Mədəni irsin qorunması üzrə əməkdaşlıq müzakirə olunub

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında mədəniyyət nazirinin müavini, bu ölkənin Milli İncəsənət Fondunun baş katibi və Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti Li Çün ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib. Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb. Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb. Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər. Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur. Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.xeber100.com  

Sentyabr 8, 2023 2:30

Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib

Azərbaycanın Almaniyadakı səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib. Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.xeber100.com  

Sentyabr 7, 2023 3:01

Bakı Bələdiyyə Teatrının 31-ci teatr mövsümü başladı

Bakı Bələdiyyə Teatrı növbəti 31-ci teatr mövsümünə start verib. Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı Bələdiyyə Teatrının 30-cu mövsümü bir çox əlamətdar hadisələrlə yanaşı, eyni zamanda böyük ruh yüksəkliyilə yola salınan qaynar xarakterli iş sistemi ilə yadda qaldı. Ötən mövsümdə teatrda müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti ölkədə keçirilən tədbirlərin əksəriyyətində iştirak edib. 30 illik hesabat xarakterli yubiley mərasimi, bir çox yeni tamaşaların nümayişi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi münasibətilə Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində uğurlu səfəri, Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ənənələrini yaşadırıq!” devizi ilə keçirilən mədəni-kütləvi tədbirlərdə olan iştirakı, Ulu öndərin 100 illiyi çərçivəsində keçirilən tədbirlər planına öz töhfəsini verərək, yeni səhnə əsərlərilə tamaşaçıların görüşünə gəlmək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq və s. məqamlar ötən mövsümün uğurlarına daxildir. 31-ci mövsümdə nələr olacaq, hansı layihələr həyata keçiriləcək, bu mövsümdə premyeraları nəzərdə tutulan tamaşalar hansılardır,  repertuar planı necə qurulacaq və s. haqqında geniş məlumat yaxın günlərdə təqdim olunacaq. Xatırladaq ki, 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan, yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən, fəaliyyətilə “Döyüşən teatr” adını qazanan, bu illər saysız tamaşalar hazırlayan, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Fətəli Axundov, Nazim Hikmət, Əziz Nesin, Cəfər Cabbarlı, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirən Bakı Bələdiyyə Teatrı çətin şəraitdə tamaşalar hazırlamasına baxmayaraq daima uğurlu tamaşaları ilə böyük tamaşaçı auditoriyasının qəlbini fəth etməyi bacardı. Və 31-ci mövsümdə öz tamaşaçılarına ən dəyərli sənət nümunələrini təqdim etməyi planalaşdırıb.xeber100.com

Sentyabr 7, 2023 2:24

VI Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb

Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələrləri, fotolar, kitablar, təsviri incəsənət nümunələri numayiş olunur. Beynəlxalq İpək Yolu Sərgisininin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar. Qeyd edək ki, İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir. Nazir Adil Kərimli Çin Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Adminstrasiyasının rəhbəri Li Çun ilə görüşüb.xeber100.com

Sentyabr 6, 2023 10:37