Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür

Azərbaycan Radiosunun diktoru, Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri, Xalq artisti Yusif Muxtarovun doğulduğu gündür. Yusif Muxtarov 22 iyul 1941-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. 1964-1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində - diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il ərzində onun səsində lentə alınan 350-dən artıq ədəbi-ədii veriliş radionun Qızıl fonduna daхil olub. O, həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. Y.Muxtarov deyirdi ki, radionun öz dili, öz ahəngi var: “Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir”. Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili onun səsində təqdim olunur. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayan sənətkar, hər üç filmdə bir-birindən fərqli xarakter yaradıb. Kinodakı əsas fəaliyyəti onlarla filmlərin Azərbaycan dilində səslənməsində misilsiz хidmətləri ilə bağlı olan Y.Muxtarov, həmin filmlərə öz səs ahəngiylə yanaşmış, peşə sevgisinə daima sədaqətli olmuşdur. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Böyük məsuliyyət hissilə öyrəndiklərini eyni həvəslə gənclərə öyrətməyin peşəkarı olan Y.Muxtarov geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi. Onun tanıyanlar deyirlər ki, Y.Muxtarov harada çalışmasından asılı olmayaraq efir onun üçün öz müqəddəsliyini qoruyub saxlayırdı. Mikrofon önündə öz səsi ilə sanki portret yaradırdı. Dinləyiciləri onun oxuduğu mətnlərin təkcə məzmun və mahiyyətini deyil, həm də təqdimat estetikasını yüksək qiymətlədirirdi. Sadəcə diktorluq və aktyorluq qabiliyyəti ilə deyil, həm də zəngin mənəvi xarakteri ilə seçilirdi. 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb. Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib.xeber100.com

İyul 21, 2023 10:12

Musiqili Teatrda “Mənim günahım” tamaşası nümayiş etdiriləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim günahım” tamaşası nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sevgi haqqında pritçadır. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan tamaşaya İradə Gözəlova quruluş verib.Səhnə əsərinin quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.Tamaşada obrazları Əməkdar artistlər- Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti Mələkxanım Səfərova (Ayqız) və başqaları canlandıracaq.Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.xeber100.com

Yanvar 14, 2020 1:55