Medianın özünütənzimləmə qurumlarının növbəti toplantısı…

Bu gün Gürcüstanın Kaxetiya bölgəsində medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı işinə başlayıb. Tədbir Avropa Birliyinin və Avropa Şurasının Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Moldovanı, Ukrayna və Belarusu hədəf qrupu kimi seçdiyi birgə layihəsi əsasında baş tutur. İki gün davam edəcək toplantıda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edir. Tədbirdə şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov özünütənzimləmə orqanlarında etik dilemmalar mövzusunda məruzə edib, rəhbərlik edtdiyi qurumun timsalında mövcud sahədə meydana çıxan problemlərdən söz açıb. O bildirib ki, 2007-ci ildən sonra Azərbaycanda internet sürətlə inkişaf etməyə başladı. Müvafiq olaraq internet media orqanlarının sayı əhəmiyyətli dərəcədə artdı. Təbii ki, operatikliv baxımdan yeni tələblər meydana çıxdı. Lakin bu tələblər peşə prinsiplərinə də fərqli yanaşma zərurətini yaratdı. Mətbuat Şurası vəziyyətə adekvat davranmalı idi. Vəziyyətə adekvat davranmaq, cəmiyyətin və medianın mənafeyini uzlaşdırmaq media ictimaiyyətinin özünün də ictimai sifarişi kimi diqqət çəkdi: “Əlbəttə, ilk baxışdan ənənəvi media üçün etik tələblərin onlayn mediaya da asanlıqla tətbiq edilə biləcəyini düşünmək mümkündür. Ancaq bir qədər öncə məsuliyyətdən danışdım. Ənənəvi KİV fəaliyyətini peşə etikasına əsasən qurur. Eyni zamanda burada qanunlara da riayət var. Yəni qanunlar belə demək mümkünsə, peşə etikasının qarantı rolunda çıxış edir. Nəhayət, böyük ölçüdə peşə etikasına riayət edən media orqanı qanunlara da riayət etmiş sayılır. Bu müstəvidə fərqliliklərə çox az təsadüf edilir. Ancaq internet media üçün belə bir məsuliyyət yükü yoxdur. Ona görə də onları etik prinsiplərə əməl etməyə çağırmaq bəzən çətin olur. Nəticədə bir çox hallarda təkcə etik pozuntuların yox, elə qanun pozuntularının da çox hissəsi internet medianın üzərinə düşür”. MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli media təbliğatındakı spesifik cəhətlər ətrafında məruzə edib. Bu xüsusda Azərbaycanla xarici ölkələr arasındakı oxşar və fərqli xüsusiyyətlərə toxunub. Toplantıda özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri, Rusiyada özünütənzimləmə sistemindəki problemlər və s. müzakirəyə çıxarılıb. Qeyd edək ki, toplantıya Serbiya, Monteneqro, Albaniya, Bosniya ve Hersoqovina, Kosovo və Makedoniyadan da media numayəndələri qatılıblar. Tədbir iyunun 17-də mövzu ətrafındakı müzakirələrlə davam edəcək.xeber100.com    

İyun 16, 2016 4:13

Azərbaycan Mətbuat Şurasının Baş Prokurorluğa müraciəti

Azərbaycan Mətbuat Şurası ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, 2016-cı iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya resurslarında məlumatlar yayılıb: “Sözügedən yeməkxananaın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb”. Müraciətdə eyni zamanda bildirilib ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. “Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.xeber100.com

İyun 7, 2016 1:40

Ukraynanın üç dövlət qurumuna müraciət ünvanlanıb

Azərbaycan Mətbuat Şurası Ukraynanın “Mirotvorets” Tədqiqatlar Mərkəzinin saytında 239 jurnalistin, o cümlədən Azərbaycanın kütləvi informasiya vasitələrini təmsil edən 11 media nümayədəsinin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlanan separatçı quruluşlarla əməkdaşlıqda günahlandırılması, terrorizmə dəstək verməkdə ittiham edilməsi ilə bağlı Ukraynanın Xarici İşlər, İnformasiya Siyasəti Nazirliklərinə, o cümlədən ölkənin Prezident Administrasiyasına müraciət ünvanlayıb. Müraciətdə adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç birinin sözügedən ərazilərdə olmadığı və akkreditasiya üçün bu quruluşlara müraciət etmədiyi diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, “Mirotvorets” təşkilatı həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edərkən onların Rusiyanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmələrini və bu ölkə ərazisində fəaliyyət göstərmələrini əsas götürüb. “Məlumat üçün bildiririk ki, Azərbaycan özü də işğalçı Ermənistanın timsalında separatçılıqdan və ekstremizmdən əziyyət çəkir. Media ictimaiyyətimiz separatçılığın istənilən formasının təbliğinin Azərbaycanın dövlətçilik maraqları ilə zidd olduğunu birmənalı şəkildə qəbul edir. Bu həssas məsələdə dövlətimiz, ictimaiyyətimiz və mediamız vahid prinsipial mövqeyə malikdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşlığını daşıyaraq ölkəmizin  kütləvi informasiya vasitəsini xaricdə təmsil edən şəxsin nəinki Ukraynanın, istənilən başqa dövlətin də ərazi bötüvlüyünə xələl gətirəcək qeyri-qanuni aksiya və təşəbbüsdə yer alması mümkün deyildir”. Müraciətdə həmçinin deyilir ki, “Mirotvorets” təşkilatının çoxlu sayda jurnalisti, o cümlədən ölkəmizin media mənsublarını bu sayaq şübhələndirmək istəyi beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsiplərinə tamamilə ziddir: “Sizə müraciət edərək belə bir qurumun ümumilikdə Azərbaycan və Ukrayna dövlətləri arasında nifaq yaratmağa hesablandığı aydın görünən fəaliyyətinə diqqətlə yanaşmağı, müvafiq hüquqi tədbir görməyi xahiş edirik”.xeber100.com

İyun 1, 2016 1:43

Anlaşma memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası Belçikada fəaliyyət göstərən Beçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb. Sənəd sözügedən qurumun sədri Hüseyn Dönməzin, sədr müavini Cəlil Gündoğdunun, həmçinin Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmircinin, Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncer Sarının Şuradakı müzakirələri nəticəsində ərsəyə gəlib. Azərbaycanda səfərdə olan qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə yaradılıb. Qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Mövcud xüsusda başlıca diqqət müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasına, qərar və rəylərin çıxarılmasına yetirilir. Ə.Amaşov həmçinin MŞ-nin beynəlxalq əlaqələri barədə də məlumat verib. Xüsusən türk dünyasının ayrı-ayrı bölgələrində fəaliyyət göstərən media qurumları ilə intensiv münasibətlərdən söz açıb. Qeyd edək ki, Beçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ətraf bölgələrində fəaliyyət göstərən TV, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycan Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşımaqdadır.xeber100.com    

İyun 1, 2016 1:36

Xatirə günü keçirilib…

Azərbaycan Mətbuat Şurasında  jurnalist-publisist Fikrət Mursaqulovun xatirə günü keçirilib. Həmin gün nakam şairin  rus dilinə çevrilmiş «Təsəlli» («Uteşeniye») kitabı oxuculara təqdim  olunub. Mərasimi giriş sözü ilə acan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gözdən əlil olsa da 34 illik ömründə özünü  ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər  ziyalı  kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən danışıb. Dilçi ədəbiyyatşünas İlham Abbasov mərhum  dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib. Avrasiya Beynəlxalq Mətbuat Fondunun  sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini  vurğulamışdır. Xatirə günündə Fikrət Mursaqulovun tələbə dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları xatirələrini söyləyiblər. Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ömür yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər. Xatırladaq ki, «Təsəlli» kitabını rus dilinə Fikrət irsinin qoruyucusu şair-tərçüməçi Giya Paçxataşvili  çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz yazıb.xeber100.    

İyun 1, 2016 1:31

“Olimpiya Hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu”…

25 May Azərbaycan Mətbuat Şurasının və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə «Olimpiya Hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu» mövzusunda «dəyirmi masa» keçirilib.Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov açaraq Azərbaycanın idman ölkəsi kimi malik olduğu ənənələrdən danışıb. Bu ənənələrin formalaşmasında medianın roluna toxunan Ə.Amaşov vurğulayıb ki, jurnalistlərlə idman sahəsində çalışan təşkilatların qarşılıqlı əlaqələrinin daha sıx şəkildə qurulması günün tələbidir. «Milli Olimpiya Komitəsi və Mətbuat Şurası mövcud istiqamətdəki fəaliyyətə start verib. Bu, Rio olimpiadası öncəsi jurnalistlərlə ilk görüşdür. Növbəti görüş idmançılarımızı mötəbər idman tədbirinə yola salmazdan öncə keçiriləcək. İdmançılarımız olimpiadadan döndükdən sonra da toplantıların təşkilini nəzərdə tuturuq», - deyən MŞ sədri Azərbaycanda idman jurnalistikasının hazırkı inkişaf xüsusiyyətlərindən söz açıb. O bildirib ki, idmanın kütləviləşməsi şəraitində prosesə adekvat media nümayəndələrinin formalaşması zəruridir. Bu isə jurnalistlərin ixtisaslaşma dərəcəsindən asılıdır. Ə.Amaşov çıxışında həmçinin idman jurnalistləri arasında yaradıcılıq müsabiqələrinin təşkilini əhəmiyyətli sayıb və təklif edib ki, ən yaxşı yazı müəllifinin 31-ci Yay Olimpiya Oyunlarında iştirakının təmin olunması məsələsi nəzərdən keçirilsin. Milli Olimpiya Komitəsinin idarə rəisi Cəmaləddin Rəhmanov qarşıdan gələn Yay Olimpiya Oyunlarını işıqlandıracaq jurnalistlərin turniri cəmiyyətimizə çatdırmaqla yanaşı, onun təşkili xüsusiyyətləri ilə bağlı Bakıda keçirilmiş I Avropa Oyunları arasında paralellər aparmasının vacibliyinə toxunub. O, I Avropa Oyunları zamanı Azərbaycanın dünyaya yüksək standart nümayiş etdirdiyini vurğulayıb, jurnalistlərimizin prosesdəki rolunu yüksək qiymətləndirib. Olimpiya Oyunları kimi dünya miqyaslı idman tədbirlərinin keçirilməsindəki ayrı-ayrı cəhətlərə diqqət çəkən C.Rəhmanov onu da bildirib ki, oyunların Riodan işıqlandırılması ilə yanaşı, MOK-da media nümayəndələri üçün «açıq qapı» təşkil olunacaq. Bu yolla orada baş verən yeniliklərin çatdırılması koordinasiya ediləcək. MOK-un vitse-prezidenti Xəzər İsayev Azərbaycanda ilk idman qəzetinin işıq üzü görməsindən bu günkü dövrə qədər idman jurnalistikasının böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, hazırda ölkəmizdə nəfis tərtibatlı idman jurnallarının, oxunaqlı internet informasiya resurslarının fəaliyyət göstərdiyini bildirərək MOK-un xətti ilə işıq üzü görən nəşrlərin də idmanla əlaqədar yeniliklərin cəmiyyətə təqdimatındakı müstəsna roluna toxunub, eyni zamanda idman jurnalistikasının daha da inkişaf etməli olduğunu vurğulayıb. Mövcud istiqamətdə xüsusi tədris proqramının işlənməsinin zəruriliyindən söz açan vitse-prezident qeyd edib ki, MOK sahəyə dəstək verməyə hazırdır. X.İsayev həmçinin bildirib ki, mötəbər idman tədbirləri ölkənin tanıtımı üçün mühüm vasitə kimi qiymətləndirildiyindən jurnalistlərin də məsələyə həssas yanaşmaları şərtdir. MOK-un aparıcı məsləhətçisi, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev çıxışında deyib ki, böyük idman tədbirlərinə rəy verilərkən ilk növbədə mediada yayımlanan materialların təhlili aparılır. Buna görə də jurnalistlərimiz məsələyə həssas yanaşmalıdırlar. Həssaslıq peşəkarlıqdan keçir. İdman jurnalistikası isə müəyyən mənada konkret sahə jurnalistikası deyil. Hazırda vəziyyət elə gətirib ki, idmandan yazan jurnalist həm iqtisadiyyata, həm də digər sahələrə bələd olmalıdır. Çünki hansısa ölkədə böyük idman yaraşlarının keçirilməsinin mümkünlüyü dəyərləndirilərkən yalnız təşkilatçılıq məsələləri deyil, ərazinin xüsusiyyətləri, ekoloji durumu və sair cəhətlər mütləq qaydada nəzərə alınır. Müzakirələr şəraitində keçən «dəyirmi masa»da çıxış edənlər Azərbaycanda idman jurnalistikasının inkişafında xidmətləri olan qələm sahiblərinin təcrübəsindən faydalanılmasının vacibliyindən, bu sahədəki yeniliklərlə praktik jurnalistlərin daha operativ surətdə təmin edilməsinin əhəmiyyətindən söz açaraq mövcud istiqamətlərdə məqsədyönlü tədbirlərin görülməsinin zəruriliyini əsaslandırıblar.    

May 26, 2016 12:41

“Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında”…

Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib. BDU-da təşkil olunmuş konfrans “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi daşıyıb. Toplantıda giriş sözü ilə çıxış edən BDU-nun jurnalistika fakultəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Şamil Vəliyev bildirib ki, dövlət başçısının sərəncamı dahi mütəfəkkir C.Hacibəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı çagdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək baxımından son dərəcə əhəmiyyətli sənəddir. O, elmi-praktik konfransın Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun müvafiq əmrinə əsasən Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə təşkilini yüksək qiymətləndirib. Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov C.Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan mətbuatı üzərindən cəmi 43 il keçdikdən sonra mütəhərrik qüvvə kimi müstəqillik ideyalarının carçısına çevrildi. “Bu prosesdə ziyalılar, görkəmli fikir adamları böyük tarixi missiya yerinə yetirdilər. Belə nəhəng fikir adamlarından biri də Ceyhun Hacıbəyli idi. Onun jurnalistlik fəaliyyəti bizim üçün daha önəmlidir. Hesab edirəm ki, cənab İlham Əliyevin sərəncamı eyni zamanda Azərbaycan mətbuatına, onun keçdiyi şərəfli yola böyük ehtiramın növbəti nümunəsidir”, - deyə Ə.Amaşov vurğulayıb. Çıxış edənlərdən Milli Məclisin deputatı Aqil Abbas, BDU-nun jurnalistika fakultəsinin jurnalistika fakultəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, jurnalistika fakultəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu və başqaları C.Hacıbəylinin şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər. Tədbirdə həmçinin C.Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçikhəcmli film də nümayiş etdirilib.xeber100.com  

May 24, 2016 1:57

“Vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi”…

  Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Mükafatlandırma I yer           -        1 nəfər       -        800 manat II yer          -        2 nəfər       -        500 manat III yer        -        3 nəfər       -        300 manat Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək; Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi; “Aprel müharibəsi” və yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidməti; “Aprel müharibəsi”nin Milli Qəhramanları Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidovun həyat və döyüş yolu; “Aprel müharibəsi”nin beynəlxalq ictimai rəydə təzahürü; “Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava; “Aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər. Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti; İfadə vasitələrinin zənginliyi; Oxucu üçün informasiyalılıq dərəcəsi; Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə. Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Qeyd:   Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də  verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir. Yazıların təqdim edilməsi Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Təqdimat zərfində yer almalıdır: yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti; yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu; müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə); yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə); materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir); diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla); yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir. Müsabiqə üçün yazılar 2016-cı il may ayının 26-dan iyun ayının 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Qaliblərin adları 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində açıqlanacaq.Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.  

May 23, 2016 3:20

“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”…

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Mükafatlandırma  I yer           -        1 nəfər       -        1000 manat II yer          -        2 nəfər       -        700 manat III yer        -        3 nəfər       -        500 manat Həvəsləndirici mükafat – 5 nəfər – 300 manat Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək; Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti İfadə vasitələrinin zənginliyi Oxucu üçün informasiyalılıq dərəcəsi Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə. Müsabiqəyə 2016-cı ilin may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Qeyd:          Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.  Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.  Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.  Müsabiqəyə yazı təqdim edəcək şəxslərin bank hesabının olması şərtdir.  Yazıların təqdim edilməsi Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Təqdimat zərfində yer almalıdır: yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;  yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;  yazı təqdim edən şəxsin sosial sığorta şəhadətnaməsinin surəti;  yazı təqdim edən şəxsin bankdakı hesabının rekvizitləri;  yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;  müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);  yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);  materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir); diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla); yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir. Müsabiqə üçün yazılar 2016-cı il may ayının 20-dən iyun ayının 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Qaliblərin adları iyun ayının sonunda açıqlanacaq. Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək. Əlaqə telefonu: (012) 441 35 30 (050) 534 93 26 (055) 201 99 26    

May 19, 2016 2:44