Mətbuat Şurasının müraciəti…

Bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı.Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər.Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir.xeber100.com  

Fevral 28, 2017 12:14

Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib

Oktyabrın 2-3-də Şimali Kipr Türk Respublikasında Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib. Toplantıda birliyə üzv ölkələrin Mətbuat şuralarının ötən müddətdə gördükləri işlər barədə hesabatları dinlənilib. Ə.Amaşov bu hissədəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb. O bildirib ki, Mətbuat Şurası şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini əldə rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Oktyabr 3, 2016 3:29

Mətbuat Şurasının məlumatına görə…

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub. Şuradan bildiriblər ki, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurasının dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir. “İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, - deyə Ə.Amaşov əlavə edib. Görüşdə iranlı və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb. İRNA xəbər agentliyinin rəhbəri Mohəmməd Xoddadi rəhbərik etdiyi agentliyin əməkdaşlığa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Tərəflər, həmçinin Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı razılığa gəliblər.xeber100.com

Sentyabr 30, 2016 5:55

KİV təmsilçiləri ilə görüş…

Bu gün Mətbuat Şurasında ölkəmizdəki diplomatik missiyası başa çatmaqda olan Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə vida görüşü keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdəki əlaqələri qibtə olunacaq səviyyədədir. İkitərəfli münasibətlərdəki intensivlik baxımdan dünyanın heç bir ölkələri arasında oxşar vəziyyət müşahidə edilmir. Bu, tarixi bağlılıqdan, dostluqdan, qardaşlıqdan qaynaqlanan xüsusiyyətdir. Belə bir nəticənin əldə edilməsində medianın rolu çox böyükdür. Hazırda Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələr də dövlətlərarası əməkdaşlığa adekvat şəkildə inkişaf etməkdə və dərinləşməkdədir. Bu prosesdə ömrünün dörd ilini Azərbaycandakı mühüm diplomatik missiyasının icrasına sərf etmiş Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Çoşkunun rolu son dərəcə böyükdür. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müxtəlif illərdə Türkiyə və Azərbaycan arasında nifaq toxumu səpməyə çalışan qüvvələrin olduğunu, onların öz məqsədlərinə çatmaq üçün mediadan yararlandıqlarını vurğulayıb. Lakin hazırda iki ölkə mediası və bütövlükdə cəmiyyəti arasında münasibətlər o qədər güclüdür ki, belə hallar təsir effektini göstərə bilmir. Mövcud nəticənin əldə edilməsində diplomatik missiyanın da böyük xidməti var. V.Səfərli bu baxımdan səfir İsmail Alper Çoşkunun ötən dörd ildəki fəaliyyətinin müstəsna əhəmiyyət daşıdığına diqqət çəkib. Türkiyənin Azərbaycandakı Səfiri cənab İsmail Alper Çoşkun çıxışına tədbir iştirakçılarına təşəkkürlərini bildirməklə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərməyin özü üçün böyük zovq olduğunu deyib. Ancaq Azərbaycanın dost və qardaşlıq baxımdan həssas bölgə kimi dəyərləndirərək buna adekvat işlər görməyin eyni zamanda müəyyən məziyyətlərdən keçdiyini də dilə gətirib. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qürur duyulacaq bir nöqtəyə çatdığını vurğulayan səfir Alper Çoşkun bildirib ki, bu nailiyyətin qədri-qiyməti bilinməlidir.xeber100.com  

Sentyabr 22, 2016 2:15

“Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri”…

Avqustun 31-də Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib. MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir. Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir.xeber100.com

Avqust 31, 2016 11:27