Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilir

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunub.Azərtac xəbər verir ki, festivalın açılışından əvvəl incəsənət xadimləri və qonaqlar “Yallı” və digər milli rəqslərimizi ifa ediblər.Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.Festivalın birinci günündə əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifalarının videoyazıları da nümayiş olunub.“Xarıbülbül” musiqi festivalının birinci günü Xalq artisti Polad Bülbüloğlunun özünün bəstələdiyi “Azərbaycan - Odlar yurdum mənim” və “Şən Azərbaycan” mahnılarının ifası ilə başa çatıb.Festival daha bir layihə ilə də yadda qalıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilib. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyır. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur. Qeyd edək ki, “Xarıbülbül” musiqi festivalı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən, həmçinin “Xarıbülbül” beynəlxalq incəsənət festivalı təşkil olunub. İncəsənət festivalı zamanı xarıbülbül maketləri hazırlanıb və 13 ölkəni - Azərbaycan, Türkiyə, Pakistan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Rumıniya, Ukrayna və Yunanıstanı təmsil edən 32 rəssam - Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digərləri Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri maketlərin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə ediblər. Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilib. Festival mayın 13-də keçiriləcək qala konsertlə davam edəcək.xeber100.com

May 12, 2021 4:21

“Edam günü” filmi beynəlxalq festivalda sertifikata layiq görülüb

“SPP Production” tərəfindən istehsal edilən “Edam günü” bədii filmi Braziliyada “O ECOCINE –Internacional de Cinema Ambiental e Direitos Humanos” beynəlxalq festivalında sertifikata layiq görülüb.Bu barədə Azərtac-a filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.O deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.Rejissor bildirib ki, “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.xeber100.com

May 11, 2021 4:30

Mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından danışılıb.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, bu barədə aprelin 13-də mədəniyyət naziri Anar Kərimovun Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar səfirlə görüşü zamanı qeyd edilib.Anar Kərimov iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açaraq, Erkan Özoralın diplomat kimi bu prosesdə fəaliyyətini xüsusi vurğulayıb.Tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Türkiyənin ölkəmizlə həmrəyliyini diqqətə çatdıran nazir Azərbaycanın haqq işinə Türkiyə dövlətinin və xalqının hərtərəfli dəstəyinə görə minnətdarlığını ifadə edib.Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda qardaş ölkəyə səfərini xatırladan Anar Kərimov Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində əldə edilən Qələbənin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində Türkiyə ilə işbirliyi böyük əhəmiyyət kəsb edir.Səmimi qəbula görə təşəkkürünü bildirən Erkan Özoral diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində uğurlu inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan üçün çox önəmli bir dövrdə burada səfir qismində çalışdığını, ölkəmizin tarixi Zəfərinə şahidlik etdiyini deyib.Azərbaycanın apardığı mübarizəyə Türkiyənin ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bildirən diplomat bunu ölkələrimiz arasındakı sarsılmaz münasibətlərin təzahürü kimi qiymətləndirib.Erkan Özoral bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasında əlaqələrin inkişafında fəal iştirak edəcəyini qeyd edib.Sonda nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan Erkan Özorala gələcək fəaliyyətində uğurlar arzulayıb.xeber100.com

Aprel 14, 2021 9:55

Elvin Abdullayev: “Kapitan Fərhadın Odisseyası” ssenarisi bir ümiddir

Azərbaycan  Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin finalçıları sırasında gənc rejissor Elvin Abdullayev də yer aldı. E.Abdullayevin yazdığı  “Kapitan Fərhadın Odisseyası” ssenarisi, Qarabağ haqqında yazılan ssenarilər sırasında üstünlük təşkil etdi. Xatırladaq ki, Elvin Abdullayev 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakultəsində - rejissor sənəti üzrə təhsil alıb. O, 2020-ci ildə magistratura üzrə təhsil alan zaman internetdə əsir həyatı yaşamış bir döyüşçü haqqında məlumat oxuyur, onunla gerçək həyatda da tanış olur və  həyat hekayəsini qələmə alır. Qeyd edək ki, ssenari Qarabağda döyüşən, əsir düşən və sonrakı mərhələdə əsirlikdən qaçmağı bacaran Fərhad Mirnaib oğlu Fərhadov haqqındadır. Rejissor deyir ki, ssenari üzərində bir il işləyib: “Öncəliklə qeyd edim ki, ssenari ilə reallıq arasında çox az fərq var, sadəcə bəzi mövcud olan məqamları reallıqla uzlaşdırıb  hadisələrə əlavə etmişəm. Bu ssenari qəhrəmanın simasında düşüncənin, xəyalın, oxumağın, mütaliənin, təhsilin gücünü göstərir. Eynşteyn deyirdi ki, fizika sizi A nöqtəsindən B nöqtəsinə aparar, təsəvvür isə hər yerə. Fərhad təsəvvür gücünə və Allaha ümid edərək əsirlikdən qaçır. Bu ssenari eyni zamanda ümiddir. Əsir və itkin düşmüşlərin ailələri üçün doğan bir ümid. Bəlkə 4 minə yaxın əsir və itkin düşmüş adamların aqibəti bilindi. Onlar arasında mənim müharibədə döyüşüb itkin düşən əmim, dayım da var. Bu ssenari həm də motivasiyadır. İzləyici kütləyə birdən çox ideya öyrədir və aşılayır”. “Kapitan Fərhadın Odisseyası” adına gəlincə, rejissor qeyd edir ki, bunun səbəbi ssenaridə əsas rolu oynayan kitabdır: “Fərhad əsir qaldığı evdə “Captain Blood and his odyssey” nağılını oxuyur və bu kitaba bağlanır. Kitabda təsvir olunan qəhrəmanın həyatını özünə doğma bilir və Peter Blood-un elədiyi kimi qaçmaq barədə fikirləşir, gecə-gündüz plan qurur. Və beləcə onun nağıl kimi qaçışı gerçəkləşir. Bu ssenari həm də mütaliənin, dünya görüşün insan həyatında əhəmiyyətini göstərir”. Qələmə aldığı hekayədən təsirlənən Elvin deyir ki, ssenarinin müsabiqənin birinci mərhələsindən keçəcəyinə inansa da ikinci mərhələdən keçəcəyinə o qədər də inanmayıb: “Udmaq və ya uduzmaq deyil, münsiflərin ilk qələm təcrübəm haqqında olan fikirləri, onların rəyləri məni daha çox maraqlandırırdı. İkinci mərhələdən keçdim, finala qalmışam, bu, mənim üçün sevindirici haldır”. İlk qələm təcrübəsində düşüncə tərzi ortaya qoyan, belə ssenarilərin ölkə, vətən, dövlətçilik kimi məqamlarda önəmli olduğunu vurğulayan gənc ssenarist elə önəmli olan bir məqama da toxunur: “II Vətən müharibəsi dövründə və ondan sonra gördük ki, xarici dövlətlər, beynəlxalq təşkilatlar bizi hərbi cinayətlər törətməkdə ittiham edirlər. Biz isə ittihamlara cavab olaraq faktlarla göstəririk ki, əslində hərbi cinayətlər bizə qarşı törədilib. Ssenarim əsasında çəkiləcək film bütün bu sullara cavab olacaq, xarici tamaşaçılara da göstərəcək ki, əsl cinayətkar kimdir”. İlk ssenarisi ilə “Qarabağ.İnsan.Qələbə” müsabiqəsinin münsiflərinin müsbət rəyini alan finalçı Elvin Abdullayevə bu yolda uğurlar arzulayırıq.    

Aprel 5, 2021 10:16