Azərbaycan Milli Xalça Muzeyində konsert proqramı təşkil olunub

Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılıb və uşaqlar üçün konsert proqramı təşkil olunub. Muzeydən bildirilib ki, sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdirilir. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçalar, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir. Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb. Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək. Milli Musiqi Günü münasibətilə təşkil olunan konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunub. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim edilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.xeber100.com

Sentyabr 16, 2023 2:45

Mədəni irsin qorunması üzrə əməkdaşlıq müzakirə olunub

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında mədəniyyət nazirinin müavini, bu ölkənin Milli İncəsənət Fondunun baş katibi və Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti Li Çün ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib. Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb. Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb. Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər. Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur. Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.xeber100.com  

Sentyabr 8, 2023 2:30

Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib

Azərbaycanın Almaniyadakı səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib. Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.xeber100.com  

Sentyabr 7, 2023 3:01