Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə…

1 oktyabr - Dünya Görmə Günü hər il oktyabrın ikinci cümə axşamı qeyd edilir. Bu tarix Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilib. Həmin gün kor, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.Azərtac xəbər verir ki, xroniki korluğa səbəb olan problemlər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığıdır. Statistikalara əsasən dünyada gözlə bağlı yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi səbəb olur.Dünya Görmə Gününə həsr olunan tədbirlərdə həmin problemlə əlaqədar olan müxtəlif təşkilatlar iştirak edir. Həmin günün qeyd olunması Dünya Səhiyyə Təşkilatı və korluğun profilaktikası üzrə “Baxış 2020: görmə haqqı” beynəlxalq təşkilatı üçün də əhəmiyyətli hadisədir.Korluğun profilaktikası üzrə beynəlxalq agentliyin məlumatına görə, dünyada təxminən 300 milyon insan görmə problemləri ilə üzləşir ki, onların da 40 milyonu ümumiyyətlə görmür. Bundan əlavə bildirilib ki, dünyaya gələn körpələrin 217 milyonunda ağır görmə,19 milyondan çoxunda isə ümumi gözlə bağlı zəiflik müşahidə olunub. Yaşı 50-ni ötmüş əhalinin 65 faizi gözlə bağlı bir sıra patoloji hallarla rastlaşır. Görmə pozuntuları ilə üzləşənlərin 65 faizi 50 və daha yuxarı yaşda olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə 80 faiz halda korluğun qarşısını almaq mümkündür.Dünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.Bununla yanaşı göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür.xeber100.com

Oktyabr 11, 2018 2:11

Bu gün Beynəlxalq Oftalmologiya Günüdür

8 avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.Azərtac xəbər verir ki, Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsini yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.Artıq on dörd ildir ki, qeyd edilən bu gün təbabətin bu sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi aparmaq üçün də istifadə edilir. Həmin günün təsis olunması xəstələrə yüksəkixtisaslı həkimlərin qəbuluna düşmək və keyfiyyətli müalicə almaq imkanı da yaradır.Beynəlxalq Oftalmologiya Günündə diqqət oftalmologiyanın problemlərinə, əhalinin görmə ilə bağlı şikayətlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir.Avqustun 8-də dünyanın bir çox ölkələrində oftalmoloqlar pulsuz müayinələr və əməliyyatlar həyata keçirirlər.Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə 180 milyona yaxın insan görmə funksiyasının pozulmasından əziyyət çəkir. Xüsusi olaraq qeyd olunur ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.Azərbaycanda gənc oftalmoloqların hazırlanması və oftalmologiyanın inkişafına Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir.xeber100.com

Avqust 8, 2018 10:29

Bu gün Ümumdünya Qan Donoru Günüdür

14 iyun - Ümumdünya Qan Donoru Günüdür (World Blood Donor Day).2005-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasında dünyanın müxtəlif ölkələrinin səhiyyə nazirləri könüllü qan donorluğuna dəstək məqsədilə bəyanat qəbul ediblər. Qəbul olunan bəyanata əsasən hər il iyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Bu tarix avstriyalı həkim-immunoloq, qan qruplarını kəşf edən, Nobel mükafatı laureatı Karl Landşteynin doğum günü şərəfinə təsis edilib.Azərtac xəbər verir ki, hər il bir şüar altında keçirilən günün builki mövzusu “Başqaları haqqında düşün. Qan ver. Həyatını paylaş”dır.Bu xüsusi gün təmənnasız donor olan insanlara həsr edilir. Günün keçirilməsində əsas məqsəd təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac haqqında cəmiyyəti maarifləndirmək, eləcə də könüllü qan donorlarına təşəkkür etməkdir. Belə ki, dünyada hər saniyə qan donorlarına ehtiyac duyulur. Qanköçürmə hər il milyonlarla insanı həyatına qaytarmağa kömək edir. Əhali sayı çox olan ölkələrdə qan donorluğuna daha çox ehtiyac var.Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.Qan donorluğu altruizm, hörmət, xeyirxahlıq və başqasını hiss etmək kimi insani dəyərləri özündə birləşdirir.14 iyun tarixi ilə əlaqədar keçirilən tədbirlərdə BMT-nin 193 dövləti, Qırmızı Xaç və Qızıl Aypara təşkilatlarının 181 milli cəmiyyəti, 50 könüllü donor təşkilatı iştirak edir.xeber100.com

İyun 14, 2018 2:13

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

Qida rasionunun bir hissəsini süd məhsulları təşkil edir. Həkim və diyetoloqlar həmin məhsulların faydalı olduğunu bildirirlər. Xüsusilə uşaqların qida rasionunda süd məhsullarının olması onların sağlam böyüməsi üçün nəzərdə tutulan vacib şərtlərdən biridir.Azərtac xəbər verir ki, bütün bunlarla yanaşı, süd məhsullarından istifadə zamanı bəzi məsələlərə fikir vermək lazımdır.Süd məhsullarından sayılan pendirin emalı düzgün aparılmadıqda, o, orqanizmdə bruselyoz xəstəliyinin yaranmasına səbəb olur. Bruselyoz xəstəliyi ilk olaraq iki min il əvvəl Romada qeydə alınıb. Xəstəliyin əlamətləri yüksək hərarət, oynaq ağrıları və ürəkbulanma ilə müşayiət olunur.Dövlət Baytarlıq Nəzarəti Xidmətinin həkimi Tahir Abdullayevin dediyinə görə, pendir alarkən və ondan istifadə edərkən mütləq məhsulun duzluluğuna fikir vermək lazımdır. Belə ki, duzsuz pendirin yetişməmiş olması bruselyoz yarada bilər: “ Bruselyoz xəstəliyi əsasən oynaqlarda güclü ağrılara səbəb olur və tam müalicə edilmir. Ona görə də duzlu pendirlərdən istifadə olunması məsləhət görülür”.Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri də xəbərdarlıq edirlər ki, ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınır. Həmin pendirlərlə qidalandıqda bruselyoza tutulmaq ehtimalı çox aşağı olur. Bruselyoz xəstəliyinə süd və süd məhsulları ilə yanaşı, baytarlıq nəzarətindən keçməmiş iri və xırda buynuzlu heyvanların tam bişirilməyən ətindən də yoluxmaq mümkündür. Bu səbəbdən heyvanların daxili orqanlarını alarkən baytarlıq müəssisəsinin sağlamlıq haqqında sertifikatını tələb etmək mütləqdir.xeber100.com

İyun 11, 2018 12:58

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

Dünya Səhiyyə Təşkilatı (DST) psixi pozulma hallarının müalicəsinə vəsait əsirgəməməyə çağırır. Dünyada hər on insandan birinin psixi yardıma ehtiyacı var, amma bu yardım hər kəsə nəsib olmur. Yoxsul ölkələrdə bu sahədə mütəxəssislər çatışmır. Azərtac DST-nin saytına istinadla xəbər verir ki, bu barədə məlumat DST-nin yeni psixi sağlamlığın qorunması atlasında yer alıb. Atlasda dünyanın 177 ölkəsindən daxil olan informasiya təqdim edilib.DST-dən bildiriblər ki, bir sıra ölkələr psixi və nevroloji pozulmaların profilaktikası və müalicəsində nəzərəçarpacaq inkişafa nail olublar. Ancaq bir çox ölkələrdə mütəxəssislər və ixtisaslaşdırılmış müəssisələr əməlli-başlı çatışmır. Gəlir səviyyəsi aşağı olan bəzi ölkələrdə hər 100 min sakinin payına iki psixiatr düşdüyü halda, varlı ölkələrdə həmin rəqəm 70-ə bərabərdir.Bununla belə, bəzi ölkələrdə psixi sağlamlıq sahəsində milli siyasət insan haqlarının müdafiəsi sahəsində əsas beynəlxalq konvensiyalara əsaslanmır. İnsanlar çox vaxt yerlərdə kömək ala bilmədikləri üçün iri psixiatriya xəstəxanalarına müraciət edirlər. Əslində ixtisaslaşdırılmış psixiatriya müalicəxanalarında çarpayıların sayı ümumi profilli xəstəxanaların psixiatriya bölmələrindəkindən altı dəfə çoxdur.DST ekspertləri bütün ölkələri depressiya, şizofreniya və epilepsiya, habelə digər psixi pozulmalardan əziyyət çəkən insanları lazımi qulluq, psixososial dəstək və dərman müalicəsi ilə təmin etməyə çağırır.DST-nin psixi sağlamlıq departamentinin direktoru Şexan Saksena deyib: “Atlasda təqdim olunan sonuncu araşdırmalar təsdiq edir ki, hazırda psixi sağlamlığın qorunmasına ayrılan vəsait yetərli deyildir”. O xəbərdarlıq edib ki, bu sahədəki proqramlara ayrılan maliyyə vəsaiti təcili surətdə artırılmasa, bəşəriyyət daha əvvəl görünməmiş problemlərlə, o cümlədən sosial və iqtisadi problemlərlə üzləşəcək.Yoxsul və ortabab ölkələr büdcədən psixi sağlamlığa adambaşına təqribən 1 dollar, varlı ölkələr 80 dollar ayırırlar. Ekspertlər əmindirlər ki, psixi xəstəliklərin, o cümlədən depressiya və stressin müalicəsinə yönəldilən hər bir dollar dörd dollar gəlir gətirəcək, çünki insanlar sağlam olduqları üçün işləyə biləcəklər.DST-nin məlumatına görə, hər il təqribən 800 min adam intihar edir. Varlı ölkələrin yalnız üçdəbir hissəsi, yoxsul ölkələrin isə 10 faizi intihar hallarının qarşısının alınmasına dair strategiya işləyib hazırlayıb.xeber100.com  

İyun 7, 2018 3:07