının tək Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu vurğulayıb. Xanım sədr İraqın da belə təcrübələrdən keçdiyini, ölkəsinin tarixi abidə və şəhərlərinin İŞİD terror qruplaşması tərəfindən vandalizmə məruz qaldığını xatırladıb.Komitə sədri iki ölkə arasında əlaqələrin son zamanlar sürətlə inkişaf edilməsindən məmnunluğunu bildirib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.xeber100.com

İyun 24, 2021 10:42

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə…

İyunun 3-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “ARTIM Lab-2021” proqramının iştirakçıları Elmira Babayeva, Səidə Quluzadə, Ayna Moazzen, Səbinə Mehdiyeva, Ləman Məmmədova, Nəzrin Məmmədova, Rəfiqə Novruzlu, Marta Ramazan, Nərgiz Səmədova, Nigar Səfərova və Şəbnəm Vəliyevanın əsərlərindən ibarət birgünlük “Dalğıc: duyğusal mənaların yeddi qatı” adlı sərgi təşkil olunacaq.“YARAT”dan Azərtac-a bildirilib ki, proqramının ilk studiya sərgisində iştirakçılarının budəfəki mentoru olan Cahangir Səlimxanov ilə silsilə görüşlərin yaradıcılıq nəticələri təqdim edilir.“Nəzirə” konsepsiyası altında keçirilmiş seminar, yeni yaradıcı layihələrin digər incəsənət əsərindən götürülən hər hansı bir elementdən bəhrələnərək ərsəyə gətirilməsinə həsr edilib. “Nəzirə” - Şərq poeziyası ənənələrində istənilən sənətkarın əsərinin təsiri altında yazılmış “cavab” əsəridir.Məşğələlərin məqsədi nümunə olaraq seçilmiş Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına ən müxtəlif vasitələrlə, hətta qeyri-adi tərzdə və formatda “nəzirələr” (ithaf, cavab) yaratmaq idi.İştirakçılara əsəri oxuyub, özləri üçün hər hansı süjet səbəbi (motivi), məcazı (metaforası), təsviri, hətta dolayı məlumatı - astronomiya, sosial zümrələr, sevgi ifadəsinə dair ədəb, astrologiya, saray əyləncələri, gemologiya, mədəni coğrafiya, landşaft memarlığına və digər mövzulara aid edilən elementi seçmək, həmin “mənimsədilmiş” materialın rəssamların öz bədii təxəyyüllərinə hansı şəkildə təkan verə biləcəyi barədə düşünmək təklif olunmuşdu. Sərgi, həmin prosesin nəticələrini izləmək və qədim dövrdən gələn ədəbi abidəyə müasir yaradıcı şəxslərin yanaşmasını duymaq imkanı yaradır.xeber100.com

May 31, 2021 3:26

“Art management” adlı silsilə vebinarlara start verilir

Bu gündən Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Art management” adlı silsilə vebinarlara start verilir.Dövlət Rəsm Qalereyasından Azərtac-a bildirilib ki, saat 20:00-da başlayacaq ilk tədbir rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “Art management” istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə keçiriləcək.Qeyd edək ki, yaradıcılıq sənayesi (“Creative industry”) bütün dünyada inkişaf edir, yeni özünürealizə və məhsul təqdim etmə imkanları yaradır.Bu baxımdan, ölkəmizdə əksər rəssamların “Art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdim etmə, bilik, bacarıqları və kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi labüd sayılır.Vebinarlar mühazirəçi qismində sahə üzrə mütəxəssislər və təcrübəli şəxslərin iştirakı ilə əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi nəzərdə tutulur.Treninqlər “Zoom” tətbiqi vasitəsilə keçiriləcək.Silsilə təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarını izləyə bilərlər.xeber100.com

May 25, 2021 11:07

“Araxçın” filmi 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalına dəvət alıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə "Birlik" studiyasında istehsal olan "Araxçın" cizgi filmi Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında - 2021-ci ildə "Dünya Mədəniyyəti"nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək. Bu barədə rejissor Firəngiz Qurbanova məlumat verib. Rejissor qeyd edib ki, "Araxçın" cizgi filmi festivalda iştirak etmək üçün dəvət alıb və filmlərin Grand Prix baxışı üçün Braziliya şəhərlərində və dünyanın başqa ölkələrində hərəkət marşrutuna razılığı istənilib: “Beynəlxalq film festivalı tələbələr üçün müxtəlif ölkələrin studiyalarından peşəkar filmlərin, fərqli mədəniyyətlərin nümayişini təşkil edir. Bu filmin rejissoru kimi bizim filmimizi dünya mədəniyyətlərinin bu peşəkar kateqoriyasına daxil olmasına və Azərbaycanı təmsil edəcəyimizə görə çox şadam”. Onu da qeyd edək ki, 2021-ci ilin ən yaxşı peşəkar cizgi filmləri kolleksiyasına, dünya mədəniyyətləri kateqoriyasında daxil olan və istehsalı üçün ilk film olan "Araxçın" filmi, Kino Məktəbinin tələbələri üçün bir film istehsalı ilə yaxından tanış olmaq imkanı yaradacaqdır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova,  rəssam-animator Zema Əhədova.xeber100.com        

May 18, 2021 2:39