“Qarabağ işğal olunsa da, yenə də Qarabağlı muğam ifaçıları yetişir”…

Muğam ifaçılığında söz, musiqi qədər, ifaçının səs imkanlarının geniş və ürəyəyatan olması da çox önəmlidir. Bəlkə də ona görə ki, hələ muğam yaranandan SƏS, ifaçılığı tamaşaçıya çatdırmaq üçün ən başlıca şərt sayılıb. xeber100.com muğam ifaçılığlnda öz sözünü  demiş, Xalq artisti Nəzakət Teymurova ilə geniş müsahibə hazırlayaraq siz oxucuların diqqətinə təqdim edir. Bir qədər həzin, qəmli notlar üzərində köklənən söhbətimizin əsas mövzusu elə muğam idi... -Uzun illər Opera və Balet teatrının səhnəsində müxtəlif səpgili obrazlar oynadınız, obrazların həyatını canlı səhnədə yaşadınız və eşidəndə ki, artıq teatda deyilsiniz bir qədər təəccübləndik...Bəlkə də ona görə ki, siz Opera səhnəsinə hər mənada yaraşan sənətkarlardansınız... -Ümumiyyətlə Opera və Balet teatrı muğam ifaçılarının həyatında akademik səviyyədə rol oynayan musiqi ocağıdır. Əgər Musiqi tarixinə nəzər salsaq o zaman görərik ki, bu teatrda necə ustadlar fəaliyyət göstərib. Bəlkə onların əksəriyyətini görmək biz nəslə  qismət olmasa da, çoxlarıyla eyni səhnəni paylaşmışıq. Ötən il Opera səhnəsindəki fəaliyyətimin 20 ili tamam oldu. Və 20 ildə gördüyüm işlərə baxdım, qazandığım uğurları gözdən keçirdim və qərar verdim ki, artıq getməliyəm. Öncə teatrın rəhbərliyi etiraz etdi və bu etirazı nəzərə alaraq bir az daha qaldım, 4-5 tamaşa oynadım və sonra qərarımı qətiləşdirdim. Əlbəttə ki, qərarıma hörmətlə yanaşıldı və o da qeyd olundu ki, istənilən vaxt geriyə qayıda bilərəm. Bu ani gedişimin səbəbi çox sadədir, özümə qarşı müəyyən qadağalarım var. Məsələn, mən ola bilər ki, xanəndəlikdən də uzaqlaşa bilərəm. Çünki dediyim kimi özüm üçün elə bir çərçivə yaratmışam ki, zamanla nəyin olub-olmayacağına asanlıqla qərar verir və bu qərarı həyata keçirirəm. -Bunun yaşla hər hansı bir əlaqəsi var, yoxsa? -Yaşla əlaqəsi olmasa da “hər şey zamanında gözəldir” prinsipi məni daima düşündürən məsələlərdən biri olaraq qalır, bəlkə də ona görə hər zaman bu prinsipə əməl edirəm. -Hər yaşın öz hesabatı var. Xanəndə 20 yaşda bir başqa, 30 yaşda tamam başqa, 40 yaşda çox fərqli və s. ifaçılıq nümayiş etdirə bilər. O da təsadüfi deyil ki, yaş artdıqca səsin inkişafı da artır, təcrübə artıq öz sözünü deməyə başlayır... -Bütün bunlar doğrudur. Ancaq müəyyən zaman keçdikdən sonra da səs əvvəlki gücünü itirə bilər ki, bu da təbii haldır. Bir sözlə, mən səs gücümü itirmədən, səsin təravətini qoruduğum bir yaşımda səhnədən getməyə üstünlük verənlərdənəm. -Muğam ifaçılığında söz və musiqi anlayışı sizin üçün nəyi ifadə edir? Siz də çox gözəl bilirsiniz ki, söz olmadan musiqi, musiqi olmadan sözün olması mümkün deyil, hər ikisi vəhdət təşkil edir. Sözü daxildən hissiyatın gücü ilə çıxarmaq bir başqa duyğudur. Bu baxımdan Füzulini, Nəsimini, Əliağa Vahidi və digərlərini oxuduğum zaman o sözə adi yanaşmaq mümkün deyil, o sözdə olan dövrü, yaşantını, gücü hiss edərək duymaq tələb olunur. Belə olmazsa hansı xanəndəlikdən söhbət gedə bilər ki?!Hər bir insanın öz daxili aləmi, öz yaşantısı var, xüsusilə xanəndə yaşantısı, daxili dünyası bir başqadır. Hər sözə həssaslıqla yanaşmaq xanəndəliyə xas keyfiyyət olduğu üçün, xanəndə hansı sözə, necə yanaşmağı da gözəl bacarmalıdır. Kor-koranəlik olan yerdə sənətdən, sənətin sehrindən söhbət gedə bilməz. Daxili aləm məhz bu məqamda özünü biruzə verir. -Belə bir söz var: Laqeyd insan elə hər şeyə laqeyd yanaşır. Bu hər sahənin adamı üçün işlədilən bir kəlimədir. O qədər eşitmişik ki, deyirlər filankəs muğamı necə hissiyyatsız oxuyur, sanki sözü əzbərləyib birnəfəsə deyir və s. -Bilirsinizmi, xarakter özünü mütləq göstərir, xüsusilə çalışdığın sahədə. Ümumiyyətlə xanəndə işi göz qabağında olduğu üçün tamaşaçı diqqətindən heç bir şey qaçmır. Həqiqətən laqeyd insan elə öz işində də laqeyddir. Bizim sənətdə ürək önəmli, daxili dünyanın zənginliyi önəmlidir, həm də çox önəmlidir. -Siz xanəndə kimi özünə xas rahatlıqla muğamları ifa edirsiniz. Xüsusilə solo konsertlərinizdə sizin arxayın şəkildə muğam ifa etməniz tamaşçaını sözün həqiqi mənasında valeh edir. Ancaq bir qədər peşəkar insan bu  arxayınçılığın arxasında necə həyəcan, məsuliyyət hissi olduğunu hiss edir... -Bu da təbii haldır. Allah səs verib, səsin necə işlənmə qaydası üçün ustadlardan dərs almağıma yardım edib, bir sözlə, bütün qapıları açıb. Belə bir vaxtda hər şeydən doğru, düzgün istifadə etməyi bacarmaq özü ustalıq tələb edir. Siz haqlısınız, doğrudan da görünən rahatlığın arxasında çox böyük məsuliyyət hissi var, həyəcan var. Yeri gəlmişkən, konsert proqramlarının birində hazırlıq proseslərinin gedişatı ilə bağlı elə əsəbləşmişdim ki, belə bir əsəblə səhnəyə çıxmaq, muğam oxumaq, tamaşaçıda əhval-ruhiyyə yaratmaq...o anı düşününcə məəttəl qalıram ki, çətin də olsa necə də ustalıqla konsert proqramı bitənə qədər özümə olan, səsimə olan nəzarəti itirmədim. Bütün bunlar üçün hər zaman Allahıma şükür edirəm. -Siz nəslin muğam ifaçlığına gəlişiniz ölkəmizin ən ağır günlərinə təsadüf edir. Hətta 90-cı il hadisələrindən sonra hər sahədə yaranan durğunluq, muğama da öz təsirini göstərdi... -Ancaq nə qədər çətin olsa da muğam sənəti itib-batmadı. Hətta artıq muğama dövlət səviyyəsində diqqət ayrılıb. Muğamı yaradanlar, yaşadanlar zaman keçdikcə estafeti yeni nəslə tapşırdı və biz nəsil də bunun üçün çalışdıq. Çalışdıqca da hiss etdik ki, dövlətimiz ən ağır günlərdə belə muğamdan diqqətini çəkmədi. Bildiyiniz kimi milli musiqimiz xalqın gücüylə bu günlərə gəlib çatıb və dövlət də xalqın qoruduğu milli sərvətə sahib çıxınca o zaman inkişaf prosesi daha da güclənir. Muğamlara söykənərək onlara yenilik gətirmək buna canlı misaldır. Hələ tələbə vaxtı ustadlardan öyrəndiyimiz elə muğamlar olub ki, onların hər birini yaddaşıma həkk etmişəm, hətta muğamların əksəriyyəti ifa edilməsə belə mən hər zaman öyrənərək yaddaşıma yazdığım o gücdən istifadə edirəm. -Qismətinə çətin dövrü yaşamaq düşən bir xanəndə kimi o günləri necə xatırlayırsınız? -Qarabağda-Ağdamda evimiz var idi, gözümü dünyaya açdığım, böyüdüyüm, çörəyini yeyib, suyunu içdiyim Ağdam işğal olunduğu zaman mənim üçün çox çətin oldu. Bunu hələ də həzm edə bilmirəm. Necə ola bilər ki, hər qarışına bələd olduğun torpağa həsrət qalasan, o torpaqlara gedib çıxa bilməyəsən, sadəcə kənardan boylanıb görəsən?! Gözlərimin qarşısında o qədər faciə baş vermişdi ki, evi dağılan kim, evin içində ailə qarışıq yanan kim, bir sözlə saysız-hesabsız itkilər...Bir müəllimim var idi, nə zaman onun dərsində olurdum zarafatqarışıq atmaca atırdı-Qarabağı da qoyub qaçdınız- Bu söz mənə elə ağır təsir edirdi ki, qardaşları müharibədə olan, ailəsini hələ od-alovun içində qoyduğu halda dərslərdən geri qalmamağa çalışan bir gənc üçün belə bir sözü eşitmək, həm də müəllimdən...nə bilim çox ağır idi... HAŞİYƏ: Q günlərdən illər keçməsinə baxmayaraq hər anı xatıylayaraq göz yaşı içində anladan Nəzakət xanımı ovundurmağa söz tapmaqda çətinlik tapırdım. Bir var mənsub olduğun ölkənin torpaqları işğaldadır, bir də var ki, doğulub, böyüdüyün, uşaqlıq illərini qoyub gəldiyin ana yurdun işğalda ola və illərdir sən həsrət qalasan. Zənnimcə hər ikisi arasında çox böyük fərq var... -Bütün bunlara baxmayaraq siz o ağır günlərə dayandınız və zaman keçdikcə özünüz müəllimlik zirvəsinə yüksəldiniz. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz, onlarla, bəlkə yüzlərlə tələbələriniz var. Bundan böyük xoşbəxtlik olar? -Haqlısınız, ancaq bu həyatda torpaq itkisi qədər ağrılı bir itki olmayıb, yəqin ki, olmayacaq da. Yəqin ki, torpaqlarımız nə qədər ki, azad olmayıb, bu ağrı hər zaman mənim ürəyimdə yaşayacaq, sızladacaq məni. Tələbələriomə də muğamla yanaşı, muğamın vətəni olan Qarabağ torpaqlarını anladıram. Görürsünüzmü Qarabağ işğalda olsa da, yenə də Qarabağlı muğam ifaçıları yetişir və onlarınn səs imkanları sanki eyni qəbildən çıxıb. Bizlər dünya ölkələrini, xalqlarını muğamla təəccübləndiririk. Muğamla dünyaya qastrol edən sənətkarların sayı-hesabı olmayıb, Azərbaycan musiqisi-muğamı deyildikdə digər xalqlar sanki ovsunlanır. Bütün bunlar hamısı muğamın gücündədir. İnandırım sizi ki, dəfələrlə şahid olmuşam ifaçlığımız əcnəbilər tərəfindən necə alqışlanır, bayrağımız qarşısında baş əyilir. Bütün bunlar bir daha sübut edir ki, muğam Azərbaycanın milli sərvətidir. Bildiyiniz kimi 2002-ci ildən pedaqoji fəaliyyətlə məşğul oluram. Hələ gənc yaşlarımdan mənə etimad göstərdilər, müəllimlərimlə çiyin-çiyinə çalışıram, bildiklərimi tələbələrimə öyrədirəm, hətta onlarla bərabər özüm təkrar edərəm sanki yenidən öyrənirəm ki, bu da məsuliyyətimi daha da artırır. Yeni muğam ifaçıları yetişir, yeni gələn nəslin muğam ifaçılığında böyük uğurlar qazanağına inanıram...

Noyabr 23, 2016 11:37

Klassikaya münasibət çox yüksək səviyyədədir…

“Teatr yeniliyi sevir və aktyor teatrda baş verən yeniliklərə özünü daima hazır hiss etməlidir”. Bu fikirlər Musiqili Teatrın aparıcı vokal ifaçısı Nərgiz Kərimova aiddir. Aktrisa ilə çalışdığı teatrda görüşdük, söhbəti sənət üzərində köklədik, bir sözlə, xeber100.com üçün lazım olan bütün sənət sirləri məhz bu müsahibədə olacaq. Müsahibəni oxumağı tovsiyə edirəm. -Dünya ölkələrində Azərbaycan klassik musiqisini layiqli şəkildə təmsil edəcək geniş səs imkanlarına maliksiniz. Vokal səs. yəqin ki, bir möcüzədir... -İstedad, qabiliyyət, bacarıq, səs və s. bütün bunlar hamısı Allah vergisidir, ancaq bunun önəmli tərəfi bütün bu sadaladığım qabiliyyət üzərində çalşmaqdır. Yəni, yüksək dəyərləri özündə birləşdirən sənət adamları daima öz üzərlərində çalışmalıdır. Təsəvvür edin ki, idmançı mütəmadi olaraq öz üzərində çalışmazsa onda idmandan əsər-əlamət belə qala bilməz. Yoxsa-bu güc mənə verilib, çalışdım, çalışmadım fərqi yoxdur, hər zaman formada olacağam- prinsipi ilə yaşasan o zaman həqiqətən bir şey edə bilməzsən. Şəxsən mən daima öyrənirəm, peşəkarlardan, ustadlardan öyrənirəm, daima öz qüzərimdə çalışıram, bütün bunlar təbii ki, inkişafa xidmət edir. Özünə tənqidi yanaşma, hər dəfə imza atdığım proyektin daha yaxşısını həyata keçirmək mənim iş prinsiplərimə aiddir. -Klassik əsərlərə fərqli rejissor yozumlarının olması və tutaq ki, indiyə qədər fərqli baxışdan baxıb gördüyünüz bir obrazın tamam dəyişik şəkildə təqdim olması kimi məqamlara necə baxırsınız? -Siz çox doğru buyurdunuz ki, rejissor yozumları çox fərqli olur ki, bu da təbii haldır. Bəlkə “Romeo mənim qonşumdur” filmini eynilə teatr səhnəsində görmək daha maraqlıdır və ya bu əksinə də ola bilər. Ola bilsin ki, illər sonra bu əsərin fərqli  səhnə quruluşu da düşünülsün. -Dünya ölkələrinə səfər edən bir sənət adamı olaraq əcnəbilərin  ümumiyyətlə  Azərbaycan incəsənətinə olan münasibətini necə dəyərləndirirsiniz? Ümumiyyətlə əcnəbilərin sənətə, xüsusilə klassikaya münasibəti çox yüksək səviyyədədir və mən dəfələrlə şahid olmuşam ki, bizim tamaşalar, bizim musiqi, ümumiyyətlə ölkəmiz  yaxşı mənada, necə dünya ölkələrinin maraq səviyyəsindədir.  Yeri gəlmişkən, Amerikaya qastrol  səfərlərinin birində əsas rolda Afaq Bəşirqızının iştirakı ilə hazırlanan səhnəciklərlə qatılmışdıq. Mən də həm həmin səhnəciklərin əksəriyyətində iştirak edirdim, eyni zamanda da oxuyurdum. Təsəvvür edin ki, 24 saatlıq yoldan sonra səhnədə ifaçılıq nümayiş etdirmək və səsimdə yorqunluğun hiss olunmaması, ümumiyyətlə isə səhnəyə çıxarkən özümü yorğun hiss etməməyim hamını təəccübləndirmişti. -Sözünüzə qüvvət, elə özünüzə qarşı tələbkar olmağınızın nəticəsidir ki, ən yorucu günlərdə belə səhnədə hər şeyi unudursunuz... -Səhnə sadəcə gözəlliyi, peşəkarlığı, istedadı, bacarığı deyil, eyni zamanda məsuliyyəti də sevir. Dünya ölkələrinə tamaşalarla yanaşı, orkestrlə, kvartetlə getdiyim məqamlar da olur. Təsəvvür edin ki, səhnəyə çıxacağımız günə hələ var, hamı şəhərin görməli yerlərinə gedir ancaq mən özümə qapanıram, bildiklərimi yenidən təkrar edirəm və xüsusilə səsimə qulluq edirəm. Yəni özümə qarşı olan tələbkarlığım hər yerdə özünü biruzə verir. -Özünüzə qarşı tələbkarlığınız mərhum atanız-rejissor Faiq Zöhrabova da xas keyfiyyət idi. Dəfələrlə onun məşqlərində iştirak etmişdim və tamaşaya qarşı, aktyora qarşı necə tələbkar olduğunun şahidi olmuşdum. -Haqlısınız...İnanın ki, tamaşa hazırlandıqdan sonra da bəlkə 1 il, 2 il belə tamaşada olan hər xırda detala qarışırdı, bəzən dəyişiklik edirdi. Qrim otağına gəlirdi, niyə başqa paltar geyindin, niyə başqa bir kəlimə dediniz və s. o qədər çox irad tuturdu ki, nəticədə bu iradların hər biri sənətə xidmət edirdi. -Necə tamaşada birgə çalışdınız... -Təxminən 6-7 tamaşada çalışdıq onlardan da birincisi elə “Talelər qovuşanda” tamaşası idi və bu tamaşa məni Musiqili Komediya Teatrına sıx tellərlə bağladı.  Onu da qeyd edim ki, atamın dəvətilə bu tamaşada əsas rola dəvət olundum və bu teatrın səhnəsində ilk dəfə oynadığım bu rol mənim sənət həyatımda böyük rol oynadı. -Bəstəkar Rauf Hacıyevin eyniadlı operettasının motivləri əsasında çəkilən “Romeo mənim qonşumdur” filmində əsas rollarda gürcü və rus aktyorları çəkilib. Öz müasirliyini hələ qoruyub saxlayan film böyük maraqla qəbul olundu ki, nəticədə onun səhnə variantını düşünmək böyük məsuliyyət tələb edirdi... -Tamaşaya müraciət olunduğu zaman böyük həyəcan var idi. Onu da xüsusilə qeyd etmək istərdim ki, Rauf Hacıyevin qızı da öncə tamaşanın belə yüksək səviyyədə alınacağına inanmırdı, yəni tərəddüdlər çox idi. Ancaq tamaşa hazırlandıqdan sonra o böyük həyəcanla atama təşəkkür etdi və onu da qeyd etdi ki, mən belə gözəl tamaşa alınacağına inanmırdım. Bilirsinizmi tamaşada iştirak edən aktyorların hamısı  gənclər idi, mövzü da elə sevgi üzərində qurulduğu üçün gəncliyn enerjisi aşıb daşırdı. O qədər hərəkətli idi ki, tamaşaçı hər kiçik səhnədə belə həyəcanlanırdı, gülürdü, əylənirdi. Rejissor ilk andan yaradıcı heyətə dedi ki, mən tamaşada şit heç bir şey istəmirəm, səviyyəli tamaşa hazırlamalıyıq. Doğrudan da səviyyəli tamaşa alındı və etiraf edək ki, bziizm belə tamaşalar çox ehtiyacımız var. -İllər keçir, dünən gənc qız obrazlarınız yaradan aktrisalar zaman keçdikcə ana obrazları ilə səhnəyə çıxır. Bu həyatın həm gözəl, həm də amansız qanunudur...Siz də anasınız, ancaq deyəsən hələ ana obrazları oynamaq fikrindən çox-çox uzaqsınız... -Allah eləsin ki, elə həmişə də gənc qız obrazları yaradım...Əslində gənc qalmağı arzulamaq təbii haldır və uzun müddət də gənc görünüşü saxlamaq mümkündür. Nə qədər ki, aktrisanın, aktyorun görünüşü imkan verirsə, bir o qədər də gənc obrazlarda səhnəyə çıxa bilər. Hələ ki, mənim də görünüşüm səhnəyə əsas gənc qəhrəmanları oynamağa imkan verir. -Solo konsertlər və akrisa kimi çalışdığınız tamaşalar...bir birindən fərqlənən və eyni zamanda sənəti birləşdirən ifaçılıq məqamlari...Bir birinə mane olurmu, yoxsa? -Əksinə bir birinə kömək edir və siz də qeyd etdiyiniz kimi hər ikisi özündə sənəti birləşdirir. -Elə bir zaman olubmu ki, seçim qarşısında qalaraq bunlardan sadəcə birini seçəsiniz? -Seçim qarşısında qalmamışam, sənətin sehri məni hər ikisinə birləşdirib. Solo ifaçılığa gəlincə daima dünya ölkələrində solo konsertlərim olur və konsert proqramlarım yüksək səviyyədə qarşılanır. -Adətən vokal ifaçılarını Opera səhnəsində görməyə alışmışıq və sizin də səs imkanlarınız o fikri aşılayır ki, siz Opera səhnəsində böyük uğurlara imza atmağa layiqsiniz... -Opera və Balet Teatrının fəaliyyəti, bu teatrın səhnəsində hazırlanan operalar, baletlər daima Azərbaycan sənətsevərlərinin diqqətində dayanır və eləcə də mən bu teatrı çox sevirəm. Bəhs etdiyimiz teatrda yüksək səsə malik ifaçılar var və onların hər biri ilə eyni səhnəni paylaşdığım məqamlar olur. Ancaq tale elə gətirdi ki, mən Musiqili Teatrda çalışdım və illərdir bu teatrın səhnəsində oynadğım rolların  hər biri mənim sənət uğurlarımdır, bu teatra çox bağlanmışam.        

Noyabr 21, 2016 3:00

Kənan Məmmədovun 70 illiyinə…

Önəmli sənət nümunələrinə quruluşçu operator olaraq imza atan, onlarla rejissorlarla, yüzlərlə aktyorlarla yaradıcı əməkdaşlıq edən, bir sözlə, ömrün 7-ci onilliyinə qədəm qoyan Kənan Məmmədov xeber100.com saytının qonağıdır. Yubilyarla 70 illik ömrün bəzi məqamlarına nəzər salaraq sırf sənət söhbəti etdik. Nələri müzakirə etdik, bəlkə bəzi məqamları tənqid etdik və s. məqamları xırdalıqlarına qədər bilmək istəyirsinizsə o zaman mütləq müsahibəni oxuyun. - 70 yaş, 40 illik yaradıcı fəaliyyət, bir sözlə,yaradıcı günlərlə dolu bir ömür yolu keçmisiniz və hər yaşın öz hesabatı var. Geriyə boylanınca nələrin üzərində daha çox düşünməli olursunuz? Kinoda kimləri gördünüz, kimlərlə əməkdaşlıq etdiniz? -Kimləri görmədim ki?! Öncəliklə boş keçən illərim olmayıb, hər il yeni film çəkmişəm. Hətta ən çətin illərdə belə mən filmsiz qalmadım. 90-cı illərdə kino demək olar ki, dayanmışdı, ancaq mən işləyirdim. Belə bir fikir var ki, ən dəyərli sənət nümunələri ən çətin günlərdə yaranır. Təsəvvür edin ki, 90-cı illərdə belə bir sınaqla üz-üzə qaldıq. Doğrudur, qeyd etdiyim kimi bizdən asılı olmayan səbəblərə görə bəzi filmlər dayandı, ancaq onların çəkilişlərində böyük güc sərf etdik. 1998-ci ildə isə artıq Rasim Ocaqovla “Otel otağı” filminə başladıq və ondan sonrakı illər də yenə də hər ilin öz filmləri oldu. Sonra Oqtay Mirqasımovla “Ovsunçu” filmini çəkdik, daha sonra Nicat Feyzullayevlə “Küçələrə su səpmişəm” filmini, sonra “Məhkumlar, “Qala”, “İstanbul reysi” və s. filmləri çəkdik. Xoşbəxtəm ki, bu dövrü yaşamışam və 70 yaşa çatdığım bir vaxta geriyə boylanıb baxınca görürəm ki, boş keçən günlərim, illərim olmayıb. -70 yaş nə azdır, nə də çoxdur və 7 rəqəqminin də islam dünyasında necə müqəddəs rəqəm olduğu hamıya məlumdur. Ola bilsin ki, ömrün 7-ci onilliyində daha önəmli layihələrər imza atasınız... - Həyat sürprizlərlə doludur. Necə deyərlər yaşayarıq, görərik. Ancaq etiraf edim ki, bu illər ərzində elə qaynar iş sistemində çalışdım ki, sanki 70 il bir an olaraq gəlib keçdi. Ömrüm kinoya bağlı olduğu üçün, həyatım sanki filmdən filmə keçdi. Bir film bitmədən növbəti filmin çəkilişinə başlayırdım və hər film də 7-8m aya başa gəlirdi, hətta bir ilə çəkilən filmlər də olub. Və beləliklə də xəbərim olmadan illər keçirdi. Yaxşı yadımdadır 10 il əvvəl, 60 illiyimdə qohum- əqrəbadan, həmkarlarımdan  ibarət 70-80 nəfər restoranların birində təntənəli surətdə ad günümü qeyd etdik. İnandırım sizi ki, son 10 il necə sürətlə keçdisə, yəni, bir göz qırpımında, bir də gördüm ki, 70-ə çatmışam. Ancaq özümü 30-40 yaşda hiss edirəm. Bu, özünü işdə də biruzə verir. Yəni, yaş gedir, ancaq daxili, fiziki imkanların gücü özünü 30-40 yaşda qoruyub saxlayır. Bu baxımdan düşünürəm ki, sağlam həyat tərzi çox önəmlidir. - Elə bir yaş zirvəsindəsiniz ki, hətta yaradıcı kimi elə bir zirvəyə yüksəlmisiniz ki, hazırda bütün qapılar üzünüzə açılamlıdır. Dövlət qayğısı hiss edirsiniz? - 1983-cü ildən Kinematoqrafçılar İttifaqının üzvüyəm və çox böyük sənətkarlar həmin ittifaqda bir araya gəliblər. Bildiyiniz kimi müəyyən səbəblərdən parçalanma oldu, yeni birlik fəaliyyətə başladı. Və onu da yaxşı bilirsiniz ki, mənim siyasi oyunlarla işim olmadığı üçün baş verən proseslərdə iştirak etmədim. Bu illər ərzində başımı aşağı salıb sadəcə film çəkməklə məşğul olmuşam. Azərbaycan kinooperatorları arasında ən çox film çəkən operatoram. 26 bədii film, ümumilikdə isə 55-dən çox filmlər çəkmişəm ki, onların içində sənədli filmlər də,  televiziya filmləridə olub. Etiraf edim ki, yeni yaranan birliyin  –"Azərbaycan kinosunun inkişafının konseptual məsələlərinin müzakirəsi"- adı ilə Nizami kino mərkəzində keçirilmiş ilk toplantısına məni dəvət etməmişdilər. Sən demə həmin toplantıda yeni birlik təsis olunub. Atalar yaxşı deyib: “Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə”. Əgər kino ilə bağlı belə bir ciddi məsələdə köhnə ittifaqın katiblərindən biri yada salınmırsa, o zaman nə deyə bilərəm ki?! - Əslində ömrünün 70 ilini kinoya həsr etmiş, bir-birindən önəmli sənət nümunələrinə imza atmış bir kinematoqrafçının iştirakı olmadan hansı kino müzakirəsindən söhbət gedə bilər ki? - Bu məqam məni də çox düşündürdü...Mən əqidəli insanam. Ola bilsin ki, bəzi işlərdə mən də yanlış düşünüm, ancaq yanlış düşüncə də mənimdir. Bu baxımdam da mənəvi istiqamətimi, yaşayış tərzimi dəyişmirəm, necə başlamışamsa, elə də davam edirəm. Belə münasibət məndə inciklik yaratdı və bundan sonra da heç bir birliyə üzv olmaq istəmirəm. Yəqin ki, bu səbəblərdən hər hansı bir tədbir, təbrik olmadı. Etiraf edim ki, mənim heç bir şeyə ehtiyacım da yoxdu. Əməkdar incəsənət xadimiyəm, Respublika Dövlət mükafatı laureatı, “Humay” mükafatı, “Qızıl Çıraq” mükafatı və s. hər birinə layiq görülmüşəm. Hətta yeganə azərbaycanlıyam ki, Avropa Kino Akademiyasının üzvüyəm. Onların keçirdiyi hər tədbirə dəvət olunuram, iştirak edirəm, dünya kinosu üzərində dünya kinematoqrafçıları ilə fikir mübadiləsi aparırıq və s. Bütün bunlar bir daha sübut edir ki, mən Azərbaycan kinosu üçün çox iş görmüşəm və çox iş də görürəm. Amma... - Deyəsən, ammasız olmur? - Bilirsiniz ki, mənim gözəl ailəm var, həyat yoldaşım, övladlarım, nəvələrim, qohum-əqraba var və onların hamısı kinodakı fəaliyyətimi izləyirlər. 70 yaş ərəfəsində sanki hamısı dövlət tərəfindən kiçik olsada bir yubilley tədbiri gözləyirdi....Bu nöqteyi-nəzərdən AzTV haqqımda film çəkdi, Azərbaycan radiosu böyük həcmli veriliş hazırladı. İctimai TV məni “Səhər” proqramına dəvət etdi, canlı yayımda haqqımda 25 dəqiqəlik süjet təqdim olundu. Yaxşı ki, bütün bunlar oldu.... Kinostudiyanın direktoru zəng edərək məni təbrik etdi, hətta kinostudiya səviyyəsində kiçik bir məclis qurmağı da təklif etdi, ancaq mən qəbul etmədim. Sosial şəbəkələrdən olan, dünya ölkələrindən gələn təbrik zənglərinin sayı-hesabı olmadı. Bəlkə bəzi gözlədiyim məqamlar baş tutmadı, ancaq bu qədər sevənlərin diqqətində olmaq varkən, olmayan şeylərə görə də üzülməyə dəyməz. - Ustad Rasim Ocaqovun dediyi kimi, narahat olmayın hər əsrin 75 ili çətin olur, sonra hər şey asanlaşır. - Rəhmətlik bu sözü hər zaman söyləyirdi...Mən xoşbəxt həyat sürmüşəm. Çünki ömrümü sevdiyim işə həsr etmişəm. Düzgün məslək seçimi, seçdiyin peşəyə düzgün münasibət bəsləmək böyük nailiyyətdir. Kamera arxasında olmaq, film çəkmək, yeni sənət nümunəsiylə tarixə düşmək, bu, böyük şans, böyük uğurdur. - Bildiyiniz kimi konooperatorların əksəriyyəti zaman keçdikcə rejissor sənətinə meyl etdilər. Belə bir hiss sizdə də yarandı? - Təqribən 15-20 il öncə belə bir hiss mənim qəlbimə hakim kəsildi, öz-özümə dedim ki, bəsdir də operatorluq etdin, bir qədər dəyişiklik et, rejissorluğa başla və s. Ancaq sonra düşündüm ki,  mən özümü tamaşaçıya təsvir vasitəsilə təqdim edirəm, həyata olan münasibətimi təsvirlə göstərirəmsə bu kifayət edər. Önəmli olan seçdiyin peşəyə sadiq qalmaq. Nə qədər ki, fiziki, mənəvi baxımdan imkan var, bu işlə məşğul oluram. Xoşbəxtliyimin bir sirri budur-peşə sevgisi. İkinci sirri ondadır ki, yaxşı dostlarım var və hər zaman yaxşı insanlarla ünsiyyətdə olmuşam. Dünyanı gəzmişəm və hər səfərimdə kino vasitəsilə yeni-yeni dostlar qazanmışam. Xoşbəxtliyimin üçüncü əsas sirrinin səbəbinin isə ziyalı ailəsində dünyaya göz açmışam, Atam şərqşünas alim, anam ədəbiyyatçı olublar, yaxşı uşaqlıq illəri keçirmişəm, sonralar bu xoşbəztliyi öz qurduğum ailə daha da tamamladı. Əlbəttə ki, çətin günlərim də olub, yəni həyatın hər üzünü görmüşəm. Necə deyərlər, çətinliyi görməsən, həyatın mənasını anlamazsan. Görə-görə gəlmişik, həyat çox qiymətlidir, dəyərlidir və həyatın qiymətini bilmək lazımdır. Biz belə gördük, belə öyrəndik, belə də davam edirik...                  

Noyabr 5, 2016 4:09

“Bir şərtlə proqramında iştirak edəcəyəm, teatra-ata ocağına dönəcəksən”…

Kim nə deyir desin, səhnə istedadla yanaşı, gözəl görüntünü, yaraşığı da sevir. Bəlkə də ona görə ki, gözəl görüntü ilk baxışdan tamaşaçının diqqətini çəkir. Müsahibimiz Çingiz Əhmədov öz dövrünün ən çox diqqəti çəkən teatr aktyorlarından biri olub və illər keçsə də ona olan tamaşaçı sevgisi azalmır ki, əksinə artır. Uzun illərdir Musiqli Teatrda çalışan aktyorun öz tamaşaçı auditoriyası var və onun iştirakı ilə təqdim olunan tamaşalarda aktyorun səhnəyə gəlişinin və tamaşaçılar tərəfindən necə qarşılnamasının sadəcə şahidi olmaq lazımdır. xeber100.com əməkdar artist Çingiz Əhmədovla geniş bir müsahibə hazırlayaraq siz oxucularımıza təqdim edir... -Aktyor olmaq başqa, aktyor doğulmaq bir başqadır. Birincidə aktyor olmağa cəhd var, ikincidə isə anadangəlmə vergi. Çingiz Əhmədov məhz aktyor doğulanlardandır... -Hələ uşaq baxçasına getdiyim illərdə özünəxas tərzdə kiçik səhnələrdə oynayır, hətta özümə tərəfmüqabil axtarırdım ki, qarşılıqlı oynayaq. Orta məktəb illərində sənətə olan həvəsim tədricən artdı, hətta 10 yaşımdan etibarən respublikanın ana kanalı olan Azərbaycan Televiziyasında xırda rollarla çıxış etməyə başladım. Hüseynağa Sadıqovun “Piri babanın nağılları” proqramı var idi və hər dəfə uşaqları başına toplayaraq nağıl söyləyirdi. Həmin uşaqların arasında mən də olurdum. Bundan başqa “Yomoristik novellalar”, “Kitab köşkü”, “Komediyalar aləminə səyahət”, “Teatr təbəssümləri”, “Səhər görüşləri”ndə iştirak edirdim, hətta qonorar da alırdım. Beləliklə də uşaqlıq illərindən artıq tanınmağa başladım, tanındıqca da kiçik rollara dəvət aldım. Az vaxtda populyarlıq qazanmağa başladım. Təsəvvür edin ki, ay ərzində 4 dəfə efirdə olurdum, yuxarıda sadaladığım proqramlara dəvət alırdım, yəni getdikcə tamaşaçıların maraq-diqqətini çəkməyə başladım. -Deyəsən hamının sevimlisi Çina elə həmin dövrdə meydana çıxdı? -Hətta ərköyün Çina idi meydanda...Həmin illərdə "Telefilm"in direktoru Nazim Abbasov məni “Ömrün bahar anları” filminə dəvət etdi. Çox təəssüf ki, 20 Yanvar hadisələrində mənim çəkildiyim bir çox lentlərlə yanaşı, həmin filmin lenti də yanmışdı. Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Hüseynağa Sadıqovla, Bahadur Əliyevlə olan lentlərim yanmışdı. Ümumiyyətlə 90-cı il hadisələrində hər sahədə olduğu kimi teatr aləmində də durğunluq başladı. Çox çətin illər idi, Allah o günləri bir daha göstərməsin. Etiraf edək ki, inamımızın öldüyü bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi hər sahədə, xüsusilə teatr aləmində bir canlanma yaratdı. Teatrsevər insan idi, taşaçalara baxmaq, aktyorlara diqqət ayırmaq, onların sənətini qiymətləndirmək və s. hər biri ulu öndərin diqqəti sayəsində oldu. Bildiyiniz kimi mükafatlar, prezident təqaüdləri, fəxri titullar hamısı məhz onu tapşırığı ilə reallaşdı. -Musqili Komediya teatrı(indiki Musqili Teatr) sizin aktyor kimi formalaşmağınızda böyük rol oynayıb... -1984-cü ildən Musiqili Komediya Teatrında çalışmağa başladım və teatrın səhnəsində bir-birindən maraqlı rollar oynadım. Bə beləliklə də getdikcə gəlib bu zirvəyə çatdım. Ancaq müəyyən bir məqam oldu ki, teatrdan ayrıldım. Bu, 1991-ci ilə təsadüf edirdi. O vaxtlar teatrın baş rejissoru və bədii rəhbəri Cahangir Novruzov idi. O da teatrdan ayrıldı, sonra teatrın rəhbəri Qəzənfər Topçuyev oldu. Həmin ərəfədə Atabala Səfərov, Mənsumə Rzayeva, Kübra Əliyeva, Ofeliya Məmmədzadə, Ofeliya Aslan, Nəsibə Zeynalova və bir çoxu teatrdan ayrıldı. Ancaq mən çox da uzağa getmədim, Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər teatrında fəaliyyətə başladım və 2004-cü ilə qədər həmin teatrın səhnəsində müxtəlif səpgili rollar oynadım. -Səhv etmirəmsə, məhz həmin illərdə ANS tv-də təqdim olunan “Yeriniz məlum” proqramıyla efirdə görünməyə başladınız. Əslində hər zaman efirdəydiniz, ancaq bu proqram sizi bir aktyor-aparıcı kimi fərqli olaraq tamaşçılara sevdirdi... -Bəlkə də ona görə ki, “Yeriniz məlum” proqramı tamaşaçılar üçün bir dəyişiklik, bir yenilik və yenilik qarışıq əyləncə təqdim edirdi. Təsəsvvür edin ki, saat 17.00-18.00 arası təqdim olunan proqram böyükdən-kiçiyə hamının marağına səbəb olmuşdu. Xalq artistindən tutmuş sıravi insanlarımıza qədər hamını proqrama dəvət edirdim, bir sözlə, proqramın rəngarəng alınması üçün maraqlı bir aura yaratmışdıq. Təsəsvvür edin ki, az qala hamını dəvət etmişəm, bircə Hacıbaba Bağırov proqramda iştirak etməyib. Günlərin birində ona zəng edərək proqrama dəvət etdim. Məni diqqətlə dinlədi və dedi: “Çingiz bir şərtlə proqramında iştirak edəcəyəm, sən teatra-ata ocağına dönəcəksən”. Doğrusu etiraz edərək dedim ki, vaxt məhdudiyyəti var, işləri çatdıra bilmərəm və s. Dedi ki: “Sənin üçün bütün şərtləri qəbul edirəm və bütün rollarımı sənə verəcəyəm”. Doğrudan da rəhmətlik hələ sağlığında Rəşad Nuri Güntəkinin “Bir günlük siğə”, Anarın “Adamın adamı” əsərlərindəki oynadığı rolları mənə həvalə etdi. Həmin tamaşalarda dəfələrlə səhnəyə çıxdım və tamaşaçı tərəfindən böyük maraqla qarşılandım. Sən demə, Hacıbaba müəllim xəbərim olmadan hər zaman ifamı izləyirmiş və günlərində birində məni ürəkdən təbrik edərək dedi ki, rollarım sənə halaldır, artıq mən bir kənara çəkilirəm və rollarımı sən oynayacaqsan. Rəhmətlik özündən sonra məni görürdü səhnədə, hazırda onun bütün rollarında oynayaraq özümü doğrultmağa çalışıram. -Hacıbaba Bağırovun oynadığı maraqlı tamaşalardan biri də “Bankir adaxlı” idi. Şəxsən mən şahid olmuşam ki, “Bankir adaxlı”, mövzu baxımından sadəcə günün nəbzini tutduğuna görə deyil, eyni zamanda Hacıbaba Bağırov və Afaq Bəşirqızı cütlüyünün güclü tərəfmüqabil işi sayəsində böyük uğur qazandı. -Hər iki aktyorun oyunu çox yüksək səviyyədə idi və digər aktyorların da zəhmətini inkar etmək olmaz. Onların hər biri oynadığı rolla tamaşaya yeni bir rəng qatmışdı. -Hacıbaba Bağırovdan sonra bu tamaşanı bərpa etmək və yenidən uğur qazandırmaq, bir sözlə, bu barədə yəqin ki, düşünmək belə mümkün olmazdı. Ancaq Çingiz Əhmədovun adını eşidincə bəlkə hamı bir ağızdan-ALINACAQ- dedi... -Deməli məni öz yerində görməsi bir təsadüf deyildi. “Bankir adaxlı” yenidən səhnədə nümayiş olununca yenidən tamaşaçıların marağına səbəb oldu. Doğrudur, aktyor heyətində məlum səbəblərdən bir qədər dəyişiklik oldu, ancaq hər birimiz ürəkdən çalışaraq tamaşanın ruhunu qoruduq, sanki bu tamaşada bütün yaradıcı heyət səfərbərliyə alındı, biz sadəcə səhnəni gördük, hiss etdik və bir vaxt hiss etdik ki, tamaşçı alqışına qərq olmuşuq. Etiraf edim ki, teatrda artıq yeni nəsil var və onlar istedadlıdır, gənclərlə görülən və görüləcək işlər çoxdur. Bu bir daha sübut edir ki, teatr hər zaman istedadlıların sayəsində inkişaf edəcək. -Sizin yeni gələn nəsil aktyorlarla tərəfmüqabil işiniz çox gözəl alınır. Hiss olunur ki, Çingiz Əhmədov ustadlardan gördüyü sənət tərbiyəsini özündən sonrakılara da öyrədir. Onları öz səviyyənizə yüksəldirsiniz və bu çox önəmli bir məqamdır. -Haqlısınız və o anı hiss etdiyiniz üçün minnətdaram. Hər gələn nəsil davamçı rolunu oynayır ki, bizlər də buni diqqətimizdə saxlamalıyıq. -Sizin səhnəyə sadəcə kiçik bir rolda gəlməniz kifayətdir ki, tamaşa salonu canlansın. “Şirbalanın məhəbbəti” tamaşasında Şirbalanın toy səhnəsidə sadəcə bir dəfə görünürsünüz-əl çalaraq bəylə-gəlinin sevincinə şərik olduğunuzu nümayiş etdirisiniz. -Demək həmin səhnəni xatırlayanlar var... -Xatırlamaq da nədir, siz həmi səhnədə olan görünüşünüzlə sanki tamaşanı canlandırısınız. Yəni, epizod rolu baş rol səviyyəsində oynamağı bacaran aktyorlardansınız... -Rəhmətlik Fazil Salayev əksər filmlərdə oynadığı kiçik rollarla yaddaşımıza həkk olunub, bir dəfə görünməklə tamaşaçının beynində, ürəyində yer tuturdu. Doğrudan da ustad idi... -Eləcə də Məmmədsadıq Nuriyev az sözlə çox fikri ifadə edən akyorlarımızdan olub. Təsəsvvür edin ki, oğul Yaşar Nuriyev bir başqa istedad, ata Məmmədsadıq Nuriyev bir başqa. Hətta Nəsibə Zeynalova ilə Cahangir Novruzov haqqında da eyni fikri söyləmək olar. Hər ikisi zirvəyə yüksəldi və fərqli yollarda addımladılar. -Haqlısınız, hətta mən deyərdim ki, əgər Cahangir Novruzov ölkədən getməsəydi yenə də böyük işlər görə bilərdi. Bildiyiniz kimi uzun illərdir qardaş Türkiyədə pedaqoq olaraq çalışır və hazırda onun tələbələrinin səsi dünya ölkələrindən gəlir. -Qeyd etdiyimiz kimi ustadların əhatəsində olmusunuz, eyni səhnəni paylaşmısınız. Onlardan ən çox öyrəndiyiniz nə idi? -Bilirsinizmi onların hər biri böyük məktəb idi. Xüsusilə Əliağa Ağayevin adını çəkmək istərdim, çünki onun məktəbini görmüşəm. Böyüklə böyük, kiçiklə kiçiklik edən, istedadlılara dəstək verən, tanımadıqlarına kömək edən sənətkarlarımızdan idi. O dövrdə iş məsuliyyəti çox güclü idi və sənətkarlarımız da çox böyük məsuliyyət nümayiş etdirirdilər. Onların hər birindən öyrəndiklərimi olduğu kimi davam etdirirəm. Çünki yaradıcı iş yüksək həssaslıqla yanaşı, məsuliyyəti sevir. Məsuliyyət olan yerdə də görülən iş mütləq uğur qazanacaq. Aktyorluq müqəddəs peşədir, kimləri görmədik bu sənətdə, zirvə dediyimiz o yüksəklikdə...Bu sənət bitib tükənməz, əksinə daima inkişaf edəcək, daima yetişdirəcək.xeber100.com

Oktyabr 28, 2016 3:26