Ağaxan Salmanlının 75 illiyinə…

Zənnimcə, SƏNƏTKARLIQ ZİRVƏSİ yaşla, təcrübəylə qazanılan yüksəklik deyil, dünyaya göz açdığın gündən Tanrının qismətinə yazdığı bir hədiyyədir. Bu hədiyyə necə qorunur, onu artıq gələcək göstərir. Təsadüfən söhbəti sənət zirvəsi üzərində qurmuram. Tamaşaçıların sevimlisi Ağaxan Salmanlı teatr sənətində var olduğu gündən daima bir həqiqətə inandı-səhnə səmiyyətinə. əslində səhnə səmimiyyəti elə aktyorun obrazı daxilindən keçirək səmimi oynaması ilə başlayır. Müxtəli rollarda səhnədə olan və tamaşaçını inandırma gücünə sahib olduğunu sübut edən böyük sənətkarın 75 yaşı tamam olur. Aktyor özünü bu yaşda necə hiss edir və ssənətdə daha nələri görmək istər onu sadəcə bu müsahibəni oxuduğunuz zaman şahid olacaqsınız. Beləliklə xəbər100.com saytının bu dəfəki qonağı, xalq artisti Ağaxan Salmanlıdır. -Ömrün 75-ci ilinə qədəm qoymaq, bahar fəslinin bu gül-çiçəkli dövrünü yaşamaq necə bir hissdir? -Baharın gəlişi hər birimizdə yüksək əhval-ruhiyyə yaradır. Bəlkə də ona görə ki, təbiət bütün gözəlliklərini məhz baharda tam olaraq göstərir. Bu sadəcə gülün-çiçəyin gözəlliyi deyil, bu gözəlliklərdən ətrafa saçan qoxunun da gözəlliyi sanki üzərimizə hopur. BU gözəl fəsildə həyətimdə əkin-biçin işlərim olur, yaz güllərim çiçəklənib. Şox şükür səhhətim normaldır və mən bu gözəlliyi hiss edirəm. -Əslində hər yaş bir hesabat xarakteri daşıyır və yaş artdıqğa müdriklik çağı insanoğunu düşünməyə vadar edər. Sizi ən çox düşündürən nədir? =Sual geniş olduğu üçün, ətraflı da cavab istəyir. Məlumdur ki, məişət, ailə, ev-eşik fikirləri, nəvələrinmin rifahı barədəki fikirlər daima diqqətdə dayanır. Ən önəmlisi isə Vətənimizin müharibə vəziyyətinə aid hər bir xırda xəbərə reaksiya, ümidverici kiçicik bir şad, müjdəli xəbər gözləntisi hər an beynimizi, ürəyimizi məşğul edir. Eyni zamanda teatrdakı quruluşlar haqqında olan düşüncələr, fikirlər çoxdur. Bir sözlə beyni məşğul edən fikirlər çoxdur və hər gün də eynilə təkrar olunur. Bilirsinizmi, dünya yaranandan ağla-qaranın mübarizəsi gedib və gedir. İllər, əsrlər keçir eyni mübarizə davam edir, yaşadığımız dövrdə belə bu mübarizə bitmir. Bir tərəfdə ölüm, bir tərəfdə göz yaşları, digər bir tərəfdə sanki heç nə olmamış kimi həyata davam etmək...Bütün bunları necə xarakterizə etmək olar və ya ümumiyyətlə xarakterizə etmək mümkündürmü, bu belə növbəti bir sual ortaya çıxarır. -Necə bilirsiniz, dünyanln böhran içində olması sənətə nə dərəcədə təsir göstərə bilər və ya yaradıcı proseslər sanki arxa planda qaldığı üçün önəmli səhnə əsərləri yaranmır? -Əlbəttə ki, dünya əzəldən münaqişəli olub, indi daha da kəskin görünür, ola bilsin ki, bu proses sabah da davam edəcək. Dünyaya nəzər salanda görürsən ki, münaqişələr necə də xərçəng xəstəliyi kimi yer kürəsini tora bürüyüb. Dünyanln böhran içində olmasının sənətə nə dərəcədə təsir etməsinə gəlincə, zənnimcə dünya iqtisadi böhranını araşdıran iqtisadçılar bunu məndən daha dəqiq bilər. Ümumiyyətlə isə böhran dediyin göz önündədir və bunun hər kəs təsirini görür, sıxıntısın keçirir. Ancaq nə olur olsun, teatra münasibət əsasdır. İqtisadi böhran, teatrı mənəvi ehtiyac kimi anlayanları ondan uzaq sala bilməz. Bir iki misal çəkim: Bir gün Rusiyada idim , evdə qalırdım, evin sahibəsi xahiş etdi ki, vaxtı olmur, domna sobasında kömür atma işinə baxır, falan gün, flan saatda vaxtım olacaq o vaxta da kinoteatrda fransız filminə bilet al, bir yerdə gedib baxaq, filimin adı bu, iştirakçılar bunlar, rejissoru və yazarı flankəslər. Gedib afişaya baxdım tam dəqiqliyi ilə demişdi. Bir dəfə də Odessaya getmişdim, özü balaca şəhər olsa da, orada dünya şöhrətli, memarlıq cəhətdən gözəl bir teatr olduğunu eşitmişdim. Maraq üçün özümü saldım həmin teatra. Loja benuar deyilən səhnəyə yaxın bir yerə bilet almışdım. Belə bir hadisənin şahidi oldum. Yanımda oturan bir xanımdan xahiş etdilər ki, yerini zəhmət olmasa iki oturacaq yan tərəfə dəyişsin. Xanımı od götürdü, "mən, süpürgəçi işləyirəm, səhər altıda durub küçə süpürürəm, manat-manat yığıb loja benuara bilet almışam, bu yerimi heç kəsə güzəşt etmərəm”. Bu misalları çəkməklə  mənəvi ehtiyacın necə olduğunu göztərmək istədim. Bir misal daha çəkim. Oğlum universitetdə oxuduğu illərdə ona dərs deyən elmlər namizədləri, fəlsəfə doktorlarına qarşılıqlı hörmətə görə dəfələrlə dəvətnamə göndərirdim və həmin vaxt teatrın giriş qapısında onları qarşılamaq üçün müntəzir olurdum.... təəssüflər olsun ki, heç biri gəlmirdi!? Sadəcə olaraq bir dəfə dövlət imtahan komissiyasının sədri Əmirxan müəllim gəlmişdi. -Mənəviyyat, mənəvi aclıq hissi deyilən bir şey var... -Ümumiyyətlə incəsənətin yaratdıqı maddi nemət deyil, mənəvi nemətdir. Maddi nemətə ehtiyac ilkindir, onsuz insanın həyatı bitər- yeməlidir, içməlidir, geyinməlidir. Bu vacibdir. Əgər bunlardan cibdə bir şey qalarsa onda insan mənəvi nemət axtarır. O da baxır insanın düşüncə tərzinə, mədəniyyətə meylinə, marağına, mənəvi aclığına. Bu sahəyə sevgisi yoxdursa yenə qaçacaq restorana, kababxanaya, bu növlü əyləncələrə qatılacaq...Bu səbəblərdən böhranın təsiri ilk olaraq elə incəsənətə, o cümlədən də teatra dəymədən ötmür. Bəlkə də dünyanın müxtəlif bölgələrində müxtəlif dərəcədə, az və ya çox olur, lakin mütləq olur. - Yeri gəlmişkən, bütün dünyada böhran var, ancaq sənətə olan maraq bir an da olsun ölmür. Bizdə isə, siz dediyiniz kimi, hələ tamaşaya dəvət edirsən gələn olmur. Halbuki bir vaxtlar Azərbaycanda teatr, kino üçün bilet satışında növbə yaranırmış... - Bir vaxtlar Azərbaycanda teatr inkişaf və intibah dövrünü yaşayanda tamaşalara bilet tapmaq çətin olub, hətta qayda-qanun yaratmaq üçün mühafizəçilər dəvət olunurdu. Möhtəşəm tamaşalar yaranıb, hardasa bir anonsdan sonra tamaşaçılar böyük maraq və intizarla tamaşaların təqdimatını gözləyiblər. Bu maraqın və diqqətin nəticəsində də teatrın cəmiyyətdə məsuliyyəti  artıb, aktyorluq sənətinə  olunan hörmət, onun möcüzəli olması, riskli, aktual fikirlər ortaya qoyması teatrı mənəvi bir ehtiyaca çevirə bilib. Aktyorluq sənəti barədə korifey sənətkarımız Mərziyə xanım Davudova deyirdi ki,  "Aktyorluq  ağır zəhmətkeş həyatıdır". Belə vəziyyət aktyorun işinə son dərəcə məsul yanaşmasını tələb edirdi. XX əsrin  20-ci illərindən sonra teatra məbəd deməyə başlandı. Məbəd adlanan yerə təbii ki, xalqın axını başladı, bu bir dövlət proqramı idi, başqa cür də ola bilməzdi. - Necə bilirsiniz, bəlkə tamaşaçıları düşündürən, onların marağına səbəb olan əsərlər yazılmalıdır. Necə deyərlər, bəlkə tamaşaçı zövqünün dalınca getmək lazımdır? - Cəmiyyətin inkişafı, texniki proqress  bu günümüzə nə qədər yeniliklər gətirib. Yəqin ki, hamı ölkəmizdə keçirilən ilk Avropa Olimpiya oyunlarının açılış və başlanışını xatırlayır. Müasir texniki inkişafı teatra tətbiq edərkən necə ağlagəlməz möcüzələrin əldə olduğunun şahidi oluruq. İndi görək bu texnikanın hansı faizi, lap cüzi faizi teatrlarda varmı? Bir yandan da iqtisadi böhran, teatr üçün heç də arzuolunan vaxtda gəlməyib. Teatr canlı sənətdir, cəmiyyətin, zamanın nəfəsi ilə, ritmi ilə uyğunluq təşkil edir, tərəqqisi və tənəzzülü var. Bunu canlı varlıq kimi qəbul etmək lazımdır - sağlam, çevik, enerjili vaxtı olur, soyuqdəyməsi, halsızlıqı, tam gücündən istifadə edə bilməməsi vaxtları olur. Bu təbiidir.Mən bu canlı orqanizmə nikbin yanaşıram və tam ümidliyəm teatrımızın sabahına...O ki, qaldı tamaşaçının ardınca getmək məsələsinə, teatr həmişə tamaşaçı ilə təmasda olub. Bir halda ki, tamaşaçını narahat edən problemləri teatr ortaya çıxarır, deməli tamaşaçı əsas komponetdir. İndi görək teatr tamaşaçının marağında olan suallara cavab verə bilirmi, yol göstərə bilirmi? Məncə teatrın bu gün bir zəifliyi də var - tamaşaçını düşündürən suallar və onun həlli yollarını söyləmək acizliyi. Klassiklərə baxın, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı cəsarəti, riski! Hazırda da belə bir risqə, cəsarətə ehtiyac var. -  Bir qədər də hazırda sənətə yeni gələn nəslin fəaliyyəti haqqında danışardıq. Yeni nəsil tamaşaçını düşündürmək nədir, heç diqqətini də cəlb edə bilmir. Hanı o cəlbedicilik, hanı o maraq dairəsi? - Teatr özündə bütün həyatı əks etdirir siyasətdən tutmuş, mənəviyyata qədər, vətən sevgisindən tutmuş şəxsi, ailə sevgisinə qədər. Fəlsəfədir teatr, həyat fəlsəfəsi. Bu baxımdan düşünürəm ki, indiki nəsil nəyi görür, necə görür elə də hərəkət edir. Mən onların elədikləri ilə  bir qədər, razılaşmasam da, onları tam inkar etməkdən də vaz keçirəm. Çalışıram onları anlayam, haqq qazandıram. Çünki bu gənclərin əksəriyyətinin maddi çətinlikləri var. Doğrudur ki,  birmənaalı olaraq "ucuz ətin şorbası olmaz".Bu hər tərəfli yaranacaq sənət əsərinin keyfiyyətsiz olacaqına , uğursuzluquna aparan səbəbdir. Çəkilən filmlərin , yaxud hazırlanan tamaşaların göstəriləcək məkanlar yoxdur. Teatr qastrollara gedə bilmir, çəkilən filmlərin göstərilməsi, satışı üçün kino-teatrlar yox səviyyədədir.“Naxox" filmindən misal gətirə bilərəm- Film uğurlu alındı, birincilər arasında reytinq qazandı -Bakida, Gəncədə, Masallıda nümayiş olundu vəssalam…Respublikanın başqa bölgələrində film nümayişi üçün səviyyəli məkanlar yoxdur. İstedadlı gənclər, sənət eşqilə çırpinan arzulu insanlar çoxdur. Gələcək mütləq olacaq. Onu geriyə çəkmək mümkün deyil. Çalışıb gənclərə dəstək olmaq, kömək əli uzatmaq lazımdır. Maliyyə zəifliyi sənətkarları kənarda qoyub, pulsuz, ya az pula çəkilənlərə yol açıb, çəkənlər də məcbur olub, istəmədən bu işə qol qoyurlar.Ümumiyyətlə, düşünürəm ki, nikbiliyimizi gəlin itirməyək. İnanaq ki, zaman hər şeyi yerbəyer edəcək. Sevgi və istək olan yerdə yaratmaq əbədidir !            

May 25, 2017 4:16

Eluca Atalı: “Azərbaycanla zarafat etməyin, onun mahiyyəti böyükdür”…

Azərbaycanın diaspor nümayəndəsi Eluca Atalı uzun illərdir ki, Stokholmda yaşayır. Millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərən yazıçının  18 kitabı çapdan çıxıb. Onun son işıq üzü görən "Tiqranizm Xocalıda" kitabı son bir neçə ayda geniş müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, əsərdə ermənilərin əsrlərboyu türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında təqdim olunub. Eluaca Atalı ilə Bakı səfəri zamanı görüşüb geniş söhbət etdik. xeber100.com üçün hazırladığım müsahibənin əsas mövzusunu dünya ölkələrində olan diaspor təşkilatların fəaliyyəti təşkil edir. -Uzun illərdir vətəndən uzaqlarda yaşasanız da fəaliyyətinizə bir an olsun ara vermədiniz. Necə bilirsiniz dünya ölkələrində səsiniz və ya səsimiz eşidilirmi? -Əvvəla deyim ki, bu müsahibədə hər şeyi öz adı ilə çağırıb, düşündüklərimin hamısını deyəcəm. Siz çap etsəniz də, etməsəniz də bunu edəcəm. Birincisi, mən siyasətçi deyiləm, ruhaniyyatçıyam, Asif Ata bizi belə öyrədəb. İcazəli qəhrəmanlıq olmaz! İkincisi, heç kimdən, heç nədən umacağım olmadığından, yəni, imtinanı bacaran birisi olduğum üçün istənilən yerdə, istənilən zamanda birbaşa söz deyə bilirəm. Bir yazarla siyasətçinin fərqi də burdur, yazarın uçuş səması siyasətçininkindən çox genişdir, əngindir. Siyasətçi səmada qol-qanad açmaqdan ötrü gərək hökmən ona qarşı süzəni vurub özünə yol aça, yoxsa qollarını tam gərə bilməz, səmasını qarşıdakı daraldır. Amma yazar mənəviyyat adamıdır, özünü dərk edib mənəviyyatını, ruhunu çirkabdan təmizlərsə, onun azad uçmasında maneə ola bilməz. Düşünürəm, məsələnin bir tərəfin açmış oldum. Həm də bununla istərdim ki, oxucular bilsin ki, kimlə söhbət edirlər. Bu baxımdan düşünürəm ki, fəaliyyətimə ara verməyə haqqım yoxdur, həm də az qala bütün dünyanın üstümüzə gəldiyi bir məqamda. Minimal məişətlə kifayətlənib, yaradıcılığa və ictimai fəaliyyətə vaxt ayırmağı özümün yurddaşlıq borcum hesab edirəm, çünki vətənim hər mənada talanıb və bu soyğunçuluq davam etməkdədir. Belə olan halda, özümə haqq qazandırmıram ki, bozbaş bişirməklə qadınlığımı və insanlığımı bitmiş hesab edim. Və həm də istedad səninki deyil, fitrətdir, niyə də bu vergi vətənimə, yurduma sərf olunmasın ki? Dünya ölkələrində səsimizin eşidilməsinə gəlincə, bu tək mənə yox, bütün 50 miljona aid olduğundan bu məsələyə baxışım bir qədər başqa olacaq. Birinci, canımızda olan etinasızlıq, qəhrəmanlığı hamının yanındakından gözləməsi prinsipi elə bil bizə hakimdir. Ən nifrət etdiyim "bu məsələnin zamana ehtiyacı var" ifadəsidir. Bunu işlədənlər acizlərdir. İşlədənlər çoxaldığından deyirəm, acizlik artıb. Bu da o deməkdir ki, millətin özünə inamı qırılıb. Dünyaya səsin çatdırılmasının bir neçə yolu var - siyasi, mədəni, ədəbi... Mənimki ədəbi yol olduğundan öz sahəmlə başlayacam və həm də deməliyəm, ədəbi yol bağırtı ilə olmur, pıçıltı ilə olur hardasa, yəni, hay-küysüz beyinlərə hökm edirsən. Təəssüf edirəm, hələki ədəbi yolda bunu edə bilməmişik. Hansı romanımız var Qarabağ problemin, Xocalı faicəsin dünyaya tanıtmaq səviyyədə yazılsın. Açığını bilmək istəsəniz, bugünkü ədəbiyyatımızdakı nəsrin boyu çox balacadır, lap lilliput kimi. Məhz nəsri deməkdə məqsədim odur ki, bir ölkənin problemi nəsrlə qələmə alına bilir. Hamı sevgiden yazır, elə bil bu millətin Qarabaq, Güney Azərbaycan, minalanmış torpaq dərdi, əkilməməkdən vəhşiləşib ilan-şayan mələşən yurd yeri, işsizlik və s. yoxdur. Süleyman Rüstəmin dili ilə desək: Cənnət görmək istəyən Azərbaycana gəlsin!" Və ona görə gəlsin ki, "El azaddır, dil azaddır, azad sazlarda tel azaddır!" -Sizcə dünya ölkələrində olan diaspoir təşkilatlarımız Azərbaycanı, Azərbaycançılıq ideyalarını kifayaət qədər təbliq edə bilirlərmi? -Diasporamız Azərbaycançılıq ideyasına tam sahibdirlərmi? Biz ilk növbədə bu suala cavab verməliyik. Əgər diasporada fəaliyyət göstərənlərin əksəriyyəti keçmiş kommunistlərin tör-töküntüsüdürsə, əsasən, hamısını bura şamil etmirəm, çünki bu qurumda saf insanlar var, onların Vətən, yurd sevgisindən vicdansızcasına bəhrələnirlər və ya xüsusi təyin edilmiş adamlardırsa, onda məlum məsələdir diasporada Azərbaycançılıq ideyasını anlayanların vəziyyəti hansı dərəcədədir və ya Azərbaycanın mahiyyətin bunlar anlayırlar. Asif Atanın bir fikri var, deyir: "Azərbaycanla zarafat etməyin, onun mahiyyəti böyükdür". Təəssüf edirəm, bu gün bütün sahələrimizdə olduğu kimi, bu başıbəlalı diaspora sahəmiz də şou səviyyəsinə gətirilib. - Əgər yetərincə təbliğ olunuruqsa o zaman niyə Qarabağ probleminin həllində hələ də bir irəliləyiş yoxdur? -Heç bir siyasi partiya -- yaşadığımız ölkədən gedir söhbət, bizi təhvil almır, çünki böyük say olduğumuzu göstərə bilmirik. Bunun da köklü səbəbləri var. Yaşadığımız ölkələr əksər hallarda yalnız mədəni fəaliyyət göstərməklə kifayətlənirik. Ona görə də yaşadığımız ölkələrdə nə deputat kimi parlamente gedib çıxa bilirik, nə də nazirlər kabinetinə.Təsəsvvür edin ki, bir isveçli deputatın arvadı ermənidir, onun vasitəsi ilə ermənilər saxta material verib kitablar yazdırırlar... -Sözünüzdən belə çıxır ki, Azərbaycan diasporasının işi o qədər də qənaətbəxş deyil. Necə bilirsiniz, diaspor təşkilatın adıyla saxta işlər quranlar var? -Saxta iş quranlar var deyirsiniz, mənsə deyirəm, saxta iş qurmayan varmı diasporada? Gəlin buna aydınlıq gətirək. Əslinə qalsa diaspora vətən və millətlə bağlı ətrafında baş verənlərə reaksiya bildirməli və idarə etməlidir hadisələri, yaxşı bir məcraya yönəltməlidir. Lakin bizdə əksinədir, diaspora idarə olunur. Bu səbəbdən də diaspora lazımı işi görə bilmir. Müstəqil olmayan bir qurum hansı işi görə bilər, sizcə? Sözdə, düşüncədə, əməldə müstəqil, azad olmaq tək fərdə aid deyil, quruma da şamil edilir, ilk növbədə diaspora kimi xaricdə gərəkli bir quruma. Qurum fərdlərdən yaranır, təəssüf, fərdlərimiz təmənnadan, şəxsi mənfəətlərindən asılıdılar. Bu da ümumiləşib boyunduruq yaradır, azad əməl yetirməməkdən ötrü dediyim bu hal hələ ki, böyük maneədir. Bu hadisələri siz kənardan müşahidə edirsiniz, bəlkə də çox vaxt incəliyinə varmırsınız, amma biz xaricdə yaşayanlar bunun içindəyik. Etiraf edim ki, diaspora məsələsi sevmədiyim mövzudur. Müsahibələrimin birində demişdim "Diasporadan danışanda özümü gəlindən gileyli qaynana kimi hiss edirəm." Hər ölkədə diaspora təşkilatların birdən artıq yaradırlar bilərəkdən ki, onları bir-birinə qarşı qoysunlar, real gücü parçalasınlar. -Bir qədər də bədii yaradıcılıqdan danışaq. Bu istiqamətdə gördüyünüz işlər artıq diqqət mərkəzində dayanır. Necə bilirsiniz, bəlkə də elə siyasi fikirlər var ki, onu bədii dildə daha aydın ifadə etmək olar? -Məndən ötrü siyasətin sərhədləri çox məhduddur, onu genişləndirəcək siyasətçi hər an ehtiyatlı olmalıdır. Siyasətçi bildiyini, gördüyünü və edəcəyini tam çılpaqlığı ilə açıqlamağa qadir deyil. Yazarlıqda isə tam fərqlidir, özünü gizlətdikcə xalqdan uzaq düşürsən, oxucunu itirirsən və ya oxucu kütləsin qazanmırsan. Siyasətin səması çox balacadır, siyasətçi ətrafındakıları vurmasa, o səmada azad uça bilməz. Yazarınsa belə bir "ovçuluğuna" ehtiyac qalmır, çünki o həqiqətçidir, ruhaniyyatçıdır. Bu səbəbdən də onun biclik işlətməyinə ehtiyac yoxdur, onun bicliyi elə düzlüyüdür!!! Keçək sizin sualın canına, bəli, mən düşünürəm siyastlə deyilə bilməyən bədii əsərlə deyilə bilər. Peru yazıçısı Mario Varqas Lyosanın "Kəpənəyin ölümü" romanı, Markezin "Patriaxın payızı" diktatorun ölümünə həsr olunub, diktatura yüzə-yüz orda incəliyinə qədər bədii təsvir vasitəsi ilə gerçəklik formasında şərh edilir. Bunu hansı siyasətçi izah edə bilər yazar kimi? Siyasətçi bunu yalnız dilinə gətirə bilər bir-iki təsvirlə, lakin tam açıqlamağa qadir olmaz. Bu güc, potensiya onda yoxdur. -Bəlkə Azərbaycan həqiqətləri faktlara əsaslanan bədii tarixi əsərlərlə daha asanlıqla dünyaya çatdrılıa bilər? -Sizin dediyiniz yolla, faktlar əsasında gerçək tarixi bədii yolla yazmaq, göstərmək kimi əsrlərin sınağından çıxmış formanı "Tiqranizm Xocalıda" kitabımda verdim. Həqiqəti bu yolla çatdırmaq asandır, gəl ki, çatdırmaq istəyin olsun. İstək və metod üst-üstə düşəndə bəhrəsi yaxşı olur. -Zənnimcə dünya ölkələri bizi tam olaraq tanımır, tanısalar necə haqsızlığa məruz qaldıqlarımızın şahidi olarlar. Bəlkə də özümüzü dünyaya bədii dildə, bədii təsvir vasitələri ilə tanıtmalıyıq... -Tanımırlar, yoxsa tanımaq istəmirlər və ya biz özümüzü nə dərəcədə təqdim edə bilmişik dünyaya? Əvvəla deyim ki, yaxın şərq ölkələrini çıxmaq şərti ilə dünyada Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yoxdur. Xüsusi avropa, qərb türkoloq, şərqşünaslarının ədəbiyyatımızla bağlı bilgisini qoysaq kənara, demək olar ki, geniş oxucu kütləsinin ədəbiyyatımız haqda qəti bilgisi, məlumatı yoxdur. Oxucu kütləsi ədəbiyyat haqda olan elmi əsəri və ya ədəbi təhlili oxumur, onun dünyagörüşünə uyğun bədii əsəri təqdim edəndə oxuyur, təqdim etməzsən axtarıb oxumaz və ya məlumatı olmadığı hadisə barədə durub ədəbiyyat axtarmaq arzusunda olmaz. Onsuz da bu gün dünyada o qədər informasiya var ki, adam ona təqdim edilənlərin hamısını oxuya bilmir. Marağına uyğunu seçib oxuyur. Bu səbəbdən də biz tarixi dərdlərmizi və bu günümüzdə olan problemlərimizi duyğusal yox, doğru təhlillərlə xarici oxuculara çatdırmağı bacarmalıyıq. "Azadlıq hekayələri", "Bir udum azadlıq", "Tiqranizm Xocalıda" kitablarımda tariximizlə bağlı hadisələr bədii biçimin alıb. Mənə bir qədər qəribə gəldi İsveç yayınevinə əsərlərimi göndərərkən onların "Heykəllər niyə danışmır" hekayəmi seçmələri. 20 Yanvar hadisəsindən sonra bir ananın  qucağında tutduğu yaralı körpəsi ilə bağlı yoldan keçən bir uşağın heykələ baxıb onunla yol gedən yetkin adamdan sorğu-sual etməsi bu hekayenin məğzini təşkil edir. İsveçlilərin bu əsəri seçməsindən sonra arayıb baxıb gördüm ki, nəinki uzaq, yaxın tariximizlə belə biz heç nəyi özümüzdən kənara sızdıra bilməmişik....          

Mart 13, 2017 3:46

“Yeni nəsil kitabdan, mütaliədən, kinodan çox uzaqdırlar”…

1965-1990-cı illər Azərbaycan kinosunun ən qaynar bir dövrünə təsadüf edir. Hazırda da sevərək baxdığımız filmlərin hamısı demək olar ki, həmin illərdə lentə alınıb. Və həmin illərdə ardıcıl şəkildə filmə çəkilən aktyorlar içində tamaşaçıların sevimli aktyoru, əməkdar artist  Ənvər Həsənov da olub. Aktyrorla ömrünü həsr etdiyi kinostudiayada görüşüb, söhbət etdik... -Hər yaşın öz hesabatı var...Ömrün 67-ci ilinə qədəm qoymaq necə bir hissdir? -Hesabatım ondan ibarətdir ki, bu il kinostudiyaya qədəm qoymağımın, fəaliyyətə başlamağımın da 52 ili tamam olur. Və 52 il ərzində 70 film işləmişəm. Nəzərə alsaq ki, 52 il ildir fəaliyyət göstərirəm, o zaman ürəklə deyə bilərəm ki, səmərəli fəaliyyət yolu keçdim. Bəxtim onda gətirdi ki, bu illər ərzində ustadlarla tanış oldum, onlarla bərabər çalışdım, xüsusilə Adil İsgəndərovun adını çəkmək istərdim, onun tələbəsi olmuşam və ölənə qədər də onun tələbəsi olaraq qalacağam. Çünki sənətə olan həvəsimin, sevgimin yaranmasında, hətta tükənməz olmasında məhz Adil İsgəndərovun rolu böyük olub. -Kino yaradılcılığınızda sizə dəstək olan sənətkarlar çox olub, hətta elə rejissor yoxdur ki, onunla çalışmayasınız. Zənnimcə rejissor Arif Babayevin adını da xüsusilə çəkmək lazımdır. -1965-ci ildə kinostudiyada fəaliyyətə başladım, 1966-cı ildə Arif Babayevin quruluş verdiyi “İnsan məskən salır” filmində II rejissor olaraq çalışdım və beləliklə də Arif müəllimlə yaradıcı əməkdaşlığımız başladı. Bildiyiniz kimi onun quruluşunda çəkilən “Uşaqlığın son gecəsi” filmində oynadığım Murad rolu ən müasir qəhrəman rollarından biri oldu və yəqin ki, olaraq da qalacaq. Bilirsinizmi o dövrdə yaradıcı proseslərin qaynarlığı bir başqa idi, təsəsvvür edin ki, kinostudiyada o qədər qaynar fəaliyyət var idi və hamı da böyük həvəslə çalışırdı və bu səmimiyyət birbaşa çəkilən filmlərər də öz təsirini göstərirdi. Kimlər yox idi, Məmmədaraz Şeyxzamanov, Həsənağa Turabov, Həsən Məmmədov, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova və daha kimlər... -Dəyişən nə oldu, sadəcə dövr, əvvəlki sənətkarların əksəriyyətini  dünyasını dəyişməsi, yoxsa sadəcə müharibə şəraitində yaşayan bir ölkəninn problemlərinin çoxluğu? -1991-ci ildən demək olar ki, 2000-ci ilə qədər kinomuz çox ağır bir böhran yaşadı. Bu təbii hal idi, müstəqillik qazanmaq çox çətin bir mərhələdir və bu işin hələ başlanğıcıdır. İllərlə asılı yaşayan bir respublika müstəqillik əldə edən kimi bürtün sahələrdə olan uğurlarına davam edə bilməzdi. Bunun üçün illər lazım  və tədricən hər sahədə inkişaf başladı. Doğrudur kino daha ağır inkişaf etməyə başladı, çox az filmlər çəkildi. Məsələn, mən 1991-ci ildə  Rasim İsmayılovla Qarabağ problemlərindən bəhs edən  “Tələ” filmini çəkdik. 1995-ci ildə Zeynalabdin Tağıyev haqqında olan “Sönməyəyn çıraq” filmini çəkməyə başladıq, təxminən bir il filmin üzərində işlədik, daha sonra “Sonuncu döyüş” filmini çəkməyə başladıq və s. Yəni, çox zəif şəkildə inkişaf başladı və yaxşı ki, biz nəsil eyni həvəslə iş başında olduq. Əsas inkişaf 2001-ci ildən başladı, bir qədər sakit illər başladı, yenə də kinostudiyada yaradıcılarla bir araya gəldik. Doğrudur kinoistudiyadan ayrılmamışdıq, çünki burdan ayrı yaşamaq mümkün deyildi. Az qala uşaqlıq illərindən böyüyüb boya başa çatdığımız bir müqəddəs ocaqdan söhbət gedir. Təsəvvür edin ki, nə qədər zəif inkişaf olsa belə o ağır günlərdə köhnə işçilər bura gəlirdik, problemlərimizi müzakirə edirdik, köhnə günləri yad edirdik, bir sözlə, deyib-gülüb vaxtımızı keçirir, sonra da evin yolunu alırdıq. Sanki bu bizə güc verirdi. Elə olurdu ki, 2-3 gün keçməmiş yenə gəlirdik. Hətta elə günlərimiz olurdu ki, evdə xaşı bişirdirib gəlib kinostudiyada yeyirdik. Əslində qış aylarında bunu başqa bir yerdə edə bilərdik, ancaq kinostudiyada hamımız birgə duz-çörək kəsməyimiz bir başqa hiss idi ki, bunu sözlə ifadə etmək belə mümkün deyil. Çox çətin günlərimiz olub. 2001-ci ildə “Ovsunçu” filmi ilə artıq çəkilişlərər start verildi və tədricən  az-az çəkilən filmlərin sayı artmağa başladı. -Demək olar ki, çox şey bərpa olundu, bəs dəyişən nə idi? -Dəyişən o idi ki, bu illər ərzində dəyərli insanlarımızın-sənətkarlarımzın əksəriyyəti dünyasını dəyişdi ki, bu da istər-istəməz sənətə öz təsirini göstərdi. Sevərək filmlərinə baxdığımız aktyorlar, rejissorlar, operatorlar, bir sözlə, kinoda əməyi olan yaradıcı heyətin əksəriyyəti artıq aramızda yox idi, onların boşluğunu doldurmaq o qədər də asan məsələ deyil və ya əksinə o boşluğu dolduran insanlar yetişəcəkdimi?! Yəqin ki, illər lazım olacaq, bəlkə 20 il keçməlidir ki, yeni gələn nəsil həmin sənətkarların yerini tuta bilsin. HAŞİYƏ:  1970-ci il... 20-ci illərin komsomolçuları haqqında romantik hekayə əsasında rejissor Tofiq Tağızadə “Yeddi oğul istərəm” filminin çəkilişlərinə hazırlaşır. Sınaq çəkilişləri zamanı Cəlal obrazınaonlarla aktyor dəvət olunub. Ancaq onlar arasından sadəcə biri Cəlala daha çox uyğun gəlir-Ənvər Həsənov: “Filmin çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda aparılırdı. Bir tərəfdən yayın qızmar havası, digər tərəfdən isə aktyorların geyimləri çəkilişlərdə çətinliklər yaradırdı. İşıq qurulub, kamera dayanıb, aktyor da lazım olan vəziyyəti alıb. Bir də gördün aktyor addımını çox atdı işıqdan çıxdı, az atdısa, işığa düşmədi. Ona görə də istənilən nəticəni almaq üçün bir kadr bir neçə dəfə çəkilirdi. Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Axırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıxılaraq ölür. Mən yerə yıxılan vaxt çəkiliş qrupundan qəribə səs eşidildi. “Stop” deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıxıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıxılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıxmadım. Bu səhnələr heç vaxt yaddan çıxmaz”. Əvvəlki illərin filmləri məhz aktyorun danışdığı çətinliklər hesabına başa gəlib. -Nə olur olsun, əvvvəlki dövrə istər-istəməz istinad etmək məcbiriyyətindəyik... -Çünki bünövrə məhz əvvəlki dövrdən başlayıb. Hazılrda az qala bütün TV kanalları əvvəlki illərdə çəkilən filmləri verir, tələbat çox güclüdür. Bildiyiniz kimi mənim dost-tanış, tamaşaçı baxımından əhatə dairəm çox genişdir. Kiminlə görüşürəmsə, kiminlə ünsiyyətdə oluramsa hamısı bir ağızdan “yaxşı ki, əvvəlki illərdə çəkilən filmlərimiz var” deyirlər. -Yaxşı şəraitdə yaxşı filmlər çəkilə bilər. Bildiyim qədəriylə əvvəlki illərin filmlərinin çəkilişlərinin harda aparılmasından asılı olmayaraq geniş şərait yaradılırmış... -Təsəvvür edin ki, rayonlarda olan çəkilişlərdə raykom katibindən, prokurorundan, rəsindən tutmuş, bir sözlə, bütün vəzifə adamları bir araya gəlirdi, səfərbər olunurdular ki, çəkiliş üçün bütün şərait yaradılsın və yaradılırdı da. -Söhbət Azərbaycan kinosunun yaranması idi... -Doğrudur, söhbət Azərbaycan kinosu idi və başqa cür də ola bilməzdi, bu bizimdir, milli ruha köklənməliyik və köklənirdik. 70 filmin çəkilişi əsasən ölkəmizdə olub, qarış-qarış ana vətəni gəzib dolaşdıq, qonaqpərvərlik, səmimiyyət, dəstək gördük. Məhz bunun nəticədir ki, həmin filmlərimizdə səmimiyyət güclüdür.  Çəkiliş vaxtı hər dəfə biri bütün yaradıcı heyətə qonaqlıq verirdi, bu da bir dəstək idi, qəbul etməsək də, bizi razı salıb qonaqlığa aparırdılar və deyirdilər: “Siz bizim üçün belə gözəl filmlər çəkirsiniz, sizə nə qədər dəstək versək, yenə də azdır”. Yəni, belə günləri yaşadıq. -Hazırda sadəcə Azərbaycan kinosu deyil, ümumiyyətlə götürdükdə dünya kinosunda sanki əvvəlki səmimiyyət yoxdur. Sizcə bunun əsas səbəbi nədir? -Qeyd etdiyim kimi illər keçir, artıq dünyasını dəyişmiş sənətkarlar var, yeni nəsil kinoda öz sözünü deməyə başlayıb və onların hadisələrə, baş verənlərə olan yanaşma tərzi fərqlidir. Bildiyiniz kimi filmin təməli ssenaridən başlayır. Ola bilsin ki, hazırkı ssenarilər bir qədər zəifdir.  Artıq ssenaristlər də dəyişib, onların da dünya görüşü, həyata olan münasibəti dəyişib. Dünya kinosunu hər zaman izləyirəm, xüsusilə Rusiyanın istehsalı olan filmləri. Məsələn, Rusiyada hər şey aşıq-aşkardır, gizlədilən hər hansı bir problem yoxdur. Deputatından, prokurorundan, həkimindən tutmuş hər sahənin mütəxəssisinə qədər rüşvəti, rüşvətxorluğu  açıq şəkildə göstərirlər. Problemləri o qədər gözəl açıb göstərirlər ki, yəni, bu xalqda qorxu deyilən bir şey yoxdur. Onların həyat prinsipi: Bu həyatdır və həyatda da belə bir amillər baş verə bilər, belə olan halda niyə gizlədək ki?! Bu baxımdan onların filmləri yenə də baxımlıdır. Hətta əvvəllər daha çox sevilən filmlər vardı ki, artıq onların əksəriyyətinin ardını da çəkirlər, çünki tamaşaçı bunu istəyir, tamaşaçı tələbatı böyükdür. -Bu yaxınlarda “İşdə məhəbbət macərası”(Slujebnıy roman) filminin yeni quruluşda izlədim, doğrusu üstünlüyü əvvəlki quruluşa verdim. Sanki film səmimiyyətdən çox uzaq idi və ya əksinə, bəlkə əvvəlki dövrdəki səmimiyyət bu dövr üçün o qədər də maraq doğurmur... -Əvvlki əhval-ruhiyyə başqa bir şeydir. Hazirda çox şey qəbul olunmur, çünki yeni nəsil, elə öz nəvələrimi də deyirəm, kitabdan, mütalidən, kinodan çox uzaqdırlar. Gecəli-gündüzlü kompyüter qarşısındadırlar, kompyüter yeni nəsli əməlli-başlı bədbəxt edib. Əvvəllər kinoteatrlar fəaliyyət göztərirdi, Araz, Vətən, Dostluq, Oktyabr, Pioner və s. Hazırda “Nizami” kinoteatrı var vəssalam. Bizim ömrümüz-günümüz kinoteatrda keçirdi. Dərsdən qaçıb kinoteatra gedirdik. Hətta arada belə bir qadağa qoydular ki, dərslər bitməyincə, uşaqlara kinoteatra getməyə icazə verilməsin, hətta kinoteatrlar dərs saatları bitdikdən sonra fəaliyyət göstərməyə başlamışdı. V.İ.Lenin belə kinonu ən gözəl təbliğat vasitəsi hesab etmişdi: “Bütün incəsənət növlərinin ən vacibi kinodur” deyib. Yəni, biz kino vasitəsilə öz adət-ənənəmizi, ekran vasitəsilə öz istəyimizi, arzumuzu, geyimlərimizi, yeməklərimizi, bir sözlə, bütün həyat tərzimizi göstərə bilərik, təbliğ edə bilərik. Bu həm ucuzdur, həm də tez bir vaxtda həyata keçirilə bilər. Doğrudan da belə oldu. Təsəvvür edin ki, “Yeddi oğul istərəm” filmi dünyanın 98 ölkəsinə yayıldı, dünya tamaşaçısının diqqətində dayandı, mükafatlar qazandı, eləcə də digər filmlərimiz. Bu baxımdan kino güclü təbliğat vasitəsi olaraq qalır və kino üçün geniş imkanlar yaratmaq lazımdır.  

Fevral 10, 2017 3:32

Azərbaycan muğamı yüksək səviyyədə təbliğ olunur

Azərbaycan musiqisinin ən çətin janrı olan xalq mahnıları və muğamlar yarandığı gündən ustad ufaçıların sənətkarlıq gücüylə daha da inkişaf etdirirək bu günlərə gəlib çıxıb. Doğrudur, zamanla muğama, xalq mahnılarına yenilik gətirənlər olub, ancaq nə olur olsun, hər yenilik belə kökə söykənib. Müsahibim xalq artisti Gülyaz Məmmədova Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Gəlin qayası"da Gülbahar, "Aşıq Qərib"də Şahsənəm, “Arşın mal alan” da Telli, “Koroğlu”da xanəndə qız, “Vaqif”də xanəndə və s. ifa edib. Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində daima yüksək səviyyədə təmsil edən xanəndə eyni zamanda pedaqoji fəaliyyətlə də məşğuldur. TANITIM: Gülyaz Məmmədova 1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «solo oxuma» xanəndəlik fakültəsində təhsil alıb. 1991-ci ildən R.Behbudov adına Mahnı teatrının solistidir.1993-cü il Avstriya Dünya festivalında Vyan-Trats şəhərlərində,2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul və Ankara şəhərlərində, 2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə təşkil olunmuş konsert proqramında, 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində, 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2002-ci ildə Ukraynada, 2002-ci ildə MDB dövlətlərarası festivalda, 2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə, 2005-ci ildə Moldovanın Kişinyov şəhərində, 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə, 2006 – Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub. 1998-ci ildə Əməkdar artist, 2014-də Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildən Prezident Mükafatçısıdır. -1991-ci ildən Mahnı Teatrında, 1992-ci ildən Opera və balet teatrında çalışırsınız. Demək olar ki, 25 illik fəaliyyətiniz var. Hər iki teatrda olan fəlaiyyətinizi necə xarakterizə edərdiniz? -Bir birindən fərqlənən, fərqli janrlarda olan teatrlardır. Bildiyinizi kimi Opera səhnəsində demək olar ki, bütün rollarda oynamışam. Mahnı teatrında isə dünya ölkələrinə, bölgələrə səfərlər etmiş, Azərbaycan musiqisinin təbliğatıyla məşğul olmuşuq. İnandırım ki, elə gözəl, maraqlı, rəngarəng həyat tərzimiz olub ki, zamanın, vaxtın necə keçdiyini belə hiss etməmişik. Doğrudur, mən Mahnı teatrına gələndə, teatrın yaradıcısı Rəşid Behbudov dünyasını dəyişmişdir, ancaq onun yaratdığı bütün qayda-qanunlar davam edirdi. Və mən də bu teatrda geniş meydan qazandım ki, buna görə də ustadım Kamil Vəzirova minnətdarlığımı bildirirəm. Qeyd edim ki, hər iki teatrda olan fəaliyyətim, eyni zamanda pedaqoji fəaliyyətim bir-birinə mane olmayıb, əksinə müəyyən mənada kömək olub. Məsələn, həftə ərzində artıq işlərimi elə qururdum ki, hər gün bir işə köklənirdim. Tutaq ki, bu gün Opera səhnəsində bir qəhrəmanın həyatını oynamalı, onun daxili dünyasındakı tələtümü səs diapozonu vasitəsilə tamaşaçıya çatdırmalıyam. Səhəri gün onlarla tələbə qarşısısnda müəllim kimi bildiklərimi anlatmalı, onların suallarını cavablandırmalıyam.Yeri gəlmişkən 1996-cı ildən Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm. 2006-cı ildən isə Bakı Humanitar Kollecində dərs deyirəm. Eyni vaxtda televiziya proqramlarında iştirak etmək, qastrollara getmək və s. hamısı gərgin iş sistemi deməkdir. Ancaq insan məsləyini sevirsə, özünü işində tapırsa o zaman heç bir çətinlikdən qorxmur. -Siz nəslin sənətə gəlişi ölkəmizdəki siyasi durumun ən qarışıq məqamına təsadüf edir. Ancaq çətinliklərə baxmayaraq sizlər yaşlı nəsildən estafeti təhvil almağı bacardınız. Artıq sizlər estafeti yeni gələn nəslə vermək üçün gərgin fəaliyyət nümayiş etdirirsiniz... -Doğrudan da sənətə gəldiyim günlərə nəzər salarkən necə çətin bir dövr olduğunu xatırlamamaq mümkün deyil. Ancaq yaxşı ki, siz dediyiniz kimi ustadların əksəriyyətini görə bildik, onlardan estafeti təhvil ala bildik. Şəxsən mən ümumiyyətlə incəsənət aləmində olanlardan Tofiq Quliyevi, Vasif Agıgözəlovu, Şəfiqə Axundovanı, Emin Sabitoğlunu, Ramiz Mustafayevi, Sara Qədimovanı, Tükəzban İsmayılovanı, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Eldəniz Zeynalovu, Yaşar Nuriyevi və b. gördüm. Onların sənətini izləyə-izlıəyə öyrəndim. Onların biz nəslə münasibəti o qədər yüksək səviyyədə idi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. -Yeri gəlmişkən, tamaşaçı sizin ifaçılığınızı yüksək qiymətləndirir. Ancaq zirvə fəth etmək nə qədər çətindirsə, fəth etdiyin zirvədə qalmaq ondan da çətindir... -Bilirsinizmi ifaçılıqda istedadla yanaşı, zəhmət mütləq olmalıdır ki, nəticədə də istədiyin zirvəyə ucala biləsən. Əgər sadaladığım keyfiyyətlərdən biri olmazsa o zaman zirvədən söhbət gedə bilməz. Ümumiyyətlə çətinlik olmadan heç bir uğur qazanmaq olmaz, doğrudur bu sənətin çətinlikləri çoxdur, ancaq bizim hər birimiz o yolları keçərək bu günə gəlib çıxmışıq. Nə qədər çətinliyimiz olsa belə bütün fikrimiz sadəcə sənəti dərindən öyrənməyə yönəlib. Sənətin səviyyəsi bizim üçün hər şeydən üstün olub. -Azərbaycan muğamı dünyanın hər yerində yüksək səviyyədə təbliğ olunur. Şəxsən siz nəsil muğam ifaçılığının təbliğində böyük rol oynayırsınız... -Muğamı təqdim etmək o qədər böyük məsuliyyətdir ki, eyni zamanda qürur hissidir ki, bunu sadəcə sözlə ifadə etmək çox çətindir. Muğamı elə muğam ifasıyla izah etmək olar ki, necə bir möcüzədir. Muğamın sirlərini Nəriman Əliyevdən öyrənmişəm. Onu da qeyd edim ki, Nəriman Əliyev də muğamın sirlərini Seyid Şuşinskidən öyrənib və onun xeyir-duası ilə də pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırda fəaliyyət göstərən muğam ifaçılarının əksəriyyəti Nəriman Əliyevin tələbələri olub. Nəriman Əliyev Seyid Şuşinskidən öyrəndiklərini, onun biliyini, onun qurduğu proqramı biz tələbələrinə necə öyrədibsə, bizlər də öyrəndiklərimizi olduğu kimi öz tələbələrimizə öyrədirik. -Dünya ölkələrində keçirilən onlarla musiqi festivallarında iştirak etmisiniz. Bu festivallarda diqqətinizi ən çox çəkən məqam hansılar olub? -Öncəliklə qeyd etmək istərdim ki, dünya ölkəsindəki hər bir səfərimizdə səhnəyə milli geyimlərdə çıxmışıq ki, bu çox önəmli bir məqamdır. Çünki milli geyimdə mənsub olduğumuz xalqın adət-ənənəsini nümayiş etdirirdik. Konsert proqramlarını Azərbaycan deyə başlayaraq Azərbaycan deyə bitirirdik. Bayrağımıız isə hər an göz önündə saxlayırdıq. Istənilən əcnəbi vətəndaş üçün yaratdığımız mənzərə-mənsub olduğumuz xalqın geyimi, muğamı, səsi və bayrağı- onlara hər şeyi anladırdı. Şəxsən bizlər də başqa xalqları ilk növbədə bayrağı, geyimi, musiqisi ilə tanıyırıq. Və ilk tanışlıq çox gözəl təəssürat yaradırdı. Son illərdə diaspor təşkilatların fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin təbliği üçün daha geniş meydan yaradılıb ki, bütün bunlar da bir daha sübut edir ki, ölkəmiz artıq tanınır, musiqimiz sevilir. Bu çox qürurverici bir  hissdir, duyğudur. Bildiyiniz kimi hələ SSRİ dövründə Rəşid Behbudov, Zeynəb Xanlarova bütün dünyada Azərbaycan musiqisinin təbliği yolunda böyük işlər görüblər. SSRİ qapalı bir cəmiyyət olsa da adlarını çəkdiyim ustadların sayəsində Azərbaycan musiqisi dünya ölkələrində geniş yayıldı. Hazırda isə artıq müstəqil ölkəyik və istənilən ölkəyə qorxaraq deyil, müstəqil ölkənin vətəndaşı olaraq gedirik ki, bu da bizə təbliğat üçün geniş meydan verir. -Muğam janrının yaranışı qədim olduğu qədər də, eyni zamanda musiqi janrı kimi dərin köklərə malikdir. Necə bilirsiniz xanəndə bu dərinliklərdə “itib-batmamaq” üçün nə etməlidir və ya muğamı necə qorumalıdır? -Muğamın yaranma tarixi hər zaman mübahisəlidir. Ancaq tarixi öyrəndikcə o zaman şahid oluruq ki, muğam elə millətin yaranışı ilə eyni vaxta təsadüf edir. Yəni insanlıq var olandan musiqi də var, muğam da var. Nizaminin əsərlərində dəstgahdan bəhs olunur. Bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, muğamın tarixi çox qədimdir. Hətta əvvəllər muğam çox dərin, uzun oxunub ki, az qala bütün şöbəsi oxunurmuş. Hazırda muğam qısa oxunur. Ümumiyyətlə isə xanəndəlik sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır. Bildiyiniz kimi muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir və Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”. Hətta muğamlar musiqi xarakterinə görə bir-birindən fərqlənir. Dahi Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamları belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır. Və sizn də suaalınızda qeyd etdiyiniz kimi muğamın dərinlikləri məhz onun xarakteri ilə üst-üstə düşür. Bis nəsil muğamlarımızın qorunmasında, onun layiqli təbliğində rol oynadığımız kimi, onu gələcək nəslə olduğu kimi çatdırmaqda da böyük məsuliyyət hissi daşıyırıq. İnanıram ki, bu məsuliyyətin öhdəsindən gələcəyik.

Fevral 9, 2017 3:10

Rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir

Kinooperator işində sənətkarlıq nümayiş etdirən onlarla operatorlar var ki, onların hər biri Azərbaycan kinosunun yaranma tarixində böyük rol oynayıblar. Əlisəttar Atakişiey, Xan Babayev, Muxtar Dadaşov, Valeri Kərimov kimi kinematoqrafçılarımız dünyasını dəyişsə də yaratdıqları sənət nümunələri ilə hər zaman xatırlanırlar.  Bir vaxtlar adlarını çəkdiyimiz kinematoqrafçılarla  çiyin-çiyinə çalışanlar var ki, hazırda onlar müdrik yaş dövrünü yaşayırlar. Kənan Məmmədovu, Hüseyn Mehdiyevi, onlardan sonra kinematoqrafiyaya gələn kinooperator Rafiq Quliyev kimi kinematoqrafçılar da ustadlar qədər bu sənətdə fədakarlıq nümayiş etdirə bildilər. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan Rafiq Quliyevlə elə dərs dediyi İncəsənət Universitetində söhbət etdik... -Rejissor M.Kosırevlə çəkdiyiniz  "Gənc Mixailin görüntüsü" adlı diplom filminiz Monreal film festivalında "Ən yaxşı film" və "Ən yaxşı fantaziya" mükafatlarına layiq görülüb ki, nəticədə də festival rəhbərliyi tərəfindən "Tələbə Filmlərinin Ümumdünya Proqramı"na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş etdirilib. Bu da o deməkdir ki, siz şansı məhz tələbəlik illərində əldə etmisiniz və hələlik son uğur kimi diqqətdə dayanan “Çölçü” filmi də bunu bir daha sübut edir. -Əslində mənim şansım Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olanda Vladimir Vasilyeviç Monaxovun kursuna düşməyimlə başladı. Bu artıq mənim ikinci təhsilim idi. Öncə Teatr rejissorluğunu qiyabi oxumuşdum və kinostudiyada işləyirdim. Ancaq hiss etdim ki, bu bilik məni qane etmir və kinooperatorluq fakultəsinə hazırlaşdım. -Maraqlıdır, ikinci təhsili kinorejissorluğu deyil, məhz kinooperatorluq üzrə aldınız... -Bunun səbəbini belə izah edərdim. Mən tanınmış sənədli film ustadı rejissor-operator Kalyaginlə bir yerdə çalışdığım zaman ondan sənətlə bağlı çox şey öyrəndim, ümumiyyətlə kinematoqrafiyaya olan sevgini məndə o aşılamışdı. Ondan öncə isə Hüseyn Mehdiyevin yanında ikinci operator olaraq “Babamızın babasının babası, “İşgüzar səfər” və s. filmlərdə çalışdıq və Hüseyn müəllimdən də çox şey öyrəndim və o da mənə başa saldı ki, mən mütləq təhsilimə davam etməliyəm. 1982-1987-ci illər Moskvada təhsilimə davam etdiyim illər olaraq yadımdadır. Hazırda dünya ölkələrində yaşayan sənətkarların əksəriyyəti ilə Moskvada böyük bir təhsil sistemi keçdik. Etiraf edim ki, sənətkar kimi formalaşmağımda Moskva təhsil sistemi böyük rol oynadı. -Ümumiyyətlə Sovet kino məktəbində təhsil alanlar Azərbaycan kino məktəbinin yaranmasında böyük rol oynayıb... -Çünki Sovet kino məktəbi dünyanın ən aparıcı məktəblərindən biri idi. Çünki orda bütün millətlərin nümayəndələri təhsil alırdı və biz bir-birimizin mədəniyyətimizi, ədəbiyyatımızı, həyata olan baxışımızı, fəlsəfmizi görüb, öyrənirdik. Belə bir mühitdə formalaşaraq özünüdərk prosesini, kamillik yolunu keçirdik. Özünə qarşı, işinə qarşı olan tələbkarlıq, tənqid və s. hamısı məhz o mühitdə formalaşdığım dövrdən yaranıb. Təhsil aldığım illərdə bir çox filmlər çəkdim ki, onların da hər birini rus, türk, ispan, ərəb, azərbaycanlı və b. rejissorlarla çəkdim, ancaq qazandığım təcrübəyə baxmayaraq mənə elə gəlirdi ki, hələ tam olaraq operator kimi yetişməmişəm. Bəlkə də insanın özünəqarşı tələbkar olması ona görə yaxşıdır ki, hər dəfə qazandığın uğurda yerində saymırsan, “daha yaxşı ola bilərdi” fikri ilə davam edirsən. -Moskvadan döndükdən sonra ilk olaraq “Yaramaz” filmində ikinci operator olaraq çalışsanız da bildiyim qədərilə əslində filmi əsas məsuliyyət yükünü siz daşımısınız... -Aleksandr İlxovski müəyyən məsələlərə görə filmin axırına yaxın çıxıb getdi və məhz bu səbəbdən filmi mən tamamladım. Ümumiyyətlə filmdə elə kadrlar var ki, mənim çəkilişlərimdir. Yəni beləliklə də mənim operataor olaraq sərbəst fəaliyyət  dövrüm başladı və bu günə qədər də bu sənətin hər xırdalığını öyrənirəm və tələbələrimin peşəkar kimi yetişməsi üçün onlarla mütəmadi məşğul oluram. -Operator kimi çəkdiyiniz bədii filmlərin, qısametrajlı filmlərin, sənədli filmlərin sayı-hesabı yoxdur. Hansı filminiz sizin operatorluq imkanlarınızı tam olaraq açıb? -Çəkdiyim bütün filmlər birbaşa marağımda olan mövzular üzərində qurulub. Yəni, mən operator olaraq düşündürməyən mövzularda olan filmləri çəkməmişəm, ciddi mövzular mənim üçün əsasdır. “Cansıxıcı əhvalat” filmində rejissor Cəmil Quliyevlə birgə mövzu üzərində olan iş prosesi mənim operator kimi imkanlarımın açılmasında böyük rol oynayıb, hətta eyni hissləri “Çölçü” filmində də hiss etmişəm. Hər iki film mənə çox əzizdir, çünki hər iki filmdə operator duyumu çox güclüdür. -Xarakter etibarilə ustadınız Hüseyn Mehdiyevlə oxşar cəhətləriniz çoxdur. Mövzu seçimi, ciddi yanaşma, tələbkarlıq və s...Əslində demək olarmı ki, çalışdığınız rejissorlar sizinlə hesablaşmalıdır? -Mən rejissorla hesablaşaram, ancaq o rejissorla ki, o nə çəkdiyini bilsin, məni inandıra bilsin, mövzunu mənim üçün aça bilsin. Mövzunu içindən keçirib onunla yaşamağı bacaran rejissorlarla işləmək mənim üçün daha önəmlidir. Çox təəssüf ki, belələri çox azdır... -Kinostudiyadakı fəaliyyətinizlə yanaşı bir müddət Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdıran "Xəzərdən dünyaya" verilişinin Asiya və Avropa ölkələrinə yayımını təşkil etmisiniz. Bu, çox az bir müddəti əhatə edir... -1999-2001-ci illərdə Türkiyənin STV kanalının Azərbaycan təmsilçiliyində televiziya rəhbəri vəzifəsində çalışdım və bir çox işlərə imza atdım, hətta paralel olaraq elmi işlə də məşğul olurdum. Bilirsinizmi mən aktif fəaliyyəti xoşlayan insanam. Mənim üçün çəkiliş meydançası həyatdır. Əgər mən işlə məşğul olmuramsa o zaman sanki həyatımı itirmiş oluram, nəfəsim daralır, qocalıram...Bir etirafı edim. “Çölçü” filmindən və filmə münasibətdən  sonra qismən bədbinləşən Rafiq Quliyev daxilən o qədər qocalmışdı ki, hətta kinodan uzaqlaşmaq qərarına gəlmək istədi. Filmin dəyərini anlamayanların münasibəti  yaradıcı heyətə çox pis təsir edirdi ki, bu da filmin operatoru olaraq məndən də yan keçməyə bilməzdi. Ancaq bunun da öhdəsindən gələ bildim, artıq “yenidən davam” deyirəm. Çünki elə bir proses baş verdi ki, mən sənətə lazım olduğumu anladım. -Yeri gəlmişkən, ətrafın münasibəti sizə nə dərəcədə təsir edir...Tutaq ki, ustad sənətkarın biri sizin gördüyünüz ərsəyə gətirdiyiniz sənət nümunəsi haqqında hər hansı bir mənfi fikir söyləyə bilər, bir də var, anlayışı belə olmayan hər hansı bir fikir söyləməklə mənfi təsir göstərir... -Özümlə bağlı heç bir fikir məni incitməz.  Problem ondadır ki, sənətə qarşı olan fikirlər məni incidə bilər. Müsbət və ya mənfi fikir yürütmək odur ki, yaratdığın sənət nümunəsi yaşayır ki, üzərində mübahisələr gedir. Tənqid hissini normal qarşılayıram, çünki bu insana stimul verir. -Elə ola bilər yaradılan sənət nümunəsindən xəbərsiz  biri korkoranə tənqid edə, zənnimcə bu durum heç də könülaçan deyil... -Bilirsinizmi sənət adamı çox həssas olduğu üçün gördüyü işlərə qarşı yaxşı fikirlər eşitməyi xoşlayır. Şəxsən mən buna  qarşıyam, bu barədə bir qədər fərqli düşünürəm, daha sərt mövqedə dayanıram. Düşünürəm ki, tərifdən uzaq durmaq lazımdır, çünki məni belə formalaşdırıblar. Tərif insanı məhvə apara bilər, ancaq tənqid insanın işində ən böyük güc vasitəsidir. Hətta korkoranə tənqiddə belə müsbət tərəfləri axtarıb tapmaq mümkündür. Təsəvvür edin ki, min bir zəhmətlə yaradılan yeni bir sənət nümunəsi haqqında jurnalistlərin kinoşünas iddiasında olaraq  vətəndaş mövqeyindən fikir buildirməsi nə dərəcədə doğrudur?!  Mən demirəm ki, bilikləri aşağı səviyyədədir, sadəcə iddia yanlışdır. Sənətşünaslar hardadır, niyə sənətşünaslar yoxdur? Yaradıcı insanların xofundan qorxub öz mövqeyini ortaya qoyanlar, sağlam analizlər edən insanlarımız azdır. Hazırda kinoda yaranmış meşə qanunlarını düzgün məcraya yönəltsinlər, tör-töküntüdən, “cəsədlər”dən təmizləsinlər. Bu onların missiyası idi. Çox təəssüf ki, durum göz qabağında, zənnimcə bütün bunlarla mübarizə aparmaq lazımdır. İlk növbədə  sağlam tənqid olmalıdır, sağlam fikir yürüdülməlidir ki, bunu da ancaq kinoşünaslar edə bilər. Ancaq kinoşünaslıqda yaranmış problemlər bizi illərdir geridə qoyub. Sağlam analiz yoxdur. Tutaq kı, filmin tənqidinə yer verilir, ancaq ortaya vətəndaşlıq mövqeyi qoyulur “Azərbaycanlı bunu edə bilməzdi” kimi. Axı bu filmi azərbaycanlı çəkibsə, deməli edə bilərdi də. Ya da ki, mənim xoşuma gəlir və ya gəlmir səviyəsində rəy verilir. Analiz lazımdır, niyə xoşuna gəlir və ya əksinə. Bütün bunlar məni çox narahat edir. -Bu narahat məqamlardan sizi uzaqlaşdıraraq bir qədər dünya kinosunda olan durumla söhbətə davam etməyi təklif edirəm. Hazırda sadəcə Azərbaycan kinosunda deyil, eləcə də dünya kinosunda rəqəmsal mərhələ başlayıb. Klassik kino təhsili alan bir operator olaraq bu durumu necə dəyərləndirisiniz? -Əgər Azərbaycan kinosu dünya kinosu ailəsinə daxil olmaq istəyirsə o zaman mütləq rəqəmsal texnologiyanı bilən kadrlar yetişdirilməlidir və rəqəmsal texnologiyaların milli kinematoqrafiyada istifadəsinə maksimum şərait yaradılmalıdır. Ancaq bu o demək deyil ki, biz klassik ənənələri unutmuş olaq. Əlbəttə ki, məzmun baxımından, yanaşma baxımından klassik ənənələrimizi unutmadan yeni formalar və bu formaların müasir texnologiyalar vasitəsilə həyata keçirməyə səy göstərməliyik.  Onu da qeyd edim ki, Azərbaycanda ilk dəfə rəqəmsal mərhələyə mən bir operator kimi “Vəkil hanı”(2010-cu il) filmi ilə başladım. İlk dəfə bu texnologiyalarla çəkmək üçün mən Moskva və Gürcüstanda ezamiyyətdə oldum, kurs yoldaşlarım və bu texnologiyalarda çalışa bilən sənətkarlardan çox şey öyrənmək üçün testlər apardım. Bunun da səbəbi o idi ki, rəqəmsal  texnologiyalarda işləmək, kinolentdə işləməkdən daha çox məsuliyyət tələb edir. Bir çox məmurlar və çox təəssüf ki “sənətkarlar” düşünürlər ki, əgər biz rəqəmsal  texnologiyalarda təsviri vizual nəzarət vasitəsilə idarə edə biliriksə, yəni onun fotoqrafik keyfiyyətini, kadrdaxili informasiyanı, mizanları, kompozisiyanı və s. kifayət edirsə başqa heç bir şey lazım deyil. Ancaq rəqəmsal texnologiya 3-cü ölçünün yaradılması baxımından, işıq rəsmindən daha incə işləmək tələbini  irəli sürür. Kinolentdə təsvir dərinliyini almaq üçün kinolentin özündə xüsusi təbəqələr bir-birinin üzərində müəyyən mikronlarla, müəyyən ölçü vahidini bölür ki, nəticədə də bu dərinlik ekranda qabarmış olur. Ancaq rəqəmsal texnologiyalarda bu yoxdur. Sadəcə bir səthin üzərində təsvir qurulur. Bu baxımdan daha incə işləmək lazımdır ki, bu da böyük məsuliyyət tələb edir. Doğrudur ki,  rəqəmsal texnologiyalar istənilən mövzunun açılışına, yozumun ifadəsinə daha geniş imkanlar açır. Yəni, daha rahat, çəkdiyini transformasiya edərək istənilən variantı, üslubu əldə edə bilirsən. Ancaq bunun üçün daha geniş  bilgilərin, peşə vərdişləri tələb olunur. Bu baxımdan düşünürəm ki, Azərbaycan kinosunda böyük problemlər var. Və bu problemlərin aradan qalxması  üçün çalışmalıyıq.    

Fevral 8, 2017 1:31

“Pantomim Teatrında bütün zövqlərə cavab verəcək tamaşalar hazırlanır”…

1994-cü ildə Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yarandı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərməyə başladı. 2000-ci ildə isə  “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib. Onu da qeyd edək ki, Pantomim Teatrı, Azərbaycan teatr tarixində yaranan ilk pantomim teatrıdır.  Teatrın əsasını qoyan xalq artisti artisti Bəxtiyar Xanızadə ilə Pantomim Teatrının yaranması üzərində geniş bir müsahibə hazırladıq. -Pantomim Teatrının yaranmasında, teatrlar içində özünə məxsus dəst-xətti ilə seçilməsində sizin rolunuz əvəzsizdir. Deyəsən, bu teatrı yaradana qədər uzun bir qol qət etmisiniz? -1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsində təhsil aldığım zaman Adil İsgəndərovdan sənətin sirlərini öyrənmişəm. Həmin illərdə bildiyiniz kimi həm “Qərib cinlər diyarında” filminə çəkildim və bu film yaradıcı fəaliyyətimdə böyük rol oynadı. Həmin ərəfədə Vaqif İbrahimoğlu Teatr Xadimləri İttifaqında eksperimental bir studiya açmışdı və bizlər həmin studiyada tələbəlik illəırindən çalışmağa başladıq. Etiraf edim ki, bu studiyada çalışmaq mənim teatra olan baxışımı tamamilə dəyişdi. Vaqif İbrahimoğlu ilə bir sıra səhnə əsərlərində birgə çalışdıq, onun quruluş verdiyi əsərlərdə aktyor kimi maraqlı rollara imza atdım. -Belə çıxır ki, tələbəlik illərində artıq aktyor kimi formalaşmağa başlamışdınız... -Başqa cür də mümkün deyildi, çünki elə sənətkarlardan sənətin sirlərini öyrənirdik ki, onların sənət haqqında olan fikirləri bizlər üçün böyük bir məktəb idi. Təhsilimi bitirdikdən sonra təyinatla Gəncə Teatrına göndərildim və 3 il orda böyük həvəslə fəaliyyət göstərdim. O illərdə Bürcəli Əsgərov, Barat Zülfüqarov, Ələddin Abbasov və b. sənətkarlar fəaliyyət göstərirdi və onların hər birindən sənətin bütün xırdalıqlarını öyrənirdim.  Bu da o demək idi ki, sənətlə bağlı olan məlumatlarım getdikcə daha da artırdı. Hətta bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında da çalışdım, sonra "Azərbaycanfilm" kinostudiyasında çalışdım, ancaq hiss etdim ki, kinostudiya məni qane etmir, ordan uzaqlaşdım.  Hiss edirdim ki, məni heç nə qane etmir.  Vaqif ibrahimoğlu ilə çalışdığım zaman sənətdə gördüyüm dadı artıq axtarmağa başlamışdım. Bu artıq anlamaq və axtarmaq prosesi idi. Heç kim o qidanı mənə təqdim etmədiyi  üçün mən heç bir yerdə qərar tuta bilmirdim və nəhayət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başladım. O vaxt artıq 25 yaşında idim. Pedaqoji fəaliyyət mənim özümü dərk etməmdə, sənətin xırdalıqlarını daha aydın şəkildə anlamamda yardım etdi. Pedaqoji fəaliyyətlə məşğul olduğum zaman şəxsən rektor Aslan Aslanovun dəstəyi ilə çoxdankı arzuma əsasən Leninqrad(indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında təhsil aldım. Bəxtim onda gətirdi ki, Leninqradda güclü sənətkarlardan dərs aldım, eyni zamanda pantomima tədqiqatı ilə yaxından tanış oldum. Leninqradda təhsil aldığım illərdə əcnəbi ölkələrdən gələn teatr kollektivlərinin tamaşalarına baxmaq da artıq məni düşündürən, sanki ardınca aparan o fikirlərə təkan verdi. 1987-ci ildə Bakıya döndüyüm zaman artıq tələbələrimə bir qədər fərqli baxmağa başladım, tələbələrin içindən artıq seçim etməyə başlayırdım və hiss edridim ki, öz teatrımı yaratmanın zamanı gəlib çatıb. Yenə də bəxtim gətirdi, Nəsir Sadıqzadə öz kursuna tapşırdı ki, “Bəxtiyarın ətəyindən möhkəm tutun”. Onun kursunda təhsil alanlardan hazırda teatrın direktoru Elman Rəfiyev, “Aktrisa” filminin rejissoru və bir çox serialların rejissoru Rövşən İsax, “Soy” kampaniyasının rejissoru Siyavuş Hüseynlinin adlarını çəkə bilərəm. Seçim etdiyim bu uşaqlarla teatrın ilk addımlarını atmağa başladıq. İnstitutda gecələr məşq edirdik, elə olurdu ki, bizi gecələr ordan qovurdular. Ancaq bəxtin gətirdisə onun qarşısısnı almaq mümkün deyil. Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov haqqımda eşitdi və məni yanına çağıraraq  iş təklifi etdi. Təklifi bir şərtlə qəbul etdim ki, tələbələrimə də şərait yaradılsın. Razılaşdı, 10 nəfər aktyoru ştata qəbul etdi və beləliklə də fəaliyyətə başladıq. -Baxmayaraq ki, 90-cı illər ən ağır illər idi, xüsusilə sənət dünyası ağır bir böhran yaşayırdı, ancaq məhz həmin illərdə Dəli yığıncağı formalaşmağa başladı... -Məhz o çətin illərdə Dəli yığıncağı formalaşmağa başladı. əslində o dövrdə qarşıma çıxanların hər biri mənə dəstək verdi. Həsənağa Turabovun da adını xüsusilə çəkmək istərdim. O dövrdə H.Turabov monotamaşalar festivalı keçirirdi. Bir haşiyə çıxmaq istərdim. Hələ Dəli yığıncağını yaratmamışdan əvvəl Vaqif İbrahimoğlunun teatrında bir aktyorun ifasında təqdim olunan “Ümid” adlı tamaşa hazırlamışdım.  Bu tamaşa Azərbaycan teatr sahəsində yaxşı mənada sanki bir çaxnaşma yaratdı. Tamaşa Ufada keçirilən festivalda Qran-Pri də qazandı. Bu hadisədən 20 il sonra biz Misirdə olarkən Ukrayna teatrlarından olan bir neçə nəfərlə tanış olduq, hardan gəldiyimizlə maraqlandılar. Biləndə ki, Azərbaycandan gəlmişik, o zaman 20 il öncə baxdıqlar, Qran-Priyə laqig görülən “Ümid” tamaşasından bəhs etdilər, çox bəyəndiklərini, hətta uzun illər keçməsinə baxmayaraq hələ də o tamaşanı unutmadıqlarını söylədilər. Sözümün canı odur ki, Həsənağa Turabova təklif etdim ki, Pantomima festivalı keçirək. Öncə etiraz etdi, görəndə ki, israr edirəm, o zaman bütün cavabdehliyi mənə verdi, festivalın bədii rəhbəri təyin olundum. Beləliklə də maddi dəstək Həsənağa müəllim tərəfindən, cavabdehlik isə məndən olmaq şərtilə festivalı keçirdik.  7 tamaşa hazırlandı, festival həqiqətən səs-küyə səbəb oldu. Festivalda iştirak edən Mədədniyyət və Turiqz nazirinin müavini Ədalət Vəliyev tamaşaları yüksək qiymətləndirdi və təklif etdi ki, bunu teatr studiya şəklinə salaq. Beləliklə də göstəriş verildi və “Dəli yığıncağı” fəaliyyətə başladı. Sonra dövlət statusu verildi, sonra bina ilə təmin olunduq. -Pantomim Teatrı dövlətin, ictimaiyyətin diqqətində dayana bildi. Əslində Pantomim Teatrı bir növ dəli sözünün arxasında gizlənərək bir çox önəmli fikirləri aça bildi...Bu bir siyasi gediş idi, yoxsa? -Səbəbsiz heç bir şey yoxdur. O dövrdə mənim teatra artıq şəxsi bir münasibətim var idi, teatrda baxışım fərq   li idi. Belə bir tendensiya var idi, Dram Teatrı ancaq dramatik tamaşalar, Opera və Balet ancaq opera və balet,  Musiqili Komediya ancaq musiqili komediyaya aid tamaşalar, Kukla Teatrı sadəcə kukla tamaşaları və s. hazırlaya bilərdi. Mən bunu heç cür anlaya bilmirdim. Həmişə demişəm, yenə də təkrar edirəm, mənim üçün teatr qida ocağıdır. Necə ki, restoran qida ocağı olduğu kimi, necə ki, restoranda menyuya baxaraq ürəyin istəyən yeməyi seçmək imkanın var, eləcə də teatr mənəvi qida ocağı olmalıdır. Teatra gələn tamaşaçı repertuardan ürəyi istəyən tamaşanı seçib baxmaq imkanına malik olmalıdır. Əgər ürəyim istəyən tamaşa yoxdursa o zaman başqa bir teatra üz tuturam. Bu baxımdan Pantomim Teatrında yarandığı gündən bütün zövqlərə cavab verəcək tamaşalar hazırlanır. Uşaqlar üçün, böyüklər üçün də tamaşalar var, şou əyləncə var, pantomim balet var, psixoloji tamaşalar var, sözlü, sözsüz tamaşalar da var, əcnəbi əsərlər də var və s. O vaxtı buna qarşı bir qadağa da var idi. O zaman mən belə bir fikir söylədim ki, “qardaş dəlidən başqa nə gözləyə bilərsiniz ki, dəlidir də nə istəyir edir”. -Ancaq “dəlidən doğru xəbər” deyilən bir fikir də var, hər halda nahaq yerə işlədilmir... -Onun üstündə dayanmırdılar, deyirdilər ki, “Əşi Bəxtiyardı də dəli yığıncağl yığıb dəlilik edir”. Beləliklə də illər keçdi və teatrımız daha da formalaşdı. -Bildiyim qədərilə sizin aktyor tərbiyə üsulunuz da çox fərqlidir... -Stanislavski məktəbi böyük məktəbdir və hər zaman da tələbələrimə o məktəbi öyrənməyə dəvət edirəm. Çünki bünövrə olmadan heç bir şey etmək olmaz. Bünövrən varsa hara istəyirsən gedə bilərsən, nə zaman yolunu azdın o zaman yenidən bünövrəyə dönə bilərsən. Bünövrə olmayanda insanın konkret yolu da ola bilməz, çünki nə edəcəyini, hara gedəcəyini dəqiq olaraq müəyyənləşdirə bilmirsən. Mənə görə aktyorun “knopkası” olmalıdır. “Knopkanı” basan kimi özünü rolda görsün, yoxsa roldan çıxa bilmirəm və ya rola diqqətimi verə bilmirəm kimi fikirləri qəbul etmirəm. Teatrda bu əsas şərtdir. Tüfəngimiz dayandoldurum olmamalıdır, çaxmağı çəkən kimi atmalıdır. Bu kimi tərbiyə üsulunun nəticəsi əslində çox effektli oldu ki, nəticədə də teatrımız illərdir artıq yeni söz deməklə daha da böyük güc toplaya bilir. -Teatr kollektiviniz əsasən tələbələrinizdən ibarətdir, ancaq demək olmaz ki, hər tələbənizi də Pantomim Teatrında çalışmağa layiq bilirsiniz. Elə isə seçimdə əsas üstünlük verdiyiniz nədir? -Belə bir fikir var, əgər üzmək istəyən yoxdursa o zaman gəmini hazırlamağa dəyməz. Dənizə səyahət etməyi arzulamaq lazımdır ki, sonrakı prosesdə də gəmi hazırlamaq qərarını verəsən. Ancaq gəmi də dediyim kimi üzmək istəyən üçün lazımdır. Əsas olan budur. Bu baxımdan mən teatrla məşğul olmaq istəyənlərə ilk növbədə üstünlük verirdim. -Teatrın yaranmasından 20 ildən artıq zaman keçdi...Necə keçdi bu illər? -Ümumiyyətlə götürsək, teatr 5 ilə yaranır. 5 il yaranmadır, 5 il onun zirvəsidir, 5 il onun enişidir. 15 il teatrın özünü təsdiq edib etməyəcəyi dövrü əhatə edir. Ancaq biz artıq bu illəri arxada qoyduq,  artıq teatrın yaranmasının 23-cü ilinə qədəm qoyuruq. Bu illər ərzində deyə bildiyimin və deyə biləcəyimin cəmi 10 faizini etmişəm. Ümumiyyətlə Pantomima aktyoru tərbiyə etmək, onun beynini, ruhunu, bədənini hazırlamaq hər dəfə zaman alır. Önəmli olan odur ki, biz varıq və öz sözümüzü deyirik. Eyni zamanda fərqli zövqdə olan tamaşaçı auditoriyamız var və fərqli zövqə uyğun da tamaşalarımız var...Bir sözlə,  hələ  görüləcək işlər çoxdur...  

Fevral 7, 2017 2:12

“Çox təəssüf ki, filmlərimizdə qadın obrazları hər zaman ikinci planda olur”…

“...Rəhmətlik atam çox zəhmli kişi idi. O, mənim aktrisa olmağımı istəmirdi.  Ailədə məni daha çox həkim kimi görmək istəyirdilər. Lakin içimdə olan istedadı gizlətmək mümkün deyildi. Atamı birtəhər yola gətirdik. Sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Oranı bitirəndən sonra S.Rəhman adına Şəki Dövlət Teatrında 10 ilə yaxın aparıcı aktrisa kimi fəaliyyət göstərdim”... Bu fikirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor və aktyor sənəti" kafedrasının professoru, tamaşaçılar tərəfindən yüksək mədəniyyəti, şəxsiyyəti ilə seçilən Gülşad Baxşıyevaya aiddir. Onunla çalışdığı sənət ocağında görüşdüm, nostalji hisslərlə keçmişə boylandıq və nəhayət bu müsahibəni ərsəyə gətirdik. -Sənətin sirrini Mehdi Məmmədov kimi bir ustaddan almaq özü böyük məsuliyyətdir. Bəlkə də bu məsuliyyət yükünün nəticəsidir ki, sənətdə olduğunuz bu illər ərzində sənətkar kimi daima özünüzə qarşı tələbkar olmusunuz... -Bizim dövrdə sənətkarlara  əlçatmaz bir qüvvə kimi baxılırdı...Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Rza Təhmasib və b. ustadlar hər mənada sənətin zirvəsi hesab  olunurdu, onlardan sənəti öyrənmək həqiqətən böyük məsuliyyət idi. Onlar möhtəşəm sənətkarlar  idi, çox əlçatmaz idilər. Hətta o qədər ülvi insanlardı ki, onlarla söhbət edərkən belə çəkinirdik, həddimizi bilirdik. Təsəvvür edin ki, Həsənağa Salayev, Barat Şəkinskaya, Hökümə Qurbanova, Leyla Bədirbəyli, Hamlet Xanızadə, Hamlet Qurbanov. Səməndər Rzayev və digərlərini görəndə, onlarla danışanda bizim nitqimiz quruyurdu. -Ustadlardan öyrəndiklərinizi sənətdə həyata keçirmək üçün hər zaman öz üzərinizdə çalışdınız. Sənətə gəldiyiniz ilk illərdə Şəki Teatrının yaranmasında göstərdiyiniz 10 illik fəaliyyət buna canlı misaldır...O illəri necə xatırlayırsınız? -O illərdə yeni teatrlar yaranırdı. Yaxşı yadımdadır ki, bizdən əvvəlki aktyor kursunu yenicə yaranmaqda olan Lənkəran Teatrına göndərmişdilər. Bizim kursumuz isə təyinatla Şəki teatrına göndərildik. Şəki Teatrında Hüseynağa Atakişiyev, İbrahim Əlizadə, Mirzə Ağayev və b. bərabər çalışdıq,  sonralar Cahangir Novruzov, Şukufə Yusifova da gəlmişdi, bizr sözlə, Şəki Teatrının bir teatr olaraq formalaşamasında rolumuz oldu. 10 il ərzində Şəki Teatrının səhnəsində bir-birindən fərqlənən 28 qadın obrazı oynadım. Doğrudur, asan tərəfdən baxdıqda bəlkə 10 il az görünə bilər, ancaq nəzərə alsaq ki, bu illər ərzində Şəki Teatrının özünəlayiq yer tutması üçün necə var qüvvəmizlə, enerjimizlə çalışdıq, sanki 20 illik zəhmət sərf etdik. Bunu mən demirəm, bu bizim fəaliyyətimizi izləyən insanların fikridir. Gecəmizi-gündüzə qatdıq, rahat yuxu nədir bilmədik, hətta övladlarımız məhz belə bir rejimdə dünyaya gəlirdi, onları teatrda böyüdüb boya-başa çatdırdıq və nəticədə Şəki Teatrı kimi bir teatrı ərsəyə gətirdik. Biz  doğrudan da fədailər idik, sənətə baxışız fərqli idi, təmənnasız idi. Yeganə istəyimiz sənətdə, səhnədə olmaq idi. Ancaq hazırda hər şey dəyişib... -SSRİ dövründə dünya ölkələrinin keçirdiyi festivallara qatılmaq o qədər də asan məsələ deyildi, ancaq siz bu şansı qazana bilmisiniz. O zaman SSRİ–də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivalların, ümumiyyətlə götürdükdə isə bütün festivalların iştirakçısı olmuşam. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görüldüm. 26 yaşımda belə bir rolda oynamağım Macarıstandan gələn nazirlik nümayəndələrini təəccübləndirmişdi. Əvvəlcə elə bilmişdilər ki, Predslava rolunu oynayan qadln yaşlı sənətkarlardandır, hətta “Nə yaxşı sizin belə möhtəşəm, qocaman sənətkarlarınız var” deyə ovrazı təriflədilər. Ancaq biləndə ki, mənim sadəcə 26 yaşım var və qrimlə yaşlı görünüşə salınmışam o zaman diqqətlə gözlərimə baxdı və qrim arxasından baxanga gənc  üzü sezdi. Demək istədiyim odur ki, fədai kimi çalışmağımızın nəticəsi olaraq daima diqqətdə dayanırdıq. -Şəki Teatrında sizləri SSRİ məkanında tanıdan tamaşaları hazırlayan Hüseynağa Atakişiyev kimi rejissorun varlığı da siz aktyorların şansı idi... -Bu danılmaz bir faktdır. Hüseynağa Atakişiyevin üslubu, rejissor yozumu daima Azərbaycan teatrında xüsusuilə diqqətdə dayandı. Aktyor oyununu qurmaqda, səhnə əsərinə fərqli üslubda yanaşmaqda tayı bərabəri yox idi, o bir fenomen idi, sənət aşiqi idi, onu sənətdən başqa heç bir şey maraqlandırmırdı. Bunun nəticəsidir ki, o, istər Şəki Teatrında, istərsə də sonradan yaratdığı Gənclər Teatrında hazırladığı səhnə əsərləri ilə Azərbaycan teatrının tarixinə yazıldı. -Fərqli qadın obrazlarında fərlqi ifa nümayiş etdirmisiniz. Teatr səhnəsində sizin oynadığınız C. Cabrarlının “Sevil” pyesində oynadığınız Sevil obrazı qadın azadlığını tərənnüm edirdisə, Vaqif Səmədoğlunun  “Bəxt üzüyü” əsəri əsasında Ramiz Əzizbəylinin  quruluş verdiyi eyniadlı filmdə Sara obrazı itirilən bəxtlərin axtarış carçısıdır və ya “Yalan” filmində şəhit anası obrazı hissiyyatı ilə analığın bütün müqəddəsəliyini ortaya qoyur... -Əslində bu obrazların hər biri bizim qadınlardı, bizim qadınların problemləridir. Çox təəssüf ki, Azərbaycan filmlərində qadın obrazları hər zaman ikinci planda olur. Təsəvvür edin ki, qadın obrazları üzərində çəkilən filmlərimiz yox dərəcəsindədir. Mənə həvalə olunan qadın obrazlarını oynadığım zaman çalışıram ki, obrazın yaşadığı problemləri qabarda bilim. Doğrudur hər bir qadının problemi var, xüsusilə Azərbaycan qadınının problemləri çoxdur. Fərqi yoxdur, imkanlı və ya imkiansız, sanki qadınlarımızın həyatında nəsə düz deyil. Nəyə görə bizdə qadına yuxarıdan aşağı baxılır.  Qadın onu etməlidir, qadın bunu etməlidir...Doğrudur qadının öz missiyası, kişinin də öz missiyası var. Ancaq yenə də sanki münasibət düz qurulmadığı üçün nəsə çatışmır. Çox az ailə var ki, hörmət, anlayış qarşılıqlıdır, ancaq əksər ailələrdə həyata baxış dəyişir. Bir həqiqət var ki, qonşu ölkələrdən, İran və Türkiyə qadınlarından fərqli olaraq Azərbaycan qadınları tamamilə seçilıir. Bizdə qadın anadır, fədakardır, müqəddəs bir varlıqdır, ancaq ona münasibət düz deyil. İstər ailədə, istər işdə, istərsə də cəmiyyətdə. Sara problemlər içində itib-batan bir qadındır. Ramiz Əzizbəyli film üzərində danışdığı zaman dedi ki, mən komediya çəkmirəm. Bu söz kifayət idi ki, biz aktyorlar filmin düşündürücü alınması üçün var qüvvəmizlə çalışaq.  Eləcə də rejissorun quruluş verdiyi digər filmdə-“Yalan”da oynadığım Nisə obrazı oğlunu cəbhəyə göndərmiş və hissiyyatı ilə onun müharibədə həlak olacağını düşünsə də hec cür qəbul etməyərək böyük bir acıyla yaşayan qadın taleyidir. -Nisə obrazında psixoloji məqamlar çoxdur... -Mən də anayam və ana olmanın necə çətin olduğunu bilirəm.  Əgər övladımın bir problemi varsa, mən gün ərzində öz işlərimlə məşğul olsam belə, ancaq ruhum özümdə olmur, bütün ağlım, beynim, ruhum sadəcə övladımın probleminin həlli yollarını axtarır ki, bir an öncə həll olunsun və mən də bir az rahat nəfəs alım.  Söhbət sadəcə uşaq dünyaya gətirən qadınlardan getmir, bu hələ işin başlanğıcıdır, söhbət anadan gedir, övladını dünyaya gətirdikdən sonra belə onun həyatını yaşayan, onu bir insan kimi, vətəndaş kimi yetişdirməyi bacaran qadından gedir. Şəxsən mən tələbələrimə də bi fikri hər zaman aşılayıram-Sənət öz yerində, ilk növbədə Azərbaycan  vətəndaşı, əsl insan yetişdirmək lazımdır-Əgər mənim insanlığım olmasa, o zaman hansı aktyor sənətindən danışa bilərəm ki?! İlk növbədə insan olmaq gərək. Oynadığım rollarda belə obrazın kimliyinə xüsusi diqqət yetirirəm. Ümumiyyətlə obrazla tanış olunca öncə onun kim olmasını bilmək vacibdir. -Obrazlarınız içində Eldar Quliyevin quruluş verdiyi Girov” filmində oynadığınız falçı obrazı da həcm etibarilə az olsa da maraqlıdır, yaddaqalandır... -Ümumiyyətlə götürdükdə mən obrazdan öncə ssenari ilə yaxından tanış oluram. Son zamanlar isə dəvət olduğum filmlərdə rejissorun kim olduğu ilə maraqlanıram. Fərlqi yozumu ilə tanınan rejissorların mənə həvalə etdiyi epizodik rolu də böyük həvəslə oynayıram, çünki ortada fərqli yozum var. Yeri gəlmişkən, bizdə aktyora qonorar az verilir. Digər ölkələrin aktyorları ilə müqayisədə bizim aktyorların aldığı qonorar heç nədir. Təsəvvür edin ki, qonşu ölkənin bir aktyoru dəvət olunur, ona yüksək qonorar verilir, bəs bu qiymət bizə niyə yoxdur. Hətta çox vaxt elə aktyorlar dəvət olunur ki, onlar bizizm aktyorların yanında sənətkar kimi çox cılız görünürlər. Biz öz qiymətimizi bilmirik, yoxsa özümüzə qiymət verə bilmirik, onu anlamaq mümkün deyil. -Bu münasibət sadəcə sənət aləmində deyil, hər sahədə var. Hiss olunur ki, təqdimat yanlışdır... -Doğrudur təqdimat yanlışdır və təqdim edən millətimizi sevməyənlərdir. Sonra da milləti qınayırlar...Bu milləti mənfi keyfiyyətlərə sürükləyən elə belələridir. Falçı obrazına gəlincə, Eldar Quliyev kimi bir rejissorlar işləmək  çox maraqlıdır. Eyni zamanda Vaqif Mustafayev də fərqli quruluşları ilə fərqlənir. Qeyd edim ki, falçılar da müxtəlifdir-görücü, baxıcı və kartla baxan. Mənim oynadığm falçı hər şeyi suda baxıb görür. Bu falçının bütün ailəsi avtomobil qəzasında həlak olub. O özünü bağışlaya bilmir ki, necə olub bu faciəni görə bilməyib. Belə bir obrazdır. Daima digər ölkələrin də filmlərinə baxıram və heyran oluram. O mənada ki, bizdə aktyoru sanki çərçivədə sıxıb saxlayırlar, azadlıq vermirlər. Bilmirəm bu apparaturadan irəli gəlir, bimirəm bəlkə sadəcə belə istəyirlər, axı aktyor azad olmalıdır. Elə bil dar bir məngənədə saxlayaraq –belə dur, belə et, belə oyna- deyə sıxışdırırlar. -Oynadığınız obrazlarda sizdən və sizdən obrazlarınızda nəsə var? -Mən obrazları özəlləşdirə bilmərəm. Buna heç aktrisa kimi ixtiyarım yoxdur. Mən sadəcə başqalaşmalıyam, əgər bu məndə alınılrsa deməli mən peşəkaram. Oynadığım rollar mənə təcrübə verir. Çox vaxt deyirlər ki, “Bəxt üzüyü”ndə Saranı elə oynamısan ki, sanki öz həyatını yaşamısan. Bu fikirlə qətiyyən razı deyiləm, çünki mən Sara deyiləm, sadəcə onun həyatını oynayıram. Sara mütidir, Sara o qədər acizdir ki, hətta qarğış belə edə bilmir, sadəcə deyir ki, “Seda səni görüm”... və bununla da söz tıxanıb boğazında qalır, çünki bacarmır. Saradan fərqli olaraq Gülşad Baxşıyeva azadlığı sevən, sözünü deməyi bacaran, haqqını müdafiə edən biridir. Bu baxımdan deyirəm ki, bir aktrisa kimi oynadığım obrazlardan sadəcə təcrübə qazana bilərəm. -Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz, tələbələriniz fəxri adlarla belə təltif olunub...Həm aktyorluqla məşğul olmaq, eyni zamanda poedaqoji fəaliyyətlə məşğul olmaq...öhdəsindən necə gəlirsiniz? ADMİU-də 1985-ci ildən "Səhnə danışığı" kafedrasında, 1994-cü ildən isə "Rejissor və aktyor sənəti" kafedrasında çalışıram. Çətin tərbiyə olunan tələbələri yetişdirməklə tanınıram, onlara bu sənəti öyrətməklə yanaşı, sevdirməyə çalışıram. Tələbə psixologiyasını  yaxşı bilirəm. Ümumiyyətlə hər şeyə sevgiylə, vicdanla yanaşmaq lazımdır, belə olanda o zaman hər şeyin öhdəsindən gələcəksən. Hazırda teatrlarda, tv-lərdə, filmlərdə gördüyünüz aktyorların əksəriyyəti mənim tələbəm olub, fəxri adlar alıblar. Onların bu yerə gəlməsində əgər azacıq da olsa əməyim varsa deməli mən bu sənətdə istədiyimə nail olmuşam...

Fevral 6, 2017 2:51

Elxan Cəfərov: “Qarabağ uğrunda ölümə gedən yüzlərlə, minlərlə oğullarımız olub”

Qarabağ hadisələri başladığı gündən mövzu olaraq kinomuzun diqqətində dayandı. Hətta Azərbaycan kinosu ən durğun illərində belə Qarabağ mövzusunda filmlər çəkdi. Zənnimcə “Fəryad”(1993-cü il) filmi buna canlı misal ola bilər. Əslində baş verən hadisələr tam olaraq müəyyənləşmədiyi üçün bu mövzu aktual olaraq qalır, ancaq illər keçəcək, torpaqlarımız işğaldan azad olunacaq və kinomuzda əsl müharibə məhz o zaman başlayacaq. Ancaq hələ ki, yeni-yeni əsərlər yazılır və bu əsərlərin əksəriyyəti kinoda öz həllini tapır.2012-ci “Azərbaycanfilm” kinostudiyası “Dolu” filmini istehsal etdi. Film sözün həqiqi mənasında geniş müzakirə obyektinə çevrildi və hələ də bu müzakirə davam edir. Biz də öz növbəmizdə filmə baxdıq, mətbuata nəzər salaraq iradlara diqqət etdik, tənqidləri oxuduq və nəhayət belə bir qərara gəldik ki, iradlar, tənqidlər əsasında bir yazı hazırlayaq. Beləliklə müsahibimiz filmin rejissoru Elxan Cəfərovdur. -Bir var hadisələrin gedişatını izləyərək onun əsasında film çəkmək, bir də var ki, hadisələr  öz həllini tapdıqdan sonra film vasitəsilə fikir söyləmək. “Dolu”nun yaranması Qarabağ hadisələrinin davam etdiyi bir məqama təsadüf edir. Belə bir mövzuya müraciət etməyiniz təsadüfdür, yoxsa? - Bildiyiniz kimi Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilən filmin ssenari müəllifi də elə müəllif özüdür. Aqil Abbası tanıyanlar çox gözəl bilirlər ki, o çox patriot bir adamdır. Vətənini, xalqını sevən, Qarabağ uğrunda hamını daima mübarizəyə səsləyən biridir. Sözümün canı odur ki, cəmiyyət uşaq kimi orqanizmdir, əgər ona tərbiyə verəcəksənsə o zaman tərbiyəli bir istiqamətə yönələcək, əgər tərbiyə görməyəcəksə o zaman məlumdur ki, necə olacaq. Bu baxımdan Aqil Abbasa minnətdaram ki, cəmiyyəti yaxşı mənada ardınca  aparmağı  bacaran belə bir roman yazıb. İnandırım sizi ki, romanı ilk dəfə oxuyunca gözlərim yaşarmışdı. Həmin ərəfədə mən film çəkilişləri üçün mövzu axtarışında idim və “Dolu” nun çəkilişi mənə tapşırılanda həm sevindim, eyni zamanda bir qədər qorxdum. Baxmararq ki, bu filmdən əvvər Qarabağa həsr olunan “Qarabağdır Azərbaycan” qısametrajlı filmini çəkmişdim, ancaq bu romanla Qarabağ hadisələrinə geniş baxmaq imkanları var idi. Bundan başqa əsər poetik şer üzərində qurulduğu üçün bir qədər ehtiyat edirdim. Deyirdim birdən əsərdə elə bir həqiqətlər, yazılış üslubları olar ki, onu tam olaraq aça bilmərəm. Bildiyiniz kimi ssenari müəllifi ilə rejissor arasında daima anlaşımaz məqamlar olur. - Bu da təbii haldır, çünki yazı başqa, görüntü tam başqadır... - Yazı və görüntü bir birindən tamamilə fərqlənir. Buna baxmayaraq Aqil Abbasla çəkiliş prosesində bir birimizi anladıq, mübahisəmiz sadəcə bədii mübahisə oldu.  Romanı oxuduqdan sonra, roman əsasında yazılan ssenari ilə tam olaraq tanış olduqdan sonra rejissor kimi başa düşdüm ki, burda sadəcə fikir, sadəcə hansısa ideoloji düşüncə haqqında düşünməklə deyil, eyni zamanda görüntü milli psixoloji kodlar yerləşdirmək də vacibdir. Ancaq bunu etmək mümkün olacaqmı, məni düşündürən əsas sual bu idi. - Milli psixoloji kodlar dedikdə əslində sözaltı mənalar da nəzərdə tutulur, ancaq siz bunu bir qədər də açsanız... - Milli kodlar nədir? Qəhrəman oğul-dastanlardan gəlmiş, Koroğlu, Dədə Qorqud və b. dastan qəhrəmanları, onların hər biri artıq keçmişdə qalıb. Günümüzdə onlar yoxdur, bugünün milli qəhrəmanları dedikdə, çox parlaq simaları nəzərdə tuturuq. Müasir dövrdə qəhrəman tapmaq bir qədər çətin olur, o mənada ki, qəhrəmanı mifikləşdirmək çətin olur. Bu artıq artıq kod deməkdir. Əlbəttə ki, real qəhrəmanlarımız çoxdur, Qarabağ uğrunda ölümə gedən, şəhid olan yüzlərlə, minlərlə dəyanətli oğullarımız olub. Ancaq onları ümumiləşdirən qəhrəman obrazı artıq mifik qəhrəmandır. Məsələn, filmdəki Drakon mifik qəhrəmanlardan biridir. Pələng mifik Azərbaycan insansevərliyi, qonaqpərvərliyi, müharibəyə qarşı olan daxili inkarı deməkdir. Filmdəki komandir obrazı isə ümumiyyətlə quruculuq işləriylə bütövləşdirən bir obrazdır. Ümumiyyətlə filmdəki bütün qəhrəmanlar mifikdir. Hətta epizodların birində qadının silaha sarılaraq düşmənə güllə atması belə onun da canında mifiklik olmasından xəbər verir.  Söhbət ondan gedir ki, belə hadisələr olub və olacaq. Ancaq onu vizuallaşdırmaq, onu cəmiyyətə təqdim etmək, bu  artıq milli psixoloji kodlardan biridir və s. və i.  Demək istədiyim odur ki, Qarabağ mövzusu üzərində qurulan filmin çəkilişinə böyük ürəklə yanaşdıq. Mən bir qədər mistikaya inanan adamam və çəkiliş vaxtı o qanlı günlərdə dünyasını dəyişənlərin ruhunu başımın üzərində hiss edirdim, sanki mənə güc verirdilər. - Film haqında geniş fikirlər yazılıb, filmə irad tutanlar, filmi tənqid edənlər və s. çoxluq təşkil edir. İradları, tənqidləri gördükdən sonra filmə daha diqqətlə baxdım. Əslində sizin pərakəndə halda təqdim etdiyiniz filmdə müraciət olunan dövrün qarışıqlığı açıq-aşkar şəkildə hiss olunur... - Təsəvvür edin ki, saat yarım ərzində bütün ssenarini filmdə əhatə edərək onu olduğu kimi tamaşaçıya çatdırmalısan. Ancaq romanı saat yarıma oxumaq mümkün deyil. Hər bir bədii əsərin hadisə cərəyanından əlavə mütləq olaraq onun psixoloji, sosioloji qatı olur. Bir haşiyə çıxmaq istərdim. Bir vaxtlar Balzakı çox oxuyurdum. Onun bütün əsərlərində hadisə cərəyan edir və birdən hadisə dayanır və təxminən 4 səhifə baş vermiş hadisə analiz olunur. Bu baxımdan Balzakın əsərləri həmişə məni yorurdu. Ancaq illər keçdikdən sonra anladım ki, baş verən hadisədən daha çox onun psixoloji məqamları, onu doğuran səbəblər böyük önəm daşıyır ki, yazıçı ilə də məhz o anda tanış olursan, onun bədii təxəyyülünə məhz o an bələd olursan. Bu baxımdan düşünürəm ki, kino ümumiyyətlə götürdükdə mürəkkəb sənət növü hesab oluna bilər. Kinoda bütün yazılmış qeyri hadisədən kənar özəllikləri istər-istəməz o hadisənin içində yerləştirməliyik. Aktyorun oyununda, məkanın seçilməsində elə kod informasiyalar var ki, məsələn, uzaq fonda iki əsgərin mübahisəsini tamaşaçı görməyə bilər, ancaq şüuraaltına təsir edəcək, öndəki iki aktyorun isə söhbətini diqqətdə saxlayacaq. Bu nöqteyi nəzərdən kino konkret hadisə deməkdir. Real hadisə çox da mürəkkəb olmamalıdır, kinoda qarışıqlıq olmamalıdır, baş verən hadisənin davamlı surətdə əvvəli, axırı və ortası olmalıdır. Bir sözlə, kino ardıcıllığı sevir. Bu baxımdan qeyd edim ki, filmi çəkərkən ssenariyə bəzi səhnələr əlavə olundu. Ümumiyyətlə isə Aqil Abbas digər romanlarında olan bəzi personajlardan, bəzi məqamlardan “Dolu”nun ssenarisində istifadə etdi. Təbii ki, məqsəd xalqımızın dəyanətini göstərmək idi, bugünkü gəncliyimizə vətən sevgisini aşılamaq idi. - Filmdə yarımçıq təsiri bağışlayan epizodlar var-məsələn, jurnalistin cəbhə xəttinə gəlişi maraqlıdır, ancaq sonrakı prosesdə artıq görünmür, şəhid anasının görünüşü də filmdə bir qədər zəifdir...Şəxsən mən bu fikirləri irad tutanlara belə cavab verərdim-filmdəki qarışıqlıq əslində geniş bir mövzudur. Məsələn, filmin hər epizodu yeni bir mövzu üçün açılır...Ancaq  sizin fikirləriniz daha maraqlı olardı... - Film nə realizmdir, nə də neorealizm, “Dolu” plakat janrında çəkilib. Qeyd etdiyim kimi filmddəki bütün personajlar mifikdir. Təbii ki, reallıqda heç bir raykom katibi Qarabağ hadisələrində camaata kömək edə bilmədiyi üçün çarəsizlikdən güllləni başını dirəyərək özünü öldürməyib, bunu biz bilirik.  Ancaq biz bunu belə görmək istəyərdik. Allah göstərməsin, bir daha  vətənimizə, təcavüz olarsa məhz belə oğullar lazımdır. “Dolu” psixoloji film olmadığına görə biz hər bir personajın psixoloji tarixçəsini açmadıq. İstər jurnalistin gəlişi, komandirlə olan söhbət, istər şəhid anasının görüntüsü və səssiz-sədasız filmdən çıxması və s. kimi məqamlar əslində çox fikri ifadə edir. Biz sadəcə plakat göstərdik, qarışıqlığı isə sadəcə məqsədli şəkildə etdik. - Filmdə sadəcə əsgərlərdən birinin namaz qılması göstərilir və başqa bir səhnədə “Allahu Əkbər” deyən əsgərin özünü tankın altına ataraq partlatması bir qədər tənqid hədəfi olub... - Hazırda islam dünyasına olan böyük bir təcavüzün şahidiyik. Biz də islam dövlətiyik və bugünkü durumda, islama olan qarayaxmanın içində “Allahu Əkbər” deyib tankın altına atılan və özünü partladan terrorçular da var. Ancaq vətən naminə tankın altına atılanlan da var, islam məhz budur, şəhidlik budur. Filmdəki islam xətti də məhz yaradıcı proseslərdə yarandı. - Aktyor heyətiniz oduqca maraqqlıdır-Fuad Poladov, Fərhad İsrafilov, Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov kimi  güclü aktyorlarla yanaşı, eyni zamanda ilk addımlarını atan aktyorları filmdə gördük... - Aktyor rejissor münasibəti ilkin növbədədir. Aktyor seçimində onların peşəkar xüsusiyyətlərindən öncə insani keyfiyyətlərinə görə seçirəm və əlbəttə ki, bildiyim, tanıdığım, yaradıcılığına bələd olduğum aktyorların seçiminə böyük önəm verirəm. Bu baxımdam şəhid anası roluna Gülzar Qurbanovanı, raykom katibi roluna Fuad Poladovu, komandir roluna Məmməd Səfanı və b. uyğun rollara seçdiyim zaman yanılmayacağımı bilirdim. - Filmdə erməni qızının əsir alınması səhnəsində komandirin səsləndirdiyi fikir çox məna ifadə edir. Bəlkə də çoxları erməni əsirin cəzalandırılmasını göstərilən məqama üstünlük verə bilər, ancaq bir kəlmə-“mən arvad davası etmirəm, mən torpaq davası edirəm” fikri məsələni kökündən həll edir. - Əlbəttə ki, filmin qayəsini tam anlamayanlar fərqli fikirlər söyləyə bilər. Ancaq bu nə ideoloji, nə də tərbiyəvi mövzu deyil. - Filmdə Drakon, Pələng kimi ümumiləşdirilmiş obrazlar var ki, onları ifa edən aktyorların ifası çox maraqlı alınıb. Xüsusilə Drakon obrazı... -Belə bir söz var ki, padşahı padşah edən onun əshabələridir. Yəni, hər şey nisbidir. Əgər təmiz, saf niyyətli, sadə fikirli Pələng olmasaydı, o zaman Drakon obrazı o qədər güclü alına bilməzdi. -Əslində təmkinli görünən Pələnglərin yanında kəmhövsələ, sərt Drakonların olması da filmə bir rəng qatır. -Pələng saf olduğu qədər də, vuran ələ sahib, düşünən beynə sahib biridir. Hər iki qəhrəman bizimdir. Və hər iki qəhrəman tamaşaçını düşündürür, onu ardınca  aparmağı bacarır. Mən əlbəttə ki, istəməzdim xalqımız hamısı Drakon olsun, çünki bizim Pələng kimi təmkinli qəhrəmanlara ehtiyacımız daha çoxdur. - Hər rejissorun mövzuya yanaşması fərqli olur...maraqlıdır siz filmi çəkmədən öncə müharibəni əks etdirən filmlərə baxdınızmı? - Mütləq baxırdım, ancaq baxmaq o demək deyil ki, oxşar səhnələrdən istifadə edim, əksinə rejissorun yanaşması necədir və mən necə etməliyəm ki, tamam fərqli olsun-məqsəd bu idi...Dünya kinosunu izləyirəm, rejissor işinə hər zaman diqqət edirəm, filmlərə bütün xırdalıqlarına qədər diqqət edirəm, sətiraltı mənalar baxıram və s. Bilirsinizmi bu mütləq vacibdir. - Filmdəki partlayış səhnələri çox canlı alınıb. Hiss olunur ki, dövlət dəstəyi ilə çəkilən “Dolu” filminə hərtərəfli dəstəklər olub... - İstər filmin çəkilişləri gedən məkanlarda (Ağdamda, İsmayıllıda, Sumqayıtda, Bakıda, Şəmkirdə, Ağcabədidə) istər film üçün lazım olan döyüş sursatlarının yardımı hamısı təmənnasız olaraq bizlərə verildi. Daxili qoşunların 300 əsgəri filmin çəkilişində iştirak etdi. Bir sözlə, müraciət etdiyimiz mövzuya heç kim biganə qalmadı, hamı bizə dəstək verdi... Son söz əvəzi: Dövlət dəstəyi ilə çəkilən filmə təmənnasız olaraq yardım edənlər çox olub. Hətta filmin musiqisini yazan sevimli bəstəkarımız Polad Bülbüloğlu qonorarını filmə bağışlayıb.“Dolu” romanı yazıldığı gündən ədəbi hadisəyə çevrildi. Roman haqqında hədsiz sayda tənqidlər, təriflər, təhlillər oldu, hətta roman film şəklində çəkildikdən sonra da onun üzərində aparılan fikir mübadiləsi davam edir, hələ davam edəcək də...”Dolu” həm sevinc, həm də təbii fəlakət anlamını daşıyır. Dolu həm dağıdır, eyni zamanda geniş sahələr üçün münbit şərait yaradır. Bu baxımdan müharibə təbii fəlakətdir və bu təbii fəlakətin öhdəsindən gəlmək, mübarizə aparmaq insanın borcudur...  

Yanvar 27, 2017 3:38

Almaz Ələsgərova: “Sənət təbiiliyi sevir”

Hələ tələbəlik illərində Musiqli Komediya Teatrında iki il çalışan  “Nəğməli Könül” (Könül) “Bildirçinin bəyliyi” (Balaxanım) və b. tamaşalarda müxtəlif səpgili rollar oynayan, sonralar müğənnilik fəaliyyəti ilə könülləri fəth edən, illər keçməsinə baxmayaraq gənclik həvəsilə səhnə fəaliyyətini davam etdirən Almaz Ələsgərovanı doğma teatrda-Musiqili Teatrda görmək təəccüblü olduğu qədər də maraqlı idi.xeber100.com əməkdaşı müğənni-aktrisa ilə məşq prosesində görüşüb, söhbət edib. -Xanımın yaşını soruşmazlar...Yarım əsrlik ömrü başa vurdunuz, bu illər sizə nə qazandırdı? -Yaşı gizlətmənin mənası yoxdur. Çünki insan xarici görünüşü ilə, ürəyilə, gördüyü işlərlə yaşını biruzə verir. Bilirsinizmi, gənclik illəri təravət, parlaqlıq nə qədər göz qamaşdırsa da, təcrübəsizlik, səriştəsizlik o dəqiqə özünü biruzə verir. Ancaq zaman keçdikcə, təcrübə qazanılır, məsuliyyət hissi artır, gördüyün, sevdiyin işin daha da dərinliklərinə meyl edirsən ki, bu da yaşın bir qədər irəlilədiyini üzə çıxarır. Yarım əsrlik ömrüm mənə yaşadığım həyatda ayaqlarım üstündə durmağı öyrətdi, sənətin sirlərinə hakim oldum, iki qız böyütdüm, geniş tamaşaçı kütləsinin sevgisini qazandım və s. Qazandıqlarımı saymaqla bitməz, ancaq nə olur olsun önəmli olan odur ki, 30 ildən artıqdır ki, bu sənətdəyəm və illər keçdikcə də sənət eşqim daha da güclənir. -Yəqin bu səbəbdən “bünövrə önəmlidir” deyənlər heç də yanılmırlar?! -Doğrudan da bünövrənin qoyulması və düzgün qoyulması əsas şərtdir. Bəlkə də sənətdə belə uğurlu olmağımın səbəbi elə ustadların mənim üçün qoyduğu, məni alışdırdığı və nə qədər çətinliklər olsa da, bir an olsun durmadan addımladığım bu yoldur. Mənə elə gəlir ki, hər sənət adamının öz dəct-xətti olduğu kimi öz ifa üslubu da olmalıdır. Sənət təbiiliyi sevir. Bir anlıq diqqət yetirək əvvəlki dövrün sənətkarlarına, onların ifa tərzinə, o zaman baxın görün gözlərimiz qarşısında necə bir mənzərə yaranır. Bir çiçək baxçası və müxtəılif ətirli güllər. Mən ustad sənətkarları məhz belə ətirli güllərlə müqayisə edərdim. Sənəti, sənətkarlığı, ifaçılığı onlardan öyrəndik. -“Musiqili komediya aktyoru” fakültəsində təhsil alsanız da özünüzü uzun illər musiqiyə həsr etdiniz. Belə bir seçimin səbəbi nə idi? -Əslində elə də ciddi bir səbəb olmayıb. Bir qədər əvvələ qayıdaq, yaxın keçmişə...Hələ orta məktəbdə təhsil aldığım illərdə musiqiyə marağım yaranmışdı. Bu səbəbdə orta məktəb illərindən səs imkanlarım üzə çıxdı, dərnəklərdə iştirak edirdim, musiqili əyləncəli proqramlara qatılırdım.1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsində təhsil aldım. Tələbəliyin ilk illərində şansım özünü biruzə verdi. Belə ki, dövrün tanınmış simaları gülüş ustası  Hacıbaba Bağırovun, yazıçı xanımlarımızdan olan güclü qələm sahibi Xalidə Hasilovanın və bəstələri ilə Azərbaycan musiqi sənətində böyük iz qoyan Emin Sabitoğlunun instituta gəlişi və “Nəğməli Könül” tamaşasında Könül roluna uyğun gələn tələbəni seçmələri bəlkə də təsadüf ola bilməzdi. Zənnimcə, bu bir tale yazısı idi və yüzlərlə tələbə arasından məhz məınim seçilməyim artıq həyatın mənə bəxş etdiyi uğur idi. Beləliklə də hələ tələbəlik illərindən Musiqili Komediya Teatrında çalışmağa başladım, iki aylıq hazırlıqdan sonra üzərində işlədiyimiz “Nəğməli Könül” tamaşasını təhvil verdik. Bu gedişlə də bir neçə il teatrda çalışdım, bir çox tamaşalarda oynadım. Doğrudur, Musiqili Komediya Teatrı ixtisasıma uyğun idi və mən orda daha çox uğur qazana bilərdim, həm aktrisalıq, həm də ifaçılıq edərək yenə də sənətdə addımlaya bilərdim. Qəribədir ki, müğənnilik həvəsi daha çox diqqətimi çəkir, marağıma səbəb olurdu. Yaxşı yadımdadır, o vaxtlar İncəsənət İnstitutunda Vaqif Gərayzadənin ansamblı fəaliyyət göstərirdi və mən də həmin ansamblın solisti oldum. Solist olaraq müxtəlif janrlı, hətta müxtəlif xalqların mahnılarını oxuyaraq sanki özümü hərtərəfli təsdiq etməyə cəhd edirdim. Vaqif Gərayzadənin bəstələdiyi, Akif İslamzadənin repertuarında olan mahnıları ifa edirdim, eyni zamanda vətənpərvərlik mövzusunda olan mahnılar hazırlayıb oxuyurdum. -Dünya şöhrətli Rəşid Behbudovla tanışlığınız da deyəsən həmin ərəfəyə təsadüf edir? -Zənnimcə, biz xalq, millət olaraq xoşbəxtik ki, məhz Rəşid Behbudov kimi sənətkarlarımız olub. Onun dəstək verdiyi müğənnilər hazırda Azərbaycan səhnəsində ustad dərsləri verir. Bu çox böyük göstəricidir. Musiqili Komediya Teatrında çalışdığım zaman günlərin birində Mahnı Teatrına getməyim də məncə təsadüf deyildi. Rəşid Behbudovun səsimi dinləməsi, məni teatra birbaşa solist kimi götürməsi, ən sevimli tələbələri sırasında görməsi, sadəcə özü deyil, eyni zamanda ailəsinin də məni dəstəkləməsi, artıq mənim üçün neçə-neçə qapıların açılması demək idi. Mənim üçün açılan bu şans qapısının fərqində olsam da, inanın səmimiyyətimə heç bir vaxt belə imkanlardan sui istifadə etmədim. Sadəcə mənə tapşırılan işlərin öhdəsindən gəlməyə çalışdım və bunu bacardım. Doğrudur, artıq mənə dəstək verən insanların əksəriyyəti yoxdur, ancaq onların öyrətdiklərini heç unutmadım. Ümumiyyətlə sənətə olan bağlılıq, sənət sevgisi, məsuliyyət hissi, tamaşaçıya olan sevgi, tamaşaçı səmimiyyətini dəyərləndirmək və s. hər biri sanki miras olaraq nəsildən-nəsilə keçib və keçəcək. -Pedaqoji fəaliyyətiniz sizə sadaladığınız keyfiyyətləri üzə çıxarmaq üçün daha geniş imkanlar açsa da nədənsə ömrü qısa oldu. Bunun səbəbi nə idi? -Bir müddət vokal dərsləri verdim, ümidverici tələbələrim çox idi, əslində çox gözəl tələbə-müəllim münasibətləri qurmuşduq. Bilirsinizmi, müəllimlik sənəti məsuliyyətli olduğu qədər də müqəddəsdir. Bu fikir hər zaman deyilib, deyiləcək də. Müəllim tələbəni öyrədərək öz bildiklərini də yenidən tıəkrarlayır və bu proses davam etdikcə inkişaf başlayır. Az müddət olsa da çalışdım, müəllimlik peşəsinin sirlərinə də hakim oldum, ancaq daha artıq davam etmədim. Hiss etdim ki, illər öncə səhnəsində həyəcan yaşadığım teatr məni yenidən özünə çəkir. Hazırda Musiqili Teatr olaraq fəlaiyyət göstərən teatrın kollektivi, rəhbərliyi mənə qapını açdı, bu teatra lazım olduğumu hiss etdim. Teatrda hazırlanan"Amerikalı kürəkən" , "Baladadaşın toy hamamı" , "Molla Nəsrəddinin beş arvadı", "Arşın mal alan" , "Bankir adaxlı",  "Talehlər qovuşanda" adlı tamaşalarda oynaddım, tamaşaçı sevgisisni hiss etdim, sanki teatrın tamaşaçıları məni illərdir gözləyiblər. Tamaşaçı sevgisini hiss etmək məni daha da həyəcanlandırdı, elə bil ki, heç bu teatrdan ayrılmamışdım. -Bəlkə də arada olan uzun məsafə-tələbəlik illəri teatrda çalışmağınız və illər sonra geri dönməyiniz-sizi teatra peşəkar olaraq gəlməyə hazırlayıb. Bir sözlə, bu məsafə sadəcə hazırlıq rolunu oynayıb? -Bəlkə də...Siz bu məqamı çox gözəl tutmusunuz, hiss olunur ki, teatrı yaxşı bilirsiniz. Hətta mənim düşüncələrimdə olan məqamları belə siz üzə çıxarırsınız. Haqlısınız, teatra yenidən dönməyim uzun hazırlıq prosesindən sonra baş tutdu. Bu da həyatımın bir imtahanı idi. Bildiyiniz kimi Musili Teatrda aktrisalıq məharəti ilə yanaşı, canlı ifa mütləqdir. Onu da yaxşı bilirsiniz ki, tamaşaçı güzəşt etməyi sevmir. -Deməli tamaşaçı fikrini əsas götürüsünüz. Elə isə tamaşaçı fikrinin ardından gedə bilərsiniz? -Tamaşaçı fikri önəmlidir. Ancaq ifaçı tamaşaçı fikrini əsas götürməklə yanaşı, eyni zamnda tamaşaçıda öz ifaçılığının ardından aparmağı bacarmalıdır. Bu da o deməkdri ki, bütün hisslər, duyğular qarşılıq sevdiyi kimi, tamaşaçı-ifaçı münasibətlərində də ortaq bir seçim olmalıdır. Teatrda oynadığlm və ya oynamadığım tamaşalarda hər zaman tamaşaçı salonuna diqqət edirəm, nəyi daha çox sevirlər, nəyi xoşlamırlar, onları nə qane edri və ya əksinə nə qane etmir. Onsuzda tamaşaçının səhnədə olanlara reaksiyası an məsələsidir. Buna görə də hərtərəfli diqqət etmək və o səmimiyyəti qopumaq əsasdır. Bildiyiniz kimi xalq artistləri- İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Novruz Qartalla və d. tərəfmüqabili olmuşam və adlarını çəkdiyim aktyorların da hər birinin öz tamaşçı auditoriyası var. Artıq həmin aktyorların tamaşaçıları sırasına Almaz Ələsgərova üçün teatra gələn tamaşaçılar var və bu mənim üçün çox qürurverici bir duyğudur. Mən gördüyüm işdən, nəfəs aldığım bu həyatdan həmişə zövq almışam. Bu yaşımda belə sənət sevgisi bir an olsun məni tərk etmirsə, deməli mən Yaradanın sevimli bəndəsiyəm. Bu günə görə, bizə bəxş etdiyi bu həyata görə Tanrıya şükürlər olsun...                      

Dekabr 27, 2016 2:15

“Çölçü” Hollivud filmlərinə olan marağın qarşısını ala biləcək

“Kino ən yaxşı təbliğat vasitəsidir” deyənlər haqlıdırlar, çünki hər bir ölkənin mədəniyyəti, adət-ənənəsi məhz kinoda öz əksini tapır, necə ki, “Çölçü” bədii filmi bir çox Beynəlxalq kinofestival  və forumlarda iştirak edərək Priz və Diplomlara layiq görüldü. Filmin rejissoru Şamil Əliyevlə quruluş verdiyi film üzərində sənət söhbəti etdik -Tənqidçilərin fikrincə, yaxşı ssenari elə yaxşı film deməkdir... -Ssenaridə hədəfə toxunan məqamların olması vacibdir. Çünki hədəfə toxunmayan məqamlar olmayan ssenaridən film olmaz. Bilirsinizmi, film  geniş məfhumdur, buna görə də müraciət olunan mövzulara diqqət etməli və mövzunun dərinliyini əsas götürmək lazımdır. Filmin mövzusu düşündürücü rol oynaya bilmirsə, filmə baxan mövzunun ardınca getmirsə o zaman film çəkməyin də bir mənası olmaz. Bu baxımdan düşünürəm ki, illərdir məni düşündürəm ssenari bir gün mütləq işıq üzü görəcək. -“Çölçü” ssenarisilə tanışlıq zamanı hansı hissləri keçirdiniz-rejissor kimi özünüzü ssenaridə, ssenarini özünüzdə tapa bildinimzi? -Bu mütləqdir. Ssenari ilə tanış olduğum zaman çox bəyəndim və dedim ki, belə bir ssenaridən imtina etmək günah olar. Çünki Allah verdiyi hər bir şeylə bir növ bizləri sınaq edir. “Çölçü” mənim sınağım idi və çox şükür ki, bu sınaqdan üzüağ çıxa bildim. -Hiss olunur ki, “Çölçü” sizi müəyyən mənada qidalandıra bilib. -Sözünüzə haqq verirəm. Doğrudan da tam olmasa da, müəyyən mənada “Çölçü” mənim kino sevgimi bir qədər təmin edə bildi, ancaq görüləcək işlər hələ qabaqdadır. -Bildiyiniz kimi hər sahədə olan islahatlar kinodadn da yan keçməyib. Sizcə islahat proqramları kinomuzun inkişafaında tam olaraq rol oynaya biləcəkmi? -Bilirsinizmi, hər bir islahat ona hesablanır ki, son məqamda kinomuz dünya kino mədəniyyətinin heç olmasa bir parçası ola bilsin. Bildiyimiz kimi ölkə başçısının Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə sərəncamı var. Yəni, milli kinonun yaranması ilə bağlı artıq konkret tələblər qoyulub.  Bütün bunları yerinə yetirmək biz kinematoqrafçıların üzərinə düşür. İstər məmur olsun, istər məmur olmasın, istər müstəqil film çəksin, istərsə də dövlət sifarişilə fərqi yoxdur, bu, hər birimizin qarşısında duran tapşırıqdır ki, biz Milli Azərbaycan kinosunu yarada bilək. -Necə bilirsiniz , Milli kinomuzu yarada bilmək üçün bütün qüvvələr səfərbər olunacaqmı? -Öncəliklə qeyd edim ki, SSRİ dağıldıqdan sonra müəyyən mənada kino sistemində də dağılma prosesi baş vermişdi. Çox şükürlər olsun ki, son vaxtlar bu dağılmanın qarşısı nəinki alınıb, hətta  dövlət filmlərin əksəriyyətinin çəkilməsini öz üzərinə götürüb. Yəni, dövlət kinoya maddi yardım edir, təsəvvür edin ki, kinonun maliyyəsinin 80-90 faizi dövlətin üzərindədir. Bu da o deməkdir ki, dövlətimiz Milli Kinonun formalaşması üçün əlindən gələni edir. Sözümün canı odur ki, dövlətimiz hərtərəfli şəkildə kino üçün səfərbər olub, artıq sıra bizlərdə. Biz kinematoqrafçılar da, ümumiyyətlə götürdükdə isə kino ilə əlaqəli təşkilatların hər biri də bu baxımdan səfərbər olmalıdır ki, nəticədə ürəyimiz istədiyi kimi Milli kinomuzu yarada bilək. Artıq çox şey bizlərdən asılıdır, üzərinə vəzifə düşən insanlardan asılıdır. Zənnimcə bunu xırdalamağa ehtiyac yoxdur, tutaq ki, hər hansı bir məmur bununla bağlı nə etməlidir və yaxud da başqa biri, önəmli olan hər kəs üzərinə düşəni etməlidir. Bu qədər  sadə. Şəxsən mən dövlət sifarişi ilə də işləmişəm, elə belə də işləmişəm. Hər yerdə mənim üçün bir məqsəd var ki, Azərbaycan Milli Kinosunun formalaşmasına, inkişafına xidmət etməliyik. Çünki başqa yolumuz yoxdur. Heç kim gəlib bizim üçün Azərbaycan Milli Kinosunu yaratmayacaq. Azərbaycan Milli  Kinosunu ancaq Azərbaycan vətəndaşı yaradacaq. Nə iranlı, nə rus, nə başqası gəlib Milli kinomuzu yaratmayacaq, lap gəlsə belə o özünün milli dəyərlərini gətirəcək. Və nəticədə də zərbə kinomuza dəyəcək. -Qeyd etdiniz ki, kinomuzun dövlətdən asılı olması yaxşı haldır. Ancaq  dövlətin diqqəti sadəcə kinoda ola bilməz ki, ölkəmizdə hər sahədə görüləcək o qədər işlər var ki... -Dövlətdən asılı olması odur ki, Azərbaycan dövləti kinonu incəsənət növü kimi məhv olmağa qoymur. Bir anlıq təsəvvür edin ki, kinoya müstəqillik verilib o zaman özbaşına qalan kinonun vəziyyəti necə olar? O zaman kino məhv olar. Hansı investor kinoya külli miqdarda pul qoyub onu sənət növü kimi saxlayacaq? Siz buna inanırsınız? -Çox təəssüf ki, mən də inanmıram... -Görüsünüzmü, bu bir həqiqətdir. Doğrudur dövlətimizin görüləcək işləri çoxdur, ancaq bütün bunlara baxmayaraq əgər ildə 5-6 film üçün dövlət dəstəyi varsa, bu özü böyük hadisədir. Hətta çox vaxt daha artıq filmlər çəkilir, bu heç də az göstərici deyil.  Bizim Qarabağ boyda dərdimiz var, bunu heç vaxt unutmamalıyıq. Onu da unutmamalıyıq ki, biz hələ də müharibə şəraitində yaşayan bir ölkəyik və bu vəziyyətdə olmağımıza baxmayaraq əgər dövlətimiz kinoya da sərmayə qoyursa, inandırım sizi ki, bu, çox böyük hadisədir.  Digər dövlətlərə baxın, elə bədnam qonşularımızın kinosuna baxın... -Bədnam qonşularımızın nə zaman kinosu oldu ki... -Çəkə bilmirlər axı, ildə bir film olsa belə çəkə bilmirlər. Mətləbdən uzaqlaşmayaq, SSRİ-nin tərkibində olan digər respublikalarda 1-2 film dövlət tərəfindən maliyyələşirsə bu özü böyük işdir. Doğrudur Qazaxıstanda, Özbəkistanda bir qədər fərqli situatsiyadır, yəni adlarını çəkdiyim ölkələr də artıq öz miili kinosunu yaratmaq əzmini nümayiş etdirib. Yenə də təkrar edirəm, Mili Kinonu Azərbaycan vətəndaşları yaratmalıdır. Burda söhbət heç də sadəcə  milli dəyərlər, estetik prinsiplərdən getmir, istehsal prinsiplərini əsas götürərək bu fikrə gəlmişəm. -Əslində haqlısınız. Həm də unutmayaq ki, başqa ölkələrin Qarabağ adlı dərdi yoxdur. Biz bu boyda problemlərlə kinonun inkişafı   üçün azacıq da olsa işlər görə biliriksə, deməli Azərbaycan Milli Kinonun formalaşmasına nail ola biləcək. -Son vaxtlar çəkilən filmlərimizin dünya ölkələrində səs-küyə səbəb olması, diqqəti çəkməsi və s. hamısı bunun sübutudur. Artıq filmlərimiz beynəlxalq festivallarda iştirak edir, mükafatlar qazanır. Bütün bunlar az iş deyil. -“Çölçü” də az mükafat qazanmadı, böyük uğurdu... -“Çölçü” 25 beynəlxalq festivalda iştirak etdi, ona qədər bir çox mükafatlar qazandı. “A” kateqoriyalı festivallardan tutmuş “B” kateqoriyalı festivalların əsas müsabiqələrində iştirak edib, iki baş mükafat, iki rejissura mükafatı və bir sıra digər mükafatlara layiq görülüb. -Bu çox böyük göstəricidir...Siz  daima o fikirdə olmusunuz ki, çəkilən filmlər Azərbaycanımızın dünyaya tanınmasında böyük rol oynamalıdır. “Çölçü” ilə dediyiniz fikir üst-üstə düşməyi bacardı. -Bilirsinizmi, məqsəd uğrunda mübarizə təbliğatda böyük rol oynayır. Dünya ölkələrində keçirilən festivallar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, adət-ənənəsini təbliğ etmənin ən qısa və yaxşı yoludur ki, bunu da kino vasitəsilə həyata keçirməliyik. Elə festivallar var ki, ilk dəfə orda “Çölçü” filmi ilə iştirak etdik və orda bildilər ki, Azərbaycan adlı böyük  tarixə malik bir ölkə var. -Əgər hər festivalda film 6 gün nümayiş olunursa və 3000-5000 min tamaşaçı filmə baxırsa, onların arasından heç olmasa 30-40 faizi filmdə hadisələrin getdiyi ölkə ilə bağlı məlumatlanırsa, bu böyük göstəricidir... -“Çölçü” Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə geniş diqqəti cəlb etməyə məcbur edən filmlərdəndir. 79  dəqiqəlik filmdə boş saniyə belə yoxdur. Yəni, tamaşaçı bu filmə birnəfəsə baxaraq onun üzərində geniş müzakirə apara bilər. -Necə bilirsiniz “Çölçü” bu gün Azərbayacana lazımdırmı? -Əgər 25 festivalda iştirak edərək mükafatlara layiq görülübsə və hər dəfə nümayiş olunduğu zaman Azərbaycan adını zirvəyə yüksəldibsə, deməli ölkəmizin “Çölçü”yə ehtiyacı var. Hətta düşünürəm ki, belə mövzulara geniş müraciət olunmalıdır. -Çox vaxt belə bir fikir ortaya atılır ki, ölkəmizdə çəkilən filmlər festival üçün çəkilir. Bi fikir nə dərəcədə doğrudur? -Bunun nəyi pisdir ki, söhbət o boyda təbliğatdan gedirsə biz artıq dar düşüncədən xilas olmalıyıq. Kim istəyirsə gedib filmə baxa bilər. Ancaq unutmamalıyıq ki, bizim tamaşaçının hələ kinoteatra qayıtma kimi bir problemi var. -Zənnimcə kinoteatrlarımız bərpa olunsa, fəaliyyətinə start versə  zaman tamaşaçı problemi olmayacaq. Çünki Tamaşaçı kinoteatrlarda film izləmək üçün çox darıxıb... -Etiraf edək ki, artıq bərpa işləri var, ancaq tamaşaçı Hollivud filmlərinə baxmaq üçün kinotetralara üz tutur. Düşünürəm ki, “Çölçü” Hollivud filmlərinə olan marağın qarşısını ala biləcək...      

Dekabr 23, 2016 2:00